Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin sosial iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilmişdir.
Dövlət
başçısı iclası giriş nitqi ilə
açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Biz Nazirlər Kabinetinin
bugünkü toplantısında 2012-ci ilin yekunlarını
müzakirə və eyni zamanda, 2013-cü ildə
qarşıda duran vəzifələri təhlil edəcəyik.
Buna böyük ehtiyac vardır.
Çünki Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya
bilmişdir və bu il görüləcək işlər əminəm
ki, ölkəmizi daha da böyük nailiyyətlərə gətirib
çıxaracaqdır. Çünki 2003-cü ildə müəyyən
edilmiş 10 illik inkişaf planımız bu il
başa çatır. 2004-cü ilin əvvəlində
regional inkişaf proqramı qəbul edilmişdir və bu il bu proqramın ikinci mərhələsi
başa çatacaqdır. Əminəm ki,
proqramda müəyyən edilmiş bütün vəzifələr
bu ilin sonuna qədər təmin ediləcəkdir.
Bütövlükdə
ötən il ölkə iqtisadiyyatı
üçün çox uğurlu il olmuşdur. Bu da təsadüfi deyil. Çünki
keçən ilin uğurları bundan əvvəlki dövrdə
müəyyən edilmişdir. Bizim
düşünülmüş iqtisadi siyasətimiz artıq
öz gözəl nəticələrini verməkdədir və
dinamika müsbətdir, inkişaf çox sevindiricidir. Beləliklə, 2012-ci ilin yekunları ilə
bağlı, əslində, ilin əvvəlində də bizim
heç bir şübhəmiz yox idi. Mən keçən
ilin əvvəlində qeyd etmişdim ki, əminəm, 2012-ci il də uğurlu olacaqdır. Belə
də oldu. Bütün iqtisadi göstəricilər
yüksək səviyyədədir. Ümumi daxili məhsul
2,2 faiz artmışdır. Bu,
əslində, inkişaf etmiş ölkələr, xüsusilə
böhranlı illər üçün çox yüksək
göstəricidir. Əlbəttə, templərimiz
əvvəlki illərdə daha da yüksək olduğuna
görə bizim üçün bu, o qədər də qəbuledilən
deyildir. Ancaq nəzərə alsaq ki, keçən il
neft hasilatında azalma olmuşdur və sənaye istehsalı,
ümumiyyətlə, 2,3 faiz
azalmışdır, ümumi daxili məhsulun 2,2 faiz səviyyəsində
artımı çox müsbət göstəricidir.
Ən sevindirici məsələ ondan ibarətdir ki, biz
bu artımı qeyri-neft sektorunun hesabına
qazanmışıq. Qeyri-neft sektorumuz keçən il 9,7
faiz artmışdır. Beləliklə, biz ölkə
iqtisadiyyatını şaxələndirməklə
bağlı bir neçə il bundan əvvəl
qarşıya qoyulmuş vəzifəyə artıq nail ola
bilmişik.
Qeyri-neft sənayemiz də artır. Bu da son illər
ərzində sənayeləşmə siyasətinin
düzgün istiqamətdə aparılmasının təzahürüdür.
Qeyri-neft sənayemiz təxminən 8 faiz
artmışdır. Kənd təsərrüfatı
təxminən 6 faiz artmışdır. Makroiqtisadi
vəziyyət çox müsbətdir. İnflyasiya cəmi
1,1 faiz səviyyəsindədir ki, bu, son
illərdə ən aşağı səviyyədir. Əhalinin
pul gəlirləri isə 13,8 faiz
artmışdır. Yəni inflyasiya ilə pul gəlirləri
arasında fərq 10 faizdən çoxdur. Bu da əlbəttə, hesab edirəm ki, dünya
miqyasında ən yüksək göstəricilərdən
biridir.
İnflyasiyanı aşağı səviyyədə
saxlamaq o qədər də asan məsələ deyil. Nəzərə
almalıyıq ki, keçən il
çox böyük sosial proqramlar icra edilmişdir. Onların içində sovet dövründən
qalmış əmanətlərə görə vətəndaşlara
kompensasiyanın verilməsi təşəbbüsü var idi.
Artıq dövlət tərəfindən vətəndaşlara
100 milyonlarla manat kompensasiya şəklində verilmişdir.
Bu, istər-istəməz makroiqtisadi vəziyyətə
əlavə yük olmuşdur. Bununla bərabər,
keçən il investisiya xərcləri
rekord səviyyədə olmuşdur. Rəsmi statistik məlumatlara
görə, keçən il investisiyalar 22
milyard dollardan çox olmuşdur. Bunun 13
milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara
yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili
investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya
portfelində üstünlük təşkil edir. Digər
tərəfdən, 9
milyard dollara yaxın xarici sərmayənin
qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar
üçün çox etibarlı tərəfdaşdır,
çox cəlbedici ölkədir. Ölkəmizdə
aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya
iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın
xarici sərmayənin qoyulmasına gətirib
çıxarmışdır. Əlbəttə, bu məsələdə
beynəlxalq kredit agentliklərinin reytinqləri də az rol oynamır. Çünki dünyanın
aparıcı kredit reytinq agentlikləri keçən il Azərbaycanın kredit reytinqlərini
artırmışlar. Bu da, deyə bilərəm
ki, müasir dünya üçün çox nadir bir məsələdir.
Çünki inkişaf etmiş ölkələrin
bəzilərinin reytinqləri aşağı salınır,
Azərbaycanın kredit reytinqləri isə yuxarı
qaldırılır və bu da aparılmış iqtisadi
islahatların nəticəsidir.
İqtisadiyyatımız, ümumiyyətlə, digər
mötəbər beynəlxalq qurumlar tərəfindən
yüksək qiymətləndirilir. Dünya
Bankının hesabatlarında biznesin aparılması
üçün Azərbaycan yüksək yerlərdədir.
Ümumdünya Davos İqtisadi Forumunun
hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə
görə 46-cı yerdədir, MDB məkanında 1-ci yerdədir.
Bax, budur görülmüş işlərin nəticəsi
və əlbəttə, biz bu müsbət dinamikanı
gündəlik həyatda da görürük. Bizim maliyyə imkanlarımız artır. Bu ilin büdcəsi də rekord səviyyədədir,
20 milyard manata yaxın olan vəsait xərclənəcəkdir.
Keçən il biz valyuta
ehtiyatlarımızı artıra bilmişik. Baxmayaraq
ki, xərclər də kifayət qədər çox idi.
Hazırda bizim ümumi valyuta
ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir.
Bu, çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox
böyük rəqəmdir. Bəzi hallarda
valyuta ehtiyatları ölkələrin ümumi daxili məhsulu
ilə müqayisə edilir və hesab edirəm ki, biz bu
göstəriciyə görə ən qabaqcıl yerlərdəyik.
Bizdə valyuta ehtiyatları ümumi daxili məhsulun
70 faizini təşkil edir. Yəni iqtisadi sabitlik, - təbii
ki, möhkəm siyasi sabitlik üzərində qurulmuş
iqtisadi sabitlik,- infrasturktur layihələri,
sosial proqramlar və digər sahələrdəki fəaliyyətimiz
2012-ci ildə də çox gözəl nəticələrə
gətirib çıxarmışdır.
Sosial məsələlərin
həllinə gəldikdə, bir daha qeyd etmək istəyirəm
ki, keçən il uzun illər sovet
dövründən dondurulmuş vəziyyətdə
qalmış əmanətlərə kompensasiya verilməsi
proqramı başlamışdır və ilin sonunda mənə
verilən məlumata görə, artıq proqramın
böyük hissəsi icra edilmişdir. Vətəndaşlara
yüz milyonlarla manat vəsait verilmişdir və əminəm
ki, bu proqram yaxın aylarda başa çatacaqdır. Biz elə planlaşdırırdıq ki, bu
proqramı bu ilin sonuna qədər artıq başa
çatdıracağıq. Bu, çox
böyük siyasi addım idi. Azərbaycan
dövlətinin sosial siyasətinin nə qədər
düzgün olduğunu göstərir. Bir
də onu göstərir ki, bizim bütün fəaliyyətimizin
mərkəzində Azərbaycan vətəndaşı, onun
rifahı dayanır.
Keçən
il digər sosial proqramlar da icra
edilmişdir. Bu il isə bu məqsədlər
üçün əlavə vəsait nəzərdə
tutulacaq və əminəm ki, sosial siyasətimiz bu il də
çox təsirli olacaqdır. Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə
bağlı böyük işlər
görülmüşdür - yüzlərlə məktəblər,
xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər
tikilmiş və təmir edilmişdir.
