Badamdar qəsəbəsində ötən il mühüm uğurlara nail olunub

 

Uğurlu inkişaf strategiyası nəticəsində bu gün paytaxtımız Bakı şəhəri və onun ətraf qəsəbələri çox böyük sürətlə inkişaf edir, qəsəbələrdə mühüm sosial obyektlər istifadəyə verilir, eləcə də kommunikasiya xətləri yeniləşir, ərazilər abadlaşır. 2012-ci ildə Səbail rayonunun Badamdar qəsəbəsində də bu istiqamətdə mühüm işlər görülmüşdür.

Badamdar qəsəbə nümayəndəliyində 2012-ci ilin yekunlarına həsr olunmuş tədbirdə bu barədə geniş söhbət açılmışdır. Səbail rayon rəhbərliyinin və qəsəbə sakinlərinin  iştirakı ilə keçirilən tədbirdə il ərzində görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunmuş  və 2013-cü il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Tədbirdə bildirilib ki,  qəsəbədə hazırda 23 min 600 nəfər əhali yaşayır, burada həmçinin 2196 nəfər məcburi köçkün məskunlaşıb. 2012-ci il qəsəbə üçün çox əlamətdar olmuşdur. İyun ayının 22-də qəsəbədə  Heydər Əliyev parkı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş və burada ulu öndərin əzəmətli büstü ucaldılmışdır. Parkın açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir. Ölkə başçısının sərəncamına əsasən Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçasının və 880 şagird yerlik orta məktəbin  tikintisi başa çatdırılmış, sentyabr ayının 4-də Prezident İlham Əliyevin iştirakı ilə həmin obyektlərin açılış mərasimləri keçirilmişdir. Məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olan dövlət başçısı görülən işləri yüksək qiymətləndirmişdir. Noyabr ayının 12-də isə qəsəbədə Prezidentin iştirakı ilə daha bir mühüm obyektin - Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılış mərasimi keçirilmişdir. Ölkə Prezidentinin təsdiqlədiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planına uyğun olaraq Badamdar qəsəbəsində yanğından mühafizə bölməsinin tikintisi, həmçinin 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində 3 ədəd yanğına qarşı su hovuzlarının tikintisi nəzərdə tutulmuşdur.

Ötən il Badamdar qəsəbəsində Mikayıl Müşfiq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şosesi boyunca yeni istinad divarı çəkilmişdir. "Abad həyət"lər sakinlərin  istifadəsinə verilmiş, "Könül" körpələr evində əsaslı təmir işləri aparılmış,  qəsəbədə  özəl "Ahu" uşaq bağçası istifadəyə verilmişdır. RİH tərəfindən Badamdar qəsəbəsində təsərrüfat xidməti işçiləri üçün ikimərtəbəli xidməti yaşayış binası inşa olunmuşdur.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  Prezident İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial layihələr barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, "Abad həyət" layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana, ATS binası və idman kompleksinin tikintisinə başlanacaqdır. Ən əsası isə, qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcəkdir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 16 yanvar.- S.5.