Antiazərbaycançı şəbəkənin
sifarişini yerinə yetirənlər məkrli kampaniya
aparırlar
Dövlət müstəqilliyinin bərpasından ötən müddətdə Azərbaycan bir çox keçmiş sovet respublikalarından fərqli olaraq böyük uğurlara nail olub. İstər siyasi, istər iqtisadi, istər mədəni sahələrdə qazandığı nailiyyətlərlə Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə öz adını layiqincə yazdığını nümayiş etdirib. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, dövrün tələblərinə uyğun olaraq məzmun və keyfiyyətcə daha da zənginləşdirilməsi Azərbaycanın dinamik inkişafını təmin edib. Bunun nəticəsi olaraq insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Dövlət bütün təbəqələrdən olan insanların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün lazımi addımları atır.
Bütün bunlar, o cümlədən regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanı regionun lider dövlətinə çevirib. 2012-ci ilin siyasi-iqtisadi mənzərəsi bir daha respublikamızın gücünü, imkanlarını və nüfuzunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın beynəlxalq imicini artıran mühüm hadisələr müstəqillik tariximizə yazıldı. Biz hamımız fəxr etməliyik ki, sürətlə inkişaf edən, hər baxımdan, - istər sosial-iqtisadi olsun, istərsə də hərbi və s. - regionun lider dövlətinə çevrilən, ədalətli sosial cəmyyətin qurulduğu bir ölkədə yaşayırıq.
Uğurlarımızın sayı daha çox olacaq və Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək. Lakin son illərdə qəribə bir tendensiya daha çox müşahidə edilməkdədir. Azərbaycanın uğurları artdıqca, inkişafı sürətləndikcə bəzi beynəlxalq təşkilatlarda və media qurumlarında ölkəmizə münasibətdə qərəzli informasiyaların sayı artır. Təbii ki, ölkə inkişaf etdikcə daha da güclənir. Şübhəsiz ki, gücləndikcə apardığı siyasətin müstəqillik dərəcəsi də artır. Belə olan halda bir sıra təşkilatların, dövlətlərin, ayrı-ayrı maliyyə-iqtisadi və siyasi qurumların ölkəyə təzyiq imkanları da məhdudlaşır. Ona görə də onlar müxtəlif üsul və vasitələrdən, o cümlədən medianın imkanlarından istifadə edərək ölkəmizə qərəzli münasibət nümayiş etdirirlər.
Bu mənada biz öz dövlətimizin və xalqımızın uğurları ilə nə qədər fəxr etsək, bir məsələni də unutmamalıyıq ki, Azərbaycanın yüksəlişini görmək istəməyənlər də mövcuddur və onlar ölkəmizə qarşı məkrli niyyətlərini həyata keçirmək üçün daim fürsət axtarırlar. Azərbaycan inkişaf etdikcə, nüfuzu yüksəldikcə, beynəlxalq mövqelərini gücləndirdikcə uğurlarımıza qənim kəsilənlər də ortaya çıxır, hər vəchlə ölkəmizə, xalqımıza qara yaxmağa çalışırlar. Belə sifarişlərin bir ünvanının xarici ölkələrdəki erməni lobbisinin olması hər kəsə məlumdur. Eyni zamanda erməni mövqeyində dayanan, ölkəmizin yüksəlişini həzm edə bilməyən bir sıra dairələr son dövrlərdə daha da fəallaşaraq Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar.
Bir məsələni də təəssüflə qeyd etməliyik ki, bəzi hallarda öz içimizdən də antiazərbaycançı şəbəkənin sifarişlərini yerinə yetirənlər tapılır. Xarici təşkilatların Azərbaycanla bağlı qərəzli hesabatlarını riyakarcasına təbliğ edən belələri reallığı məqsədyönlü şəkildə görmək istəmir, antiazərbaycançı şəbəkənin sifarişi ilə ölkəmizə qarşı məkrli kampaniya aparırlar.
Azərbaycanda dağıdıcı müxalifətin antiazərbaycançı şəbəkənin "beşinci kolon"una çevrilməsi çoxdan məlumdur. Onların atdığı hər bir addım, bütövlükdə "siyasi fəaliyyətləri" mütləq "sifarişçilərlə razılaşdırılır". Yoxsa qrantlar gəlməz. Bunlarla yanaşı, meydana yeni qüvvə kimi çıxdığını iddia edən, əslində ortaya heç bir yenilik qoymaq təfəkküründə olmayan "Ziyalılar forumu" adlanan qondarma qurum da öz fəaliyyətini məhz antiazərbaycançı şəbəkə ilə koordinasiya edərək həyata keçirir.
Bir məsələni də xüsusi qeyd edək ki, bu qurum indiyədək dövlətimizin qarşılaşdığı heç bir problemi müzakirə etməyib. Orada təmsil olunanlar Azərbaycanın bir müstəqil respublika kimi son dövrlərdə qazandığı nailiyyətlərə münasibət bildirməyiblər. Digər tərəfdən burada təmsil olunanlar Azərbaycanın əsl ziyalı elitasını əhatə etmir. Ad almaq və təltif olunmaq isə hələ ziyalı olmağa dəlalət etmir. Bu forumda əsasən öz siyasi əqidəsizliyi ilə seçilənlər, Azərbaycan hakimiyyətindən məhz şəxsi mənafeləri ucbatından incik düşənlər, növbəti dəfə deputat seçilməyənlər çoxluq təşkil edirlər. Bu zaman hansı ziyalılıqdan söhbət gedə bilər. Məhz belələri bu qurumu hakimiyyət uğrunda yeni mübarizə formatı kimi qələmə verərək, hətta antiazərbaycançı şəbəkədən də yardım almaq niyyətlərini gizlətmirlər. Bu isə ziyalılıq meyarı ilə bir araya qətiyyən sığmır. Bütövlükdə, ümumiləşdirsək görərik ki, "Ziyalılar forumu" adlanan qurumun fəaliyyəti əslində əsl ziyalı təfəkkürü və dünyagörüşü ilə qətiyyən üst-üstə düşmür.
Bu il Azərbaycanda
prezident seçkiləri
keçiriləcək. Seçki kampaniyasına
hələ bir neçə ay qalsa da, bu "reneqatlar"
artıq indidən vurnuxurlar. Onlar aldıqları təlimatlar
əsasında "siyasi
proqnozlar" irəli
sürməyə başlayıblar.
Naşı olmağı
bir yana,
belə dayaz "siyasi uzaqgörənliklə"
ictimai rəyə təsir edəcəklərini
düşünürlər. Lakin yanılırlar. Çünki bu gün hər
kəs çox gözəl bilir ki, bu ziyalılar
forumunda təmsil olunanların dərdi nədir? Biri vəzifədən qovulub, digəri qanunsuz biznesini itirib. Rüstəm İbrahimbəyov, Eldar Namazov və
digərləri "reneqat"
olduqlarının fərqindədirlərmi?
Xalq isə belələrinin həm də antiazərbaycançı şəbəkənin
sifarişini yerinə
yetirdiyini yaxşı
bilir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 15 yanvar.- S.6.