Bu il də investisiya proqramında bu layihələr
nəzərdə tutulur. Keçən il məcburi
köçkünlərin vəziyyətinin
yaxşılaşdırılması üçün ən
böyük məbləğ Dövlət Neft Fondu tərəfindən
nəzərdə tutulmuşdur, 300 milyon manat vəsait
ayrılmışdır. Bu da tarixdə ən
böyük ayrılan vəsaitdir. Bu vəsaitin
hesabına 20 mindən çox məcburi köçkün
yeni mənzillərlə, evlərlə təmin edilmişdir.
Bütün bu evlər çox yüksək səviyyədə
tikilmişdir, ən yüksək standartlara cavab verir. Mən açılışların böyük əksəriyyətində
şəxsən iştirak etmişəm və
görmüşəm ki, doğrudan da, köçkünlər
üçün yaradılan şərait ən yüksək
səviyyədədir. Bu, belə də
olmalıdır. Köçkünlər
buna layiqdirlər. Bu il də Dövlət
Neft Fondunda eyni səviyyədə vəsait nəzərdə
tutulub. Bu il də ən azı 20 min
köçkün yeni evlərlə, mənzillərlə təmin
ediləcəkdir. İstisna olunmur ki, il ərzində
bu sahəyə biz əlavə vəsait də ayıra bilək.
Çünki bizim maliyyə vəziyyətimiz,
bir daha demək istəyirəm ki, yaxşıdır. Hər
il ayrılan 300 milyon manat vəsait də
çox böyük rəqəmdir və biz doğrudan da, il ərzində,
demək olar ki, bir şəhər yaradırıq.
Regional İnkişaf Proqramı da uğurla icra edilib. Qeyd etdiyim
kimi, 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram
qəbul edilmişdir. Artıq ikinci Proqram
başa çatmaq üzrədir. Qarşıya
qoyulmuş bütün vəzifələr icra edilib.
Keçən il 117 min yeni iş yeri
açılmışdır ki, onlardan 93 mini daimi iş
yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş
yeri açılmışdır ki, bu da öz növbəsində,
işsizliyin böyük dərəcədə
azaldılmasına xidmət göstərmişdir.
İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər
aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə
bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də
aşağı düşmüşdür - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş
ölkələr üçün çox gözəl
göstəricidir.
2013-cü
ildə görüləcək işlər, yeni, infrastruktur
layihələrinin, sosial proqramların icrası nəticəsində
əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək
və beləliklə, 10 il bundan əvvəl
qarşımıza qoyduğumuz vəzifə, - Azərbaycanda yoxsulluğu tamamilə aradan
götürmək vəzifəsi də artıq təmin ediləcəkdir.
2012-ci ildə Bakı və onun qəsəbələrinin
inkişafı Proqramı da uğurla icra edilmişdir,
böyük işlər görülmüşdür. Bu il bu
proqram başa çatmalıdır. Bütün
qəsəbələrdə infrastruktur layihələri icra
edilir, yollar salınır, müasir şərait
yaradılır. Bu proqramın icrası
daim nəzarət altındadır və əminəm ki, bu
ilin sonuna qədər qəsəbələrin əsas
infrastruktur və sosial problemləri öz həllini
tapacaqdır. Biz bu məsələyə
kompleks şəkildə yanaşmışıq. Proqram çox müfəssəldir, genişdir, dəqiqdir.
Hər bir məsələ orada nəzərdə
tutulur - su, qaz, işıq, yollar, məktəblər, tibb məntəqələri
və digər məsələlər. Bu
proqramın icra edilməsi nəticəsində biz qəsəbələrdə
mövcud problemlərin böyük əksəriyyətini, demək
olar ki, aradan götürəcəyik.
Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə artıq qəsəbə
sakinlərinə, iş adamlarına kreditlərin
verilməsi prosesi başlamışdır. Qəsəbələrdə
yeni iş yerlərinin açılması istiqamətində
də böyük işlər görülmüşdür.
Keçən il çoxlu sayda yeni müəssisələr
yaradılmışdır. Əlbəttə ki,
bu, işsizliyin aradan qaldırılması üçün
öz müsbət təsirini göstərir.
Keçən
il sənayeləşmə istiqamətində
çox əlamətdar bir il olmuşdur. Həm iri sənaye müəssisələrinin
yaradılması, eyni zamanda, kiçik və orta
sahibkarlığın inkişafı istiqamətində
çox böyük işlər
görülmüşdür. Sahibkarlara verilən kreditlərin
həcmi artır və bu il də
artacaqdır. Bu, real iqtisadiyyata verilən
böyük töhfədir və eyni zamanda, Azərbaycan
dövlətinin sahibkarlıqla, özəl sektorun
inkişafı ilə bağlı siyasətinin təzahürüdür.
Ərzaq təhlükəsizliyi məsələlərini
uğurla həll etmişik. Kənd təsərrüfatı
məhsullarının təxminən 6 faiz səviyyəsində
artırılması, əlbəttə ki, görülən
işlərin nəticəsidir. Biz bu barədə də
danışacağıq, 2013-cü il
üçün də konkret təkliflərimiz vardır.
2012-ci il xarici siyasətlə bağlı da çox
uğurlu olmuşdur. Biz xarici fəaliyyətimizi
genişləndirmişik. Beynəlxalq təşkilatlarda
qarşıya qoyduğumuz vəzifələrə
çatmışıq. Keçən il
Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik
Şurasına sədrlik etmişdir. Bu, tarixi
nailiyyətdir. Ümumiyyətlə, 2011-ci
ilin sonunda Təhlükəsizlik Şurasına seçilməyimiz
çox böyük tarixi hadisə və Azərbaycan dövlətinin
dünya miqyasında nüfuzunun göstəricisi idi. Biz
keçən il dünyanın bir nömrəli
qurumuna uğurla sədrlik etmişik və əlbəttə,
bizim beynəlxalq nüfuzumuz da, təsir imkanlarımız da
artıbdır. Biz, deyə bilərəm ki, keçən il dünyada özümüzü daha da
böyük dərəcədə təsdiq edə
bilmişik. Çox şadam ki, 2011-ci ildə beynəlxalq
birlik tərəfindən bizə göstərilən inam Azərbaycan
tərəfindən qorundu və hesab edirəm ki, il ərzində bu inam daha da artdı. Çünki bu mötəbər quruma, əlbəttə
ki, beynəlxalq birlik tərəfindən bizə olan inamın
nəticəsində seçilmişik. Biz il ərzində bu inamı doğrulda
bilmişik.
Azərbaycan etibarlı tərəfdaşdır,
bütün məsələlərlə bağlı öz
mövqeyinə malikdir. Bizim mövqeyimiz ədalətli və beynəlxalq
hüquq normalarına əsaslanan mövqedir. Hesab edirəm
ki, bir il ərzində BMT-də bizi dəstəkləyən
ölkələrin sayını artıra bilmişik.
Eyni
zamanda, keçən il beynəlxalq təşkilatlar
tərəfindən Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində çox vacib qərarlar qəbul
edilmişdir. Onların arasında Qoşulmama Hərəkatının
zirvə görüşündəki yekun bəyannaməni mən
xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər
ölkələri toplaşmışdır və Azərbaycan
bu təşkilata bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə
toplantısında Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına
söykənən çox ciddi qətnamə qəbul
edilmişdir. Orada da göstərilir ki, bu
münaqişə yalnız ölkələrin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Bu, hesab edirəm
ki, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, artıq başqa beynəlxalq təşkilatların
bundan əvvəlki dövrdə qəbul edilmiş qətnamələrini
daha da gücləndirir.
Eyni
zamanda, keçən il NATO-nun zirvə
görüşündə də buna oxşar qətnamə qəbul
edilmişdir. Orada da göstərilir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ölkələrin
ərazi bütövlüyü əsasında öz həllini
tapmalıdır. Qoşulmama Hərəkatı
və NATO dünyanın əksər ölkələrini birləşdirir
və beləliklə, dünya birliyinin mövqeyi birmənalıdır.
Bu mövqe ədalətli və beynəlxalq
hüquq normalarına əsaslanan mövqedir. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik.
Dağlıq Qarabağla bağlı gedən
danışıqlar Ermənistanın qeyri-konstruktiv
yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var
ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik.
Bu məsələ ancaq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. İşğal
edilmiş bütün torpaqlardan işğalçı
qüvvələr çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar, əlbəttə ki,
bizim mövqeyimizi gücləndirir. Bizim
mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən
sarsılmazdır.
Eyni zamanda, iqtisadi gücümüz, hərbi
gücümüz də yerindədir. Biz bu gücü
artırırıq. Əminəm ki, Ermənistanda
məsələyə real prizmadan yanaşan qüvvələr
açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə
bu münaqişə və bu rəqabət onlara heç də
yaxşı nəticələr vəd etmir, əksinə,
onlar getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq
təşkilatlar çərçivəsində, eyni zamanda,
bölgədə gedən proseslər mövqeyimizi gücləndirir.
