Dövlətin səhiyyəyə qayğısı ötən il də müsbət nəticələrini göstərdi

 

Müasir dövrün tələblərinə cavab verən keyfiyyətli səhiyyə sisteminin yaradılması son illər Azərbaycanda ardıcıl və sistemli şəkildə həyata keçirilən sosialyönümlü islahatların əsas hədəfinə çevrilməklə hər bir ölkə vətəndaşının sağlamlığının etibarlı qorunmasına xidmət edir. Səhiyyə ümumən ölkənin milli genofondu ilə bağlı strateji sahə olduğundan, ölkə rəhbərliyi bu sistemdə həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Son illərdə tibb ocaqlarının kadr potensialının gücləndirilməsi, ən müasir müalicə-diaqnostika mərkəzlərinin inşası, mövcud xəstəxanaların, poliklinikaların əsaslı təmiri və yenidənqurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı istiqamətindəki tədbirlər daha geniş vüsət almışdır.

Dövlət büdcəsindən bu sektora ayrılan vəsaitlərin artırılması səhiyyə müəssisələrinin fəaliyyətinin, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına, vətəndaşları qayğılandıran bir çox məsələlərin həllinə yaxşı imkanlar açmışdır. Qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2010-cu ildə səhiyyəyə dövlət büdcəsindən 479 milyon, 2011-ci ildə isə 545 milyon manat vəsaitin ayrılması  Azərbaycan dövlətinin insanların sağlamlığı məsələsinə necə böyük həssaslıqla yanaşdığını göstərir. 2012-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 5,7 faiz təşkil etmişdir. "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"na 23,5 milyon manat, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na 20,6 milyon, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"na 14,5 milyon, "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"na 4,5 milyon, Azərbaycan Respublikasında HİV-AİDS-in qarşısının alınması və onunla mübarizəyə 3 milyon, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 milyon, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşlirilməsinə 3,5 milyon, qanın və qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,5 milyon manat vəsait ayrılmışdır. Ümumiyyətlə, 2012-ci ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi, gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 10,8 faiz, yaxud 421 milyon manat çoxdur. 2013-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri 666,3 milyon manat təşkil edir. Bu da 2012-ci illə müqayisədə 3,6 milyon manat və yaxud 0,5 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən 172,9 milyon manat və ya 35 faiz çox vəsait deməkdir. Həmin vəsaitin 326,8 milyon manatı və ya 49 faizi xəstəxanaların, 98 milyon  manatı və ya 14,7 faizi poliklinikalar və ambulatoriyaların saxlanılması xərclərinə, 232,4 milyon manatı və ya 34,9 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 milyon manatı və ya 1,4 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcəkdir.

İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində  dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 4 milyon  manat vəsait ayrılmışdır. Ötən il Dövlət Neft Şirkətinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanasının və müalicə-diaqnostika mərkəzlərinin müvafiq əmlak və qurğularla birlikdə Səhiyyə Nazirliyinin balansına verilməsi ilə bağlı tələb olunan vəsait 2013-cü ilin dövlət büdcəsində nəzərə alınmışdır.

2012-ci ildə tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması, ilk növbədə bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində bir çox tədbirlər diqqət mərkəzində saxlanılmışdır. Prezident İlham Əliyev tərəfindən yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidənqurulması məqsədilə böyük əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalanmışdır. Həmin sərəncamlarda, xüsusilə bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri geniş əksini tapmışdır.

Ölkə rəhbəri 2012-ci il noyabrın 19-da "Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən klinikanın tikintisinin tamamlanması və müasir avadanlıqla təchiz edilməsi məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Tibb Universitetinə 5 milyon manat vəsait ayrılmışdır. Digər bir sərəncamla 2012-ci il noyabrın 13-də "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı" təsdiq edilmişdir. Sentyabrın 25-də ölkə Prezidenti "Bir sıra tibb müəssisələrinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam vermişdir. Sərəncamda göstərilir ki, bir sıra tibb müəssisələrində aparılan təmir-tikinti işlərinin sürətləndirilməsi məqsədi ilə  Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə 20 milyon manat, o cümlədən Bakı Sağlamlıq Mərkəzi üçün 5 milyon manat, Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının hər biri üçün 3 milyon manat ayrılsın. Bundan başqa, mayın 8-də "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", iyunun 20-də "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", iyunun 19-da səhiyyə işçilərinə fəxri adların verilməsi və onların "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında dövlət başçısı tərəfindən sərəncamlar imzalanmışdır.

Ötən il aprelin 19-da verilən "1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında"kı sərəncamda səhiyyə müəssisəsinin təmiri və müasir avadanlıqlarla təchiz edilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır.

Ölkə başçısı 2012-ci ildə əsaslı şəkildə yenidən qurulan Saatlı, İmişli, Qusar, Ağdaş, Xaçmaz rayonlarının mərkəzi xəstəxanalarında olmuş, Ucar şəhər Uşaq Xəstəxanasının, Bakının Ələt qəsəbəsində 32 nömrəli şəhər poliklinikasının, Xızıda Müalicə-Diaqnostika Mərkəzinin, Şəkidə Mərkəzi Xəstəxananın, Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasının açılışında, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdir. Bütün bunlar göstərir ki, ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir. "Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, elmin, təhsilin, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik" deyən  Prezident İlham Əliyev 2012-ci ildə də bu sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atmışdır. Ümumilikdə 2003-2013-cü illərdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri həyata keçirilmişdir və onların təxminən 70 faizi regionların payına düşmüşdür.

Ötən müddətdə paytaxtdakı mövcud səhiyyə müəssisələrinin də əksəriyyəti ən müasir tələblər səviyyəsində təmir və bərpa olunmuş, yenidən tikilmişdir. Bunların arasında Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Perinatal Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Uşaq  Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası və digər iri obyektləri qeyd etmək olar.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ötən il ərzində 76 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 40-ı  Bakı şəhərində, 36-sı isə regionlarda yerləşən səhiyyə müəssisəsidir. 24 tibb müəssisəsində (13 -Bakı, 11 - rayon) təmir işləri başa çatdırılmış və istifadəyə verilmişdir. İri səhiyyə ocaqlarının əksəriyyətinin açılışında ənənəvi olaraq Prezident İlham Əliyev şəxsən iştirak etmişdir. 2012-ci il oktyabrın 27-də Saatlı Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edən dövlət başçısı demişdir: "Bütövlükdə Azərbaycanda səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır. Bu islahatlar faktiki olaraq yeni vəziyyətə gətirib çıxarmışdır. Çünki həm Bakıda, həm bölgələrdə yeni, müasir tibb ocaqları yaradılır. Əvvəlki illərdə tikilmiş xəstəxanalar əsaslı şