Reza HAZARE: Azərbaycan dünyəvi bir məkandır

 

"Azərbaycan dünyəvi bir məkandır. Burada həyat tərzi tamam fərqlidir". AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində "YAY!" qalereyasında "PAT vəziyyəti" adlı sərgidə əsərləri nümayiş etdirilən əfqanıstanlı rəssam Reza Hazare demişdir.

Bildirmişdir ki, "YARAT" Müasir İncəsənət Məkanına məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada - "Mars" qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilmişdir. Hazırda isə həmin layihə Bakıda təqdim olunur.

 Reza Hazare müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət, dəyişən yaşam şəraitinin kontekstində aktual olduğunu və sərgidə təqdim etdiyi əsərlərdə bu məsələni diqqətə çatdırmaq istədiyini bildirmişdir.

Bakıda təhsil aldığını söyləyən gənc əfqanıstanlı rəssam Reza Hazare 2009-cu ildən Azərbaycan paytaxtında keçirilən bir çox sərgilərdə iştirak etdiyini demişdir.

 

 

Azərbaycan.-2013.- 16 yanvar.- S.5.