Bu gün Azərbaycan iqtisadiyyatı güclü
iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz
vardır. Ermənistanın iqtisadiyyatı tənəzzülə
uğrayır. Mən bu barədə bir
neçə dəfə demişəm, bir daha demək istəyirəm
ki, bu ölkənin gələcəyi böyük sual
altındadır. Çünki onların
işğalçı siyasəti özlərini bu vəziyyətə
qoyubdur. Nə qədər ki, bu
münaqişə davam edəcəkdir, onların vəziyyəti
daha da ağırlaşacaqdır. Biz isə
öz növbəmizdə bütün imkanlardan istifadə
edib gələcəkdə də Ermənistanı
sıxışdırmalıyıq. Onları
onsuz da bütün layihələrdən təcrid etmişik.
Bu siyasət davam etdiriləcəkdir. Buna nail olmaq üçün bütün
imkanlardan istifadə edəcəyik. Biz siyasi,
diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik
və lazım gələrsə, istifadə edəcəyik.
Ordu
quruculuğuna gəldikdə isə, deyə bilərəm ki,
keçən il bu istiqamətdə də
böyük işlər görülmüşdür. Ordumuzun gücləndirilməsi üçün
böyük tədbirlər görülmüşdür,
böyük sayda texnika, silah-sursat alınmışdır,
infrastruktur yaradılmışdır. Keçən il ümumi hərbi xərclərimiz
üç milyard dollardan çox idi. Bu il büdcəmizdə
hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın
ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır.
Biz bu imkanlardan da istifadə edəcəyik.
Ordu quruculuğu işində, əlbəttə, təkcə
maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq
və nizam-intizam da öz rolunu oynayır. Həm peşəkarlıq,
həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin
bir parçasıdır. Orduda xidmət edən
vətəndaşlar cəmiyyətin üzvləridir. Hər
bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ
ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında
aşkarlanır və dövlət tərəfindən ciddi
ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki
bazasının möhkəmləndirilməsi, peşəkarlığın,
nizam-intizamın artırılması istiqamətində siyasətimizi
aparacağıq. Bu gün bizim ordumuz Cənubi
Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə
çatıbdır. Biz heç vaxt imkan
verə bilmərik ki, antimilli ünsürlər ordumuzu
qaralasınlar, ləkələsinlər, ordumuza kölgə
salsınlar. Biz buna heç vaxt imkan vermərik.
Mən də Ali Baş Komandan kimi buna heç
vaxt imkan verməyəcəyəm. Azərbaycan
xalqı da buna imkan verməyəcəkdir və ordumuza
kölgə salmaq istəyən ünsürlərə öz
layiqli cavabını verəcəkdir və verir.
Keçən
il, eyni zamanda, biz enerji sahəsində
böyük nailiyyətlərə çatmışıq. Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş yeni neft strategiyamızın icrası nəticəsində
biz enerji sahəsində dünya miqyasında çox ciddi
ölkəyə çevrilmişik. Neft-qaz
layihələrimiz, neft-qaz kəmərlərimiz bu gün Azərbaycanı,
doğrudan da, dünya miqyasında çox önəmli neft,
qaz hasil və ixrac edən ölkəyə çeviribdir.
Keçən
il də bu siyasətin davamı olaraq
çox önəmli və deyə bilərəm ki, tarixi
hadisə baş vermişdir - biz TANAP layihəsinin təməlini
qoymuşuq. Bu layihənin təşəbbüskarı
Azərbaycan olmuşdur. Ən böyük
maliyyə yükünü də biz öz üzərimizə
götürmüşük. Bununla bərabər,
bütün riskləri, bütün texniki riskləri Azərbaycan
öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən
bütün layihələrin təşəbbüskarı
olmuşuq. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin
tikintisi və bərpası layihələrinin təşəbbüskarı
olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri
layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı
məhz Azərbaycandır. Bizim bu sahədəki
liderliyimiz gözəl nəticələrə gətirib
çıxarıb. Biz nəinki ölkəmizi
inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə
də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsi üçün bizə imkan yaradır.
Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə
Azərbaycan arasında imzalanmış sənədlərdə
Azərbaycan bu sahədə çox önəmli və həlledici
tərəfdaş kimi göstərilir.
TANAP layihəsi təşəbbüsünün irəli
sürülməsi bizim çox ciddi addımımız idi. Mən
çox şadam ki, qısa müddət ərzində TANAP
layihəsi dünyada çox böyük dəstəyə
malik oldu. Dünyanın aparıcı
ölkələri birmənalı şəkildə bizim təşəbbüsümüzü
dəstəkləmişlər. Beynəlxalq
qurumlar da eyni dərəcədə mövqeyimizi dəstəkləmişlər.
TANAP layihəsi regional çərçivədə
artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş
ölkələrlə bu layihənin icra edilməsi
üçün konkret tədbirlər görürük və
2013-cü ildə əlavə tədbirlər görüləcəkdir.
Bu layihənin icrası bizim uzunmüddətli
inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
layihəsi də ulu öndər Heydər Əliyev tərəfindən
Azərbaycanı irəliyə aparan layihə kimi təqdim
edilmişdir. Bu gün biz bunun gözəl
bəhrələrini görürük. TANAP
layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın
iqtisadi və digər maraqlarını eyni dərəcədə
təmin etmək üçün çox ciddi bir vasitə
olacaqdır. Bu layihənin icrası
üçün güclü iradəmiz vardır. Bu, birinci növbədə, lazım olan məsələdir.
Eyni zamanda, texniki imkanlarımız vardır.
Əvvəlki layihələrin icrası nəticəsində
əldə edilmiş maliyyə imkanlarımız vardır.
Beynəlxalq maliyyə qurumları ilə səmərəli
əməkdaşlığımız da artır və bu,
gözəl tarixə malikdir. Bu gün
maliyyə qurumları Azərbaycana kredit vermək
üçün bəlkə də bir-biri ilə rəqabət
aparırlar. Biz bu gün istənilən həcmdə
və ən məqbul şərtlərlə kreditləri
götürürük. Əslində, indi hökumətə
göstəriş vermişəm ki, kreditlərin
sayını bir az azaldaq, çünki
çox da dövlət borcu yaranmasın. Baxmayaraq
ki, bizim dövlət borcumuz ümumi daxili məhsulun cəmi
7-8 faizini təşkil edir, bu da dünya miqyasında nadir
göstəricidir. Yəni, bizim enerji sahəsindəki
fəaliyyətimiz dinamik xarakter daşıyır. Bir daha demək istəyirəm, iqtisadi siyasətimizin
əsas mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımız
şaxələndirilsin və biz qeyri-neft sektorunun
inkişafına daha da böyük həcmdə nail olaq.
Ancaq eyni zamanda, enerji məsələlərinin
həlli həm neft, həm qaz hasilatı ilə bağlı
regional layihələrimiz gündəlik həyatda daim diqqət
altındadır.
Çox şadam ki, beynəlxalq enerji ailəsi də Azərbaycanı
müsbət tərəfdən tanıyır, bizə
etibarlı tərəfdaş kimi inanır. Eyni zamanda,
lazım gələndə biz öz ciddi
sözümüzü də deyirik. Çünki
mən hesab edirəm ki, bütün sahələrdə - siyasətdə
də, iqtisadi əməkdaşlıqda da insanlar və
dövlətlər səmimi olmalıdırlar, öz
mövqeyini bildirməlidirlər. Əgər
hər hansı bir narahatedici məqam varsa, biz onu
malalamamalıyıq, əksinə, üzə
çıxarmalı və ölçülər
götürməliyik.
Mən çox şadam ki, bir qədər əvvəl
Nazirlər Kabinetinin toplantısında neftin hasilatı ilə
bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar
tərəfindən düzgün anlaşıldı və
görülən tədbirlər nəticəsində deyə
bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. BP şirkəti ilə
aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox
şadam ki, BP ilə SOCAR arasındakı qarşılıqlı
anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr
bu gün yeni mərhələyə çıxır. Çünki gələcəkdə görüləsi
işlər çoxdur. "Şahdəniz-2"
layihəsinin icrası, neft hasilatının uzun illər bundan
sonra sabit səviyyədə saxlanması, regional layihələr,
TANAP layihəsi və digər layihələr bizim əməkdaşlığımızı
möhkəmləndirir. Bir daha demək istəyirəm
ki, biz həm yaxşı tərəfləri, həm də
narahat edən tərəfləri açıq şəkildə
müzakirə etməliyik və edirik. Əsas
məsələlər gündəlik, yəni, gərgin
işin nəticəsində öz həllini tapır. Hesab edirəm ki, bu, düzgün yanaşmadır.
