Misir jurnalı: «Bakı tolerantlıq və günəş şəhəridir»

 

Misirin nüfuzlu "Əl-Əhram Əl-Arabi" həftəlik jurnalında "Bakı tolerantlıq və günəş şəhəridir" sərlövhəli məqalə dərc edilmişdir.

Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, məqalənin müəllifi ötən il dekabrın 19-dan 21-dək Bakıda keçirilmiş "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda Birinci Beynəlxalq Bakı Forumunda iştirak etmiş "Əl-Əhram" qəzetinin baş redaktorunun müavini Süzi Əl-Qineydi məqaləsini bu sətirlərlə başlamışdır: "Hazırda Misir şahidi olduğu çətin tarixi mərhələdə xalq arasında birlikdən və ölkənin parçalanmadan qorunmasından ötrü tolerantlığın dəyərini qəbuletmə prinsipini üstün tutmağa ehtiyac duyur. Azərbaycan kimi ölkədən yaxşı örnək götürə bilərik. Azərbaycan xalqı 1990-cı illərdə daxili parçalanmalarla dolu ağır mərhələni uğurla qət etməyə müvəffəq olmuşdur. Eyni zamanda, həmin mərhələdə Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistanın separatçı rejimi Dağlıq Qarabağ regionunun müstəqilliyini elan etmişdir. Buna baxmayaraq, bu müstəqillik heç bir dövlət tərəfindən tanınmamış və həmin region beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi hesab olunur. Bu regionun erməni silahlı qüvvələri tərəfindən işğalı hələ də davam edir. Bütün bunlara rəğmən, Azərbaycan dini və irqi tolerantlığın nümunəsi olmağı bacarmışdır".

S.Əl-Qineydi Bakıda səfərdə olduğu müddətdə gördüklərindən yazaraq paytaxtımızda tolerantlıq dəyərinin hətta binaların üzərində əksini tapdığını diqqətə çatdırmışdır. O, Bakıda aparılan tikinti işlərində istifadə edilən gözəl memarlıq üslubunun, eləcə də müasir işıqlandırmanın, yolların və nadir göydələnlərin insanda sanki Parisdən gözəl bir şəhərdə olması ilə bağlı təəssürat yaratdığını vurğulamışdır.

Azərbaycanın müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini və dünyada tolerant ölkə kimi tanındığını qeyd edən müəllif Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun "Əl-Əhram Əl-Arabi" jurnalına dediklərinə istinad edərək "tolerantlıq dəyəri dünyada nadir tapıntıya çevrilmişdir. Bu tapıntını neftdən, qazdan da daha bahalı görürük. Ona görə ki, tolerantlıq nadir bir məsələdir. Hələ XVI əsrdə ölkəmizə ərzaq malları ilə gələn atəşpərəst Hindistan tacirləri üçün məbəd tikilmişdir. Bizdə bütün dinlərin nümayəndələri üçün ibadət evləri mövcuddur. Şərqdə ilk demokratik respublika məhz 1918-ci ildə Azərbaycanda yaradılmışdır. Bir çox ölkədən və ABŞ-dan əvvəl 1919-cu ildə Azərbaycanda qadına siyasi hüquqlar verilmişdir. Lakin 1920-ci ildə bolşeviklər ölkəmizi işğal etmişlər. Biz İslamın mənəvi dərk edilmə üzərində qurulan dünyəvi ölkə modeliyik".

Məqaləsində Misir-Azərbaycan münasibətlərinə də toxunan S.Əl-Qineydi bu əlaqələrin qədim köklərinin olduğunu vurğulayaraq Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevə istinadla ölkələrimiz arasında əməkdaşlığın neft sahəsində investisiya layihələri üzərində qurulduğunu, lakin Misirdə baş vermiş inqilab nəticəsində yaranmış iqtisadi və təhlükəsizlik problemlərinin həmin layihələrin gerçəkləşdirilməsinə əngəllər törətdiyini, amma son zamanlarda həmin sahədə əməkdaşlığın aparıldığını qeyd etmişdir. Həmçinin Misirdə baş vermiş məlum hadisələr səbəbindən təxirə salınmış müştərək komissiyanın növbəti iclasının cari ildə keçiriləcəyi və Azərbaycan tərəfinin Misirlə bütün sahələrdə əməkdaşlıq etmək niyyətində olduğu bildirilmişdir.

Sonda Bakı-Qahirə və Bakı-Şarm-əş-Şeyx reyslərinin açılmasına marağın olduğu diqqətə çatdırılmış, Azərbaycan turistlərinin Misirə gəlmək arzusunda olduğu qeyd edilmişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

 

Azərbaycan.-2013.- 15 yanvar.- S.7.