1990-cı ilin Yanvarının qara gəlişi

 

Tarixin qan yaddaşı 20 yanvar faciəsindən 23 il keçir

 

Azərbaycan paytaxtının 23 il əvvəlki mənzərəsi belə idi. 1990-cı ilin qanlı 20 Yanvar faciəsi hələ baş verməmişdi. Amma şəhərin siması dəyişmişdi, o, özünə bənzəmirdiE

Tanklar, toplar yerimişdi Bakıya. "Boz" sifətli, soyuq baxışlı əsgərlər peyda olmuşdu şəhərdə. Nə üçün gəlmişdi onlar, kimlər tərəfindən göndərilmişdilər? Fikirlərindəki-xəyallarındakı nə idi? Bu hazırlığın, bu "səfərbərliyin" arxasında nələr gizlənirdi?

Sanki şəhərdə hava da tutqunlaşmışdı. Hər kəsin qəlbində narahat duyğular dolaşırdı, bu mənzərələr heç kəsin ürəyini açmırdı. Bununla belə, Bakı sakinləri vahiməli hərbi texnikanın yanından sakitliklə keçir, hətta uşaqlarının əlindən tutub təlaşsız addımlayırdılar. Tankların lüləsinə Azərbaycan torpağının bitirdiyi çiçəklərdən dəstə düzəldib qoyurdular. Bu, nəcibdən nəcib hərəkət, incədən incə bir mesaj idi. O demək idi ki, biz bu lülələrdən od-alov saçmasını istəmirik. Biz bu zəhmli maşınları idarə edənlərdən xəyanət gözləmirik. Qəlbimizdəki istək sülhdür, azadlıqdır, anlaşmadır. ..

Nə yazıqlar ki, göndərilənlər başqa tapşırıqlar almışdılar: Azərbaycan xalqının azadlıq istəyini boğmaq, günahsız insanları qanına qəltan edib camaatın gözünü qorxutmaq, vəhşilik, düşmənçilik törətmək...

Odur ki, bir neçə gündən sonra əliyalın əhaliyə silah açılacaq, vəhşiləşmiş ordunun tankları şığıyıb cavanı, qocanı, qadını, uşağı tırtılları altında qoyacaq, Bakının küçələrində günahsız insanların qanı sel kimi axıdılacaqdı.

Başqa sözlə, 20 Yanvar faciəsinin ərəfəsi idi. Və hələ heç kəs bilmirdi ki, tezliklə Azərbaycan xalqının çoxəsrlik tarixinə hüzn, faciə, eyni zamanda qürur və qəhrəmanlıq dolu bir gün yazılacaq.

 

 

Azərbaycan.-2013.- 15 yanvar.- S.6.