Çünki biz tərəfdaşlarımızı
qiymətləndirməliyik. Əgər biz
onlardan da müsbət cavab görürüksə, əlbəttə,
bu, bizi sevindirir və əməkdaşlığın davam
etdirilməsi üçün çox gözəl şərait
yaradır.
Əlbəttə ki, mən bir çıxışda
2012-ci ildə görülmüş bütün işləri
əhatə edə bilmərəm. Ancaq
çalışdım ki, əsas məqamları bildirim.
Bu gün biz həm ötən ilin
yekunlarını müzakirə edəcəyik və eyni
zamanda, ən önəmlisi ondan ibarətdir ki, cari ilin
planları haqqında danışacağıq.
İndi isə söz verilir iqtisadi inkişaf naziri
Şahin Mustafayevə.
* * *
İqtisadi
inkişaf naziri Şahin
MUSTAFAYEV çıxış edərək dedi:
- Zati-aliləri,
möhtərəm cənab Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Əvvəlki
illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi
böhran şəraitində Azərbaycan iqtisadiyyatı
ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiya və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində
mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq
nümayiş etdirmiş, iqtisadi artımın
davamlılığı təmin edilmişdir.
Makroiqtisadi
sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş,
valyuta ehtiyatlarının səmərəli idarə edilməsi
və milli valyutanın sabitliyi təmin olunmuş,
sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş,
özəl bölmənin inkişafı üçün azad
rəqabət və münbit
investisiya mühiti yaradılmış, əhalinin sosial
rifahı daha da yaxşılaşmışdır.
2011-ci ildən
başlayaraq ötən ildə də ümumi daxili məhsulun
artımı strateji məqsədlərə uyğun olaraq,
tamamilə qeyri-neft sektorunun hesabına formalaşmış və
2,2 faiz olmuşdur. Qeyri-neft sektoru üzrə
artım 9,7 faiz təşkil etməklə,
ümumi daxili məhsulda payı artaraq 52,7 faizə
çatmışdır.
İnformasiya
və rabitə xidmətləri 15,9 faiz, nəqliyyatda
yük daşımaları 3,5 faiz, o cümlədən
qeyri-neft yükdaşımaları 7,5 faiz, pərakəndə
ticarət dövriyyəsi 9,6 faiz artmışdır.
İnflyasiya 1,1 faiz təşkil
etmişdir.
On bir ay ərzində
152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5
milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət
22,6 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2
faiz artmış, strateji valyuta ehtiyatları 46 milyard dollar
olmuşdur. Bu da xarici dövlət borcundan təxminən
10 dəfə çoxdur.
İcmal büdcənin
gəlirləri 22,1 milyard manat və ya 101
faiz, xərcləri isə 19,6
milyard manat və ya 93,9 faiz icra olunmaqla 2,4 milyard manatdan
çox profisit yaranmışdır. Dövlət büdcəsinin
gəlirləri 17,3 milyard manat və ya
101,4 faiz icra olunmuş, bu da əvvəlki illə müqayisədə
10,1 faiz çox, xərcləri isə 17,0 milyard manat və ya
96,2 faiz icra edilsə də, əvvəlki illə müqayisədə
10,4 faiz çox olmuşdur.
Ölkə
iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi
22.1 milyard ABŞ dolları olmuş, bundan 13.3 milyard daxili, 8.8
milyard isə xarici investisiya təşkil etmişdir.
Möhtərəm
cənab Prezident! Tapşırığınıza
əsasən Dövlət İnvestisiya Proqramı sosial və
infrastruktur yönümlü olmaqla, əvvəlki illərdən
fərqli olaraq ötən ilin dekabr ayında təsdiq
edilmişdir ki, bu da icraya daha tez başlamağa və işlərin
vaxtında və keyfiyyətlə başa
çatdırılmasına əlavə imkanlar
yaradacaqdır.
Xaricdə yatırılan investisiyaların
dinamikasında da müsbət irəliləyişlər əldə
olunmuşdur.
Belə ki Azərbaycanın dövlət və
özəl şirkətləri xarici ölkələrdə
neft-kimya, qaz, yol və digər layihələrdə uğurla
iştirak edir.
Cənab
Prezident, qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində
apardığınız sənayeləşmə siyasəti nəticəsində
qeyri-neft sənayesində 7,8 faiz illik
artıma nail olunmuşdur.
Ötən
il ərzində Sumqayıt Texnologiyalar Parkında ağır
maşınqayırma və dəqiq emal mərkəzləri
zavodları, Gəncədə alüminium, Naxçıvan və
Qaradağda sement zavodları, bərk məişət
tullantılarının çeşidlənməsi və
yandırılması zavodları da daxil olmaqla, 100-dək sənaye
müəssisəsinin istifadəyə verilməsi, 90-dan
artıq sənaye müəssisəsinin inşasının
davam etdirilməsi qeyri-neft sektorunun inkişafında
mühüm rol oynayır.
Növbəti illərdə də sənayeləşmə
siyasəti çərçivəsində zəruri işlər,
o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma,
gübrə zavodları və polad istehsalı kompleksinin
yaradılması davam etdiriləcəkdir.
Sizin
müvafiq sərəncamlarınıza əsasən
yaradılmasına başlanılmış Balaxanı Sənaye,
Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək
Texnologiyalar parkları müasir texnologiyalardan istifadə etməklə
rəqabət qabiliyyətli və ixrac yönümlü yeni məhsul
istehsalının artırılması, iş yerlərinin
açılması, xarici investisiyaların cəlb edilməsi
baxımından da böyük əhəmiyyət kəsb
edir. Parkların yaradılması istiqamətində
zəruri təşkilati işlər, normativ-hüquqi
bazanın hazırlanması və digər tədbirlər həyata
keçirilir.
Ölkədə
elektrik enerjisi istehsalı 6,9 faiz artmış, elektrik
verilişi xətlərinin çəkilişi davam
etdirilmiş, yaşayış məntəqələrinə
qaz xətlərinin çəkilişi və ya əsaslı
təmiri aparılmış, alternativ və bərpa olunan
enerji ilə təminat sahəsində "Azgüntex"
günəş panelləri, "Füzuli" və
"Qusar-1" su elektrik stansiyaları istifadəyə
verilmişdir.
Möhtərəm
cənab Prezident! Həm alternativ enerji mənbəyi,
həm ekoloji mühit, həm də qeyri-neft sənayesi
üçün böyük əhəmiyyət kəsb edən
bərk məişət tullantılarının
çeşidlənməsi və yandırılması
zavodları istismara verilmiş və bununla da, məişət
tullantılarının idarə olunmasının mühüm
bir mərhələsinə aid məsələlər öz
müsbət həllini tapmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində zəruri
infrastrukturun qurulması, o cümlədən nəqliyyat, qaz,
enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə,
mədəniyyət, idman və digər sosial sahələrdə
layihələr həyata keçirilmişdir. Nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə
magistral yolların, körpülərin, dəmir
yollarının, yeni metro stansiyalarının, hava və dəniz
limanlarının tikintisi davam etdirilir.
Möhtərəm
cənab Prezident! Sizin xüsusi diqqətinizdə olan kənd
yolları üzrə müvafiq sərəncamlarınıza əsasən
ötən il 18 layihə üzrə
işlərə başlanılmış və cari ildə bu
işlərin tam başa çatdırılması nəzərdə
tutulmuşdur. Bunun nəticəsində 634 kilometr kənd
yollarının və 42 körpünün təmir-tikintisi
başa çatdırılacaqdır ki, bu da respublikanın 18
rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış
məntəqəsini birləşdirir.
Bununla yanaşı, 61 şəhər və rayon mərkəzində
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihələri həyata keçirilir və cari
ildə bu layihələrdən bir neçəsinin başa
çatdırılması nəzərdə tutulur.
Cənab
Prezident, Sizin regionlara mütəmadi səfərləriniz, il ərzində
250-dək müxtəlif təyinatlı obyektlərlə
şəxsən tanış olmağınız və hər
bir rayonun inkişafı ilə bağlı qarşıda duran
spesifik vəzifələri müəyyən edərək,
verdiyiniz tapşırıq və tövsiyələr
regionların tarazlı inkişafının təmin edilməsində
müstəsna rol oynamışdır.
Bütövlükdə,
ötən il ərzində regionlarda
410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət
və ticarət müəssisəsi fəaliyyətə
başlamış, 400-dən çox müəssisənin isə
tikintisi davam etdirilir.
Ölkədə
insan kapitalının inkişafı, əhalinin keyfiyyətli
tibbi xidmətlə təmin olunması və digər sosial sahələr
üzrə işlər diqqət mərkəzində
saxlanılmış, il ərzində 268 məktəb, 62
bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət
və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir
olunmuşdur. Hazırda 420-dən çox sosial
obyektin təmir-tikintisi davam etdirilir.
Cənab
Prezident, Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının
uğurlu icrası Bakı qəsəbələrinin
inkişafını sürətləndirmiş, əhalinin həyat
səviyyəsi daha da yüksəlmişdir.
Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində
mühüm işlər görülmüş,
yaşayış binaları və istifadəyə verilmiş
sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası
yollar təmir olunmuş, rayon və qəsəbədaxili
yollara asfalt örtüyü salınmışdır. Proqram çərçivəsində
134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə,
9 mədəniyyət və idman obyektində tikinti və əsaslı
təmir işləri başa çatdırılmış,
hazırda 85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir.
Həmişə olduğu kimi, Heydər Əliyev Fondunun
təhsil, səhiyyə, mədəniyyət və digər
sosial layihələrin reallaşdırılmasında
mühüm rolu olmuşdur.
Əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramının icrası davam etdirilmiş,
hesabat dövründə kənd təsərrüfatı sahəsində
5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli
kreditlərin, vergi güzəştlərinin, subsidiyaların
verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi
və digər dövlət dəstəyi tədbirləri
davam etdirilmişdir.
Quşçuluq,
heyvandarlıq, taxılçılıq,
üzümçülük təsərrüfatları, kənd
təsərrüfatı məhsullarının istehsalı, tədarükü,
saxlanması, emalı və satışı kompleksləri,
aqroservislər yaradılmış, su təminatı və
meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq
məhsulları üzrə daxili istehsal artmış,
mövsümlə əlaqədar istehlak qiymətləri kəskin
dəyişməmiş və bu sahədə sabitliyə nail
olunmuşdur.
Cənab
Prezident, iri özəl taxılçılıq təsərrüfatlarının
yaradılması ilə bağlı
tapşırığınıza əsasən Ağcabədi
və Beyləqan rayonlarında pilot taxılçılıq
təsərrüfatı yaradılmış, bu mövsüm
təsərrüfatda yüksək məhsuldarlıq əldə
olunacaqdır.
Bu layihə çərçivəsində həm də
taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları
istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə
tutulur və layihələrdə əsasən məcburi
köçkün və yerli sakinlər işlə təmin
olunur.
Növbəti addım olaraq Cəlilabad, Beyləqan,
Şamaxı və Hacıqabul rayonlarında da
taxılçılıq təsərrüfatlarının
yaradılması məqsədi ilə zəruri işlərə
başlanılmışdır.
Möhtərəm
cənab Prezident! Müəyyən etdiyiniz siyasətə
uyğun olaraq sahibkarlığın inkişafı daim diqqətdə
saxlanılmışdır. İqtisadi
İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən
xidmətlər tamamən elektronlaşdırılmış,
o cümlədən lisenziya və sertifikatların verilməsi
və bu xidmətlərə görə dövlət
rüsumlarının və haqların online rejimində
elektron qaydada ödənilməsi təmin edilmişdir.
Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən
fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin
də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə
edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin
gəlir vergisi üzrə vergi dərəcələri
azaldılmış, sənaye və texnologiyalar parklarına
vergi güzəştləri nəzərdə tutulmuşdur.
Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış,
güzəştli kreditlərin həcmi artmışdır. Ötən il
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit
verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən
60 faizi qaytarılan vəsaitlər
hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye
və turizmin inkişafına ayrılmışdır. Bu
kreditlər hesabına 9100-dək yeni iş yerinin
yaradılması nəzərdə tutulur.
Bakı və onun qəsəbələri üzrə
müvafiq proqramın qəbulundan ötən dövr ərzində
400 investisiya layihəsinin maliyyələşdirilməsinə
72 milyon manat güzəştli kredit verilmişdir.
Ümumilikdə,
ötən il ərzində fond tərəfindən maliyyələşdirilmiş
94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə
başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri,
o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət
emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının
tədarükü, saxlanması və satışı
kompleksi, 11 çörək zavodu, 7
üzümçülük, 2 iri taxılçılıq və
5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u
isə digər sənaye sahələri - metal konstruksiyalar
zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və
karton məhsulları istehsalı müəssisələridir.
Ölkədə
istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının
mövcud və potensial xarici bazarlara ixrac imkanlarının
daha da genişləndirilməsi məqsədi ilə ötən
il yerli və xarici iş adamlarının
və beynəlxalq tərəfdaşların iştirakı ilə
107-si xaricdə, 201-i isə daxildə olmaqla 308 tədbir
keçirilmişdir.
Azərbaycan
İnvestisiya Şirkətinin iştirakı ilə ötən
il ərzində Hövsanda süd emalı zavodu, "Holcim-Azərbaycan"
yeni sement zavodu və Ağstafa aqroservis müəssisəsi fəaliyyətə
başlamış, Səngəçal neft və qaz
terminalının və duz istehsalı zavodunun uğurlu fəaliyyətləri
nəzərə alınaraq şirkət öz sərmayə
payını digər tərəfdaşlara satmaqla bu layihələrdə
missiyasını başa çatdırmışdır.
İstehlak
bazarında keyfiyyətsiz və təhlükəli malların
satışının və süni qiymət
artımının qarşısının alınması məqsədi
ilə həyata keçirilmiş nəzarət tədbirləri
nəticəsində insanların həyat və
sağlamlığı üçün təhlükəli
olan 80 tondan artıq ərzaq malları dövriyyədən
çıxarılmış, qanun pozuntusuna yol vermiş 2030 təsərrüfat
subyektinə inzibati cərimə kəsilmiş, haqsız rəqabətə
yol vermiş 72 təsərrüfat subyektinə qarşı
qanuna - müvafiq tədbirlər görülmüş,
istehlakçıların və sahibkarların maarifləndirilməsi
məqsədi ilə müvafiq tədbirlər həyata
keçirilmişdir.
Möhtərəm
cənab Prezident! Əldə edilmiş davamlı iqtisadi
inkişaf əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşmasına şərait yaratmış, ötən
ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri
13,8 faiz artmış, əhali gəlirlərinin
artımı inflyasiyanı təxminən 13 faiz bəndi
üstələmişdir. Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olmuş, 117 min yeni iş yeri
açılmışdır. Ötən il ərzində orta
aylıq əməkhaqqı 9,1 faiz artaraq,
391,4 manat təşkil etmiş, əhalinin banklardakı əmanətləri
24,4 faiz artmışdır. Əmanətlərə
görə faiz gəlirlərinin vergidən azadolma müddəti
uzadılmışdır ki, bu da onların sərəncamında
qalan vəsaitləri artıracaqdır.
Keçmiş
SSRİ Bankının əmanətçiləri olan Azərbaycan
vətəndaşlarına fərdi birdəfəlik ödəmələrin
verilməsi, Sizin ölkə əhalisinin
sosial rifah halının
yaxşılaşdırılmasına yönəldilmiş
siyasətinizin tərkib hissəsidir.
Möhtərəm
cənab Prezident! Qazanılmış
sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq
agentliklərinin hesabatlarında da öz əksini
tapmış, "Doing Business-2013" hesabatında
mövqeyimiz yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan
dünyanın 50 ən rəqabətqabiliyyətli
iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə
olduğu kimi, MDB ölkələri arasında birincilik
mövqeyini saxlamışdır.
Möhtərəm
cənab Prezident! Həyata keçirilən
ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi
olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş
bir ölkə kimi Azərbaycanın nüfuzu daha da
artmışdır.
Tərəfinizdən
təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında müəyyən
etdiyiniz hədəflər bir daha göstərir ki, rəhbərliyinizlə
bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin
həyata keçirilməsi bundan sonra da ölkəmizin
davamlı inkişafını, onun dünyada mövqeyinin daha
da möhkəmlənməsini və xalqımızın
sosial-iqtisadi vəziyyətinin davamlı olaraq
yaxşılaşmasını təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram.
* * *
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV
çıxış edərək dedi:
- Zati-aliləri,
möhtərəm cənab Prezident!
Azərbaycanın
tarixinə dövlət müstəqilliyimizin 21-ci ili kimi həkk olunan 2012-ci il
bütövlükdə ölkəmiz üçün
bütün sahələrdə uğurlu olmuşdur.
Dövlətimiz öz daxili resursları üzərində
güclü iqtisadi zəmin yaratmış və gələcəyə
böyük ümidlərlə, böyük nikbinliklə
baxır.
Balanslı və uğurlu xarici siyasətin
aparılması nəticəsində xeyli dünyəvi
uğurlarımız olmuşdur. Bunların ən vacibləri
aşağıdakılardır:
- BMT-nin Təhlükəsizlik
Şurasında və Qaçqınların İşləri
üzrə Ali Komissarlığının İcraiyyə Komitəsində
təmsilçilik;
- Minsk
qrupunun həmsədr ölkələrinin dövlət
başçılarının bəyanatında deyilmişdir
ki, status-kvo qəbuledilməzdir;
- Azərbaycanın
üzv olduğu Qoşulmama Hərəkatının zirvə
toplantısında qəbul edilmiş qətnamədə
münaqişənin yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini
tapmasının bəyan edilməsi;
- mədəniyyət və idman sahəsində əksər
Avropa ölkələrini üstələmək;
- ölkəmizin yüksək insan
inkişafına malik olan dövlətlər sırasına
daxil olması;
- BMT-nin
qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin
2012-ci ilin oktyabrında Cenevrədə BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin
63-cü sessiyasında çıxışında Azərbaycan dövlətinin
gördüyü işləri qiymətləndirərkən
bunu bir çox ölkələr üçün nümunə
göstərmiş və
könüllü qayıdışı mümkün hesab
etmişdir. Bununla da, ali komissar bir çox
beynəlxalq təşkilatların ölkəmizdəki məcburi
köçkünlərin torpaqlar işğaldan azad olunandan
sonra geri qayıtmayacaqları barədə fikirlərini
alt-üst etdi.
Bu kimi nailiyyətlər ölkəmizin sosial-iqtisadi
qüdrətinin nəzərəçarpacaq dərəcədə
yüksəldiyini, dünya ölkələrinə
inteqrasiyasının sürətləndiyini və
dünyanın maraq mərkəzinə çevrildiyini göstərir.
Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə
mövqeyini möhkəmləndirib və bizə qarşı
olan dünya erməni təbliğatını xeyli zəiflədib.
Əlbəttə, bütün bu uğurlar
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
əsası qoyulan siyasi xəttin Sizin tərəfinizdən məharətlə,
çevik və qətiyyətlə həyata keçirilməsi
nəticəsində mümkün olmuşdur.
Ötən
il Sizin müvafiq tapşırıqlarınıza əsasən
nümayəndə heyətimiz 4 ölkənin - Belçika,
Finlandiya, İspaniya və Andorra parlamentlərində Ermənistanın
ölkəmizə qarşı hərbi təcavüzünün
nəticələrinə dair keçirilmiş dinləmələrdə
iştirak etmişdir. Həmin tədbirlərdə parlament rəhbərlərinin,
hətta müxalifət partiyalarını təmsil edən
parlament üzvlərinin Sizin və ölkəmiz
barədə dedikləri xoş sözləri eşitməkdən
bir azərbaycanlı kimi qürur hissi keçirirdik.
Şübhəsiz,
bu, son 9 il ərzində
gördüyünüz məqsədyönlü işlərin,
yorulmaz fəaliyyətinizin konkret nəticəsidir.
Sizin xüsusi diqqət və qayğınız nəticəsində,
əvvəlki illərdə olduğu kimi, ötən ildə
də qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllində yüksək göstəricilərə
nail olunmuşdur.
Son 9 ildə
bu sahə üzrə bir dövlət proqramı və ona iki əlavə
qəbul edilmiş, ümumilikdə 47 fərman və sərəncam
imzalanmış, Nazirlər Kabineti 158 qərar və sərəncam,
Milli Məclis isə 9 qanun qəbul etmişdir.
O cümlədən,
2012-ci ildə 2 fərman və sərəncam
imzalanmış, Nazirlər Kabineti 17 qərar və sərəncam
qəbul etmişdir.
Məlumat üçün Sizə bildirirəm ki,
ümumiyyətlə, münaqişə dövründə -
son 20 ildə bu qəbildən olan soydaşlarımızın
sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf
olunmuşdur.
Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat
Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq təşkilatların
vəsaitidir.
2012-ci ildə
bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən
273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət
Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların
vəsaitidir.
Bu da
2003-cü il ilə müqayisədə 5,5
dəfə çoxdur.
İndiyədək
Dövlət Neft Fondundan və digər mənbələrdən
ayrılmış vəsait hesabına 31 min mənzildən
ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir
qəsəbə salınmış, 31 min ailənin, yaxud 140
min nəfərədək qaçqın və məcburi
köçkünün mənzil-məişət şəraiti
yaxşılaşdırılmışdır.
Həmin
yeni yaşayış məntəqələrində 134 məktəb,
5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi,
43 mədəniyyət mərkəzi, 2 Olimpiya idman kompleksi
tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik,
288 kilometr qaz xətti çəkilmiş,
müxtəlif gücə malik 671 elektrik transformatoru
quraşdırılmışdır. Bu işlərin
77 faizi Sizin 9 illik prezidentlik fəaliyyətiniz dövründə
icra olunmuşdur.
Həmçinin
Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait
hesabına 1348 ailə - 6740 nəfər məcburi
köçkün dövlət ehtiyacları ilə əlaqədar
Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə
köçürülmüşdür.
Dövlət büdcəsində nəzərdə
tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa
türkləri üçün 352 evin inşası başa
çatdırılmış və bu layihə cari ildə də
davam etdiriləcəkdir. Bu isə Azərbaycan dövlətinin beynəlxalq
konvensiyanın tələblərinə uyğun olaraq, öz
qaçqın və məcburi köçkünləri ilə
digər ölkələrdən olan qaçqınlara fərq
qoymamasıdır.
Məlumat
üçün bildirim ki, 2012-ci ildə Şəki rayonunda
423, Bərdə rayonunda 195, İmişli rayonunda 325,
Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində
502 məcburi köçkün ailəsi üçün
bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə
birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi
inşa edilmişdir.
2012-ci ildə Bakı şəhəri ətrafında
tikilmiş qəsəbələr hesabına, yaxın aylarda
Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət
Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış
məcburi köçkünlər köçürüləcəkdir.
Beləliklə,
2012-ci il ərzində 296 min
kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi
salınmış, 22765 nəfərdən ibarət 4553 məcburi
köçkün ailəsi yeni evlərə
köçürülmüş, 3300 şagird yerlik 6 məktəb
inşa edilmişdir.
Son 20 ildə həcminə görə ən
böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi
köçkünlər üçün Qaradağ rayonunun
Müşfiqabad qəsəbəsində tikilmişdir.
Həmçinin gücünə görə son 20 ildə
ən böyük elektrik yarımstansiyası - 280 meqavat
olmaqla, məcburi köçkünlər üçün
Ağcabədi rayonunda istifadəyə verilmişdir. Bu
yarımstansiya 5 rayonun - Ağcabədi, Ağdam, Bərdə,
Beyləqan və İmişli rayonlarının elektrik
enerjisinə olan tələbatını sabitləşdirmişdir.
Beləliklə, bütün rayonlarda qaçqın və
məcburi köçkünlər üçün tikilən
qəsəbələrdən və onun infrastrukturundan yerli əhali
də bəhrələnmişdir.
Sizin bu
sahədə qəbul etdiyiniz fərman və sərəncamların
icrası nəticəsində 2012-ci ildə
aşağıdakılara nail olunmuşdur:
- hər bir nəfər məcburi
köçkünə müavinət və kommunal xidmətlərə
görə 1040 manat vəsait sərf olunub. Bu da
dünyanın digər münaqişə zonaları ilə
müqayisədə ən yüksək göstəricidir;
- yoxsulluq həddi 15 faizə enib, - 2011-ci ildə
18 faiz idi;
- doqquz min nəfər işlə təmin olunub;
- məcburi köçkünlərə verilən
aylıq yemək xərci müavinəti hər il
artırılaraq 16 manat 50 qəpiyə
çatdırılıb. Bu, 2003-cü ilə nisbətən
3,5 dəfə çoxdur;
-
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondunun və Dünya Bankının kreditlərindən
34 min məcburi köçkün bəhrələnib;
-
Dünya Bankının vəsaiti hesabına həyata
keçirilən mikrolayihələrdən 250 min nəfər
faydalanıb;
- 1463 nəfər
məcburi köçkün abituriyent ali məktəblərə
qəbul olunub, 3 nəfər isə Prezident təqaüdünə
layiq görülüb;
- 240 min nəfərdən
çox məcburi köçkünə tibbi xidmət
göstərilib;
- qaçqın və məcburi
köçkünlər ölkə əhalisinə inteqrasiya
olunublar;
- qaçqın və məcburi
köçkünlərin dünyagörüşü və intellekt
səviyyələri xeyli yüksəlib;
- bu
yaxınlarda Dünya Bankının mərkəzi ofisində həmin
bankın bütün dünya üzrə həyata
keçirdiyi 10 minlərlə layihələrin vaxtında,
keyfiyyətli və şəffaf icra meyarına görə
ölkəmizdə məcburi köçkünlərlə
bağlı həyata keçirilən layihə maliyyə
ilinin üç ən təqdirəlayiq layihəsindən
biri seçilib;
- ötən
il qaçqın və məcburi köçkünlərin
466 müraciəti əsasında keçirilən 213 məhkəmə
prosesində onların hüquqlarının müdafiəsi təmin
edilib, eyni zamanda, Avropa Məhkəməsinin bu məsələlərlə
bağlı qərarlarının icrası yerinə yetirilib;
- qaçqın və məcburi
köçkünlərdən daxil olmuş 60 min
yazılı və şifahi müraciətə baxılıb
və müraciətlərin 80 faizindən çoxu müsbət
həll edilib;
-
2003-cü ilə nisbətən müraciətlərin sayı
2 dəfə azalıb və onların əvvəlki müraciətlərinin
məzmunu sosial problemlərə aid idisə, indiki müraciətlər
əsasən ayrı-ayrı dövlətlərin və beynəlxalq
təşkilatların münaqişənin həllinə ədalətsiz
yanaşmaları barədədir.
Cənab
Prezident!
Qeyd etmək
lazımdır ki, fəaliyyətə başladığı
ilk gündən etibarən Heydər Əliyev Fondunun prezidenti,
hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə yaradılmış "Azərbaycan" internet
portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın
hərbi təcavüzünün nəticələri barədə
geniş məlumat toplanmış və fondun xətti ilə
hər il Xocalı soyqırımı ərəfəsində
dünyanın müxtəlif ölkələrində tədbirlər
keçirilir, beynəlxalq mətbuatda soyqırımı
haqqında yazılar dərc etdirilir.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə 40-dan artıq ölkədə "Xocalıya ədalət"
beynəlxalq məlumat-təşviqat kampaniyası çərçivəsində
silsilə tədbirlər təşkil olunur.
Komitə tərəfindən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi
ilə məlumatlar müxtəlif dillərdə kitab,
broşür və CD şəklində hazırlanaraq Azərbaycanın
xarici ölkələrdəki səfirlikləri tərəfindən
keçirilən görüşlərdə yayılması təmin
edilir.
Sizin
humanitar təşkilatların şəffaf, sərbəst və
səmərəli fəaliyyəti üçün
yaratdığınız şəraitin nəticəsidir ki,
hazırda ölkəmizdə bu sahədə 49 beynəlxalq,
43 yerli humanitar təşkilatın xətti ilə məcburi
köçkünlər üçün prioritet hesab olunan müxtəlif humanitar
və inkişaf layihələri həyata keçirilir.
Sizin
tapşırığınıza əsasən, 2013-cü ildə
də bu məqsədlə 575 milyon manat vəsaitin
ayrılacağı nəzərdə tutulmuşdur. 237 milyon manat büdcə, 300 milyon manat Dövlət
Neft Fondunun, 38 milyon manat isə beynəlxalq təşkilatların
vəsaitidir.
Bu vəsait imkan verəcəkdir ki, daha 20 min nəfərin
mənzil-məişət şəraiti
yaxşılaşdırılsın.
Dövlət
Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 3941
ailə və ya 20 min nəfər məcburi
köçkün üçün ümumi sahəsi 260 min
kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur
obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə
salınacaqdır. O cümlədən, Gəncə şəhərində
1500 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli
25 binadan, Bərdə rayonunda 866 məcburi köçkün
ailəsinə 5 mərtəbəli 15 binadan ibarət yeni
yaşayış məhəllələri, Abşeron rayonunun
Masazır qəsəbəsində 758, İmişli rayonunda
225, Qaradağ rayonunun "Ümid" qəsəbəsinə
yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik
qəsəbələr, Qəbələ rayonunda 155, Balakən
rayonunda 43 ailə üçün 5 mərtəbəli
yaşayış binaları, Axısxa türkləri
üçün 142 mənzil tikiləcəkdir.
Sizin
tapşırığınıza əsasən, Bakı şəhərindəki
yataqxanalardan 90 min nəfər məcburi
köçkünün müvəqqəti məskunlaşdırılması
və müəyyən iş yerlərinin yaradılması
üçün yeni yaşayış massivinin
salınması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin
ərazisində 380 hektar torpaq sahəsi ayrılmış, əlavə
olaraq 120 hektar torpaq sahəsinin ayrılması sənədləşdirilir.
Tövsiyənizə əsasən, hazırda Qobu şəhər
məcburi köçkün yaşayış massivinin layihələndirilməsi
və onun idarəetmə strukturunun yaradılması üzrə
müvafiq işlər görülür.
Bakı
şəhərinin digər obyektlərində - hərbi hissələrdə,
məktəb, bağça, sanatoriya, pansionat, tikintisi
yarımçıq qalmış binalarda, zəbt olunmuş mənzillərdə
yaşayan 110 min məcburi köçkünün müvəqqəti
məskunlaşdırılması üçün əlavə
500 hektar torpaq sahəsinin ayrılmasına ehtiyac vardır.
Zati-aliləri!
Hesab edirik ki, 2013-cü ildə vasitəçilər tərəfindən
məsələnin həlli ilə bağlı daha konkret təkliflər
verilməli və işğalçı məcbur edilməlidir
ki, işğal edilmiş torpaqlardan tezliklə
çıxsın.
Ümid edirik
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə məşğul olan ATƏT,
digər dövlət və beynəlxalq təşkilatlar ədalətsiz
yanaşmadan, nəhayət, əl çəkəcəklər.
Cənab
Prezident!
Heç bir şübhə yoxdur ki, Sizin səyləriniz
nəticəsində ölkəmizin ərazi
bütövlüyü bərpa ediləcək, işğaldan
azad olunacaq ərazilərdə həyat tamamilə yenidən
qurulacaq, azərbaycanlılar öz ata-baba yurdlarına
qayıdaraq yenidən öz doğma torpaqlarında
yaşayacaqlar.
Bütün
xalqımız kimi, məcburi köçkünlər də
yalnız Sizə inanır, yalnız Sizə etibar edirlər!
İnanırlar ki, Azərbaycanı qarşıdakı
illərdə daha böyük qələbələr, daha
çox uğurlar gözləyir.
İnanırlar
ki, bütün bu qələbələr, o cümlədən
torpaqlarımızın erməni qəsbkarlarının
işğalından azad olunması məhz Sizin
adınızla bağlı olacaqdır!
Sizi əmin edirəm ki, bu sahədə qəbul etdiyiniz
bütün fərman və sərəncamların, verdiyiniz
tapşırıqların icrası vaxtında və keyfiyyətlə
təmin ediləcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
Rabitə
və informasiya texnologiyaları naziri Əli ABBASOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
iclas iştirakçıları!
Öncə qeyd edim ki, 2003-cü ilin fevralında
ümummilli lider Heydər Əliyevin xüsusi fərmanı ilə
regionda ilk dəfə olaraq qəbul olunmuş İKT-nin
inkişafı üzrə 10 illik Milli Strategiya 2012-ci ildə
başa çatmışdır. Digər tərəfdən Sizin
ötən il dekabrın 29-da
imzaladığınız fərmanla "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasına əsasən,
bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü
başlayır və konsepsiyanın hədəflərinə
çatmaq üçün İKT sahəsinin üzərinə
yeni və məsuliyyətli vəzifələr qoyulmuşdur.
İyirmi illik tariximizə nəzər salsaq,
sosial-iqtisadi inkişafın mahiyyəti bir kiçik tezislə
ifadə oluna bilər. Heydər Əliyev 1993-cü ildə
hakimiyyətə gələn zaman onu çörək
növbələri qarşılamışdı, 2013-cü
ildə isə ölkəmiz Sizin rəhbərliyinizlə
artıq kosmik ölkələr sırasına
qoşulmuşdur.
İKT sektoru 2004-2013-cü illər üzrə hər
üç ildə təxminən iki dəfə genişlənmişdir,
2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz
olmuşdur.
Bu isə ümumdünya orta artım tempindən təxminən
2,5 dəfə yüksəkdir. MDB ölkələri sırasında ilk dəfə
2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri
telefonlaşdırılmış, 2010-cu ildə isə tam
elektronlaşdırılmışdır, yəni, rəqəmləşdirilmişdir.
Keçən il şəbəkəyə
təxminən 20 min nömrə də əlavə olunaraq,
"yeni nəsil şəbəkəsi" texnologiyaları tətbiq
olunmuşdur. Hesabat ilində sektora 400 milyon
ABŞ dollarından çox investisiya qoyulmuşdur.
Son üç ildə Azərbaycan MDB ölkələri
arasında geniş regionda internet istifadəçilərinin
sıxlığına görə liderdir. 2012-ci ildə
bu rəqəm 65 faizdən təxminən 70 faizə
yaxınlaşmışdır. Keçən ildə
internet xidmətlərinin keyfiyyəti yüksəlmiş,
2011-ci illə müqayisədə xaricə
çıxış tutumu 2,2 dəfə
artmış, qiymətlər isə təxminən 35 faiz
azalmışdır. Bu gün Azərbaycanda 1
meqabit-saniyə xidmətinin qiyməti orta əməkhaqqının
təxminən 3 faizi qədərdir. Müqayisə
üçün qeyd edim ki, inkişaf etməkdə olan
ölkələr üçün bu rəqəm orta hesabla 20
faiz civarındadır. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda
"evlərə optika" modeli üzrə ölkənin
bütün yaşayış məntəqələrinə
yüksək sürətli genişzolaqlı internet xidmətlərini
verən optik şəbəkənin qurulması üzrə
layihə hazırlamışdır və 2013-cü ildə
artıq bu layihəyə 103 milyon manat vəsait
ayrılmışdır. Layihə üç il
müddətində həyata keçiriləcək və
yüksək rentabellidir. 2014-cü ildən
başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya
hesabına ödəniləcəkdir. Əsas hədəf
ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100
meqabit-saniyə arasında olan genişzolaqlı internetə
çıxışı təmin etmək, istifadəçilərin
sayını isə təxminən 85 faizə
çatdırmaqdır ki, bu da həmin vaxt üçün,
yəni, 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə
bərabər olacaqdır.
Ötən ildə Azərbaycan dördüncü nəsil
mobil rabitə texnologiyasını tətbiq edən
Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi
olmuşdur. İndi bizdə hər 100 nəfərə təxminən
110 telefon düşür. Mobil telefon
sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk
dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə
etmişdir. İndi mobil abunəçilərin
əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.
Cənubi
Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri
arasında rəqəmli televiziya yayımının ilk dəfə
Azərbaycanda tətbiq olunmasına başlanılmış və
indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına
çıxış imkanı təmin olunmuşdur. Azərbaycanda bu gün 25 televiziya kanalı var,
onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır,
15 radio proqramı mövcuddur. Eyni zamanda,
12 kabel televiziyası və 20-dən çox internet televiziya
studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının
razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş
və lisenziyalaşdırılmış 100-dən çox
xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və
paylanma sistemi yaradılmışdır ki, planımız bu
sistemi regional mərkəzə çevirməkdir.
Bir pəncərə
prinsipi ilə işləyən vahid elektron hökumət
portalı yaradılmış və 2012-ci ilin sentyabrından
internet vasitəsilə əhali və iş adamlarının
istifadəsinə verilmişdir. Elektron hökumət
portalına 40 hökumət və dövlət qurumu real vaxt
rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən
təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət
artıq portalda cəmləşdirilmiş və internetə
birbaşa çıxışı olan əhalinin istifadəsinə
verilmişdir. Elektron imza sisteminin kompyuter və mobil telefon
versiyası işə salınmış və 2012-ci ildə
təxminən 5,5 mindən çox
dövlət məmuru və vətəndaşlar elektron
imzadan istifadə etmişlər.
Dünya
Bankı və Azərbaycan Mərkəzi Bankı ilə
birlikdə poçt sisteminin müasir kompyuter şəbəkəsi
qurulmuş, müasir idarəçilik və yeni iş prinsipləri
üzrə fəaliyyəti təmin edilmiş, qeyri-ənənəvi
xidmətlərin, o cümlədən bank-maliyyə, elektron
dövlət xidmətləri, logistika və digər xidmətlərin
göstərilməsinə başlanmışdır. Lakin qeyd etməliyəm ki, poçt sisteminin rəqabətlilik
qabiliyyətini yüksəltmək və rentabelliliyini təmin
etmək üçün işlər hələ davam edir.
Bu gün poçt müəyyən həcmdə
dövlət büdcəsindən və əsasən də,
telekommunikasiya sektorunda əldə olunan gəlirlərdən
subsidiya almaqda davam edir.
Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı
başa çatmış və fevral ayının birinci
ongünlüyündə orbitə çıxarılması
planlaşdırılmışdır. Peyk orta çəkilidir - 3,2 ton, ABŞ-ın "Orbital" şirkəti
tərəfindən istehsal olunmuş və Fransanın
"Arian" şirkəti tərəfindən orbitə
çıxarılacaqdır. Peyk
resurslarının 20 faizi ölkəmizin yerli tələbatını
ödəmək üçün istifadə olunacaqdır,
qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaqdır.
Təxminən 40 faizinin satışı
üçün şərti müqavilələr
imzalanmışdır. Peyklərin idarə
olunması üçün regional idarəetmə mərkəzinin
və ehtiyat idarəetmə mərkəzinin yaradılması
başa çatmışdır. Mərkəz
təkcə Azərbaycanın yox, region üzərindən
uçan digər ölkələrə məxsus peyklərin
də idarə olunması üçün istifadə
olunacaqdır. Yer səthinin müşahidəsi
üçün universal qəbuletmə və emaletmə
sisteminin quraşdırılmasına başlanılmış
və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi
peyklərdən yüksək dəqiqlikli təsvirlərin
alınması və müxtəlif təyinatlı istifadəsi
təmin olunacaqdır. Yer səthinin
müşahidəsi üçün Azərbaycan peykinin
aşağı Yer orbitinə çıxarılması
2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə
çıxarılması isə 2016-cı ilə
planlaşdırılmışdır. Qeyd
edim ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik
ölkələr sırasına qəbul olunmuş, ölkəmiz
kosmik fəzanın sülh məqsədlərlə istifadəsi
üzrə öhdəliklər götürmüşdür.
Kosmik texnologiyalar üzrə çox vacib məsələ
olan kadr hazırlığına xüsusi diqqət
yetirilmişdir. Son üç ildə orta yaşı
25-28 olan təxminən 30 nəfər peyklərin idarə
olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli
kurs və təlimlər keçmiş milli mütəxəssis
hazırlanmışdır.
BMT-nin
67-ci Baş Məclisi (dekabr 2012-ci il) Azərbaycanın
əlaqələndirici olduğu "Avrasiya Transmilli
Böyük İnformasiya Magistralı" (TASİM) layihəsinə
xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini
vermiş və bu layihə üzrə xüsusi alyansın
yaradılmasını tövsiyə etmişdir. İkinci layihə Avropa Yaxın Şərq Yüksəksürətli
İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas
və ehtiyat qovşaqlarının quraşdırılması
tamamlanmışdır. İnternet şəbəkəsinin
regional resurslar və xidmətləri serverlərinin,
ünvanların idarə olunması üçün regional
sistemin ölkəmizdə qurulması Azərbaycanın region
ölkələrinə internet xidmətlərinin
ixracını xeyli artırmışdır.
Ötən
il ölkəmiz beynəlxalq aləmdə,
həmçinin genişmiqyaslı kütləvi tədbirlərin
keçirilməsi ilə yadda qalmışdır. Bu kütləvi tədbirlər zamanı, həmçinin
də ölkəmizin telekommunikasiya, internet, radio-televiziya
şəbəkələri xüsusilə gücləndirilmiş
rejimdə işləmişdir. 2012-ci ildə
"BakuTel" beynəlxalq konfrans və sərgi ilə
birlikdə BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı
və şəxsən cənab Prezident, Sizin himayənizlə
ilin internet üzrə ən böyük tədbiri -
İnternet İdarəçilik Forumu Bakıda
keçirilmişdir. Forumda 1600-dən çox
xarici və 1200 Azərbaycan vətəndaşı iştirak
etmişdir, 3800 xarici iştirakçı isə videokonfranslar
vasitəsilə foruma qoşulmuşlar.
İKT-nin
daha sürətli inkişafı üçün 2012-ci ildə
İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək
Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi
və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət
Agentliyinin yaradılması üzrə Azərbaycan
Respublikası Prezidentinin sərəncam və fərmanları
imzalanmışdır. İKT məhsul və
xidmətlərinin ixrac həcminin artırılması
üçün vergi güzəştlərinin tətbiqinə
qərar verilmişdir.
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasına əsasən hədəfimiz
İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında
saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini
8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən,
rəqabət mühitinin
yaxşılaşdırılması, sektora olunan fiskal və
monetar güzəştlər, ixrac potensialının
artırılmasına yönəlmiş siyasət, regional
İKT resurslarının, yüksək texnoloji məhsul və
xidmətlərin yaradılması, güclü insan
kapitalına əsaslanan innovativ sahibkarlığın
inkişafı hesabına nail olunması
planlaşdırılmışdır.
Diqqətinizə
görə sağ olun!
Dövlət başçısı iclasa yekun vurdu.
Azərbaycan.-2013.- 16 yanvar.- S.1-2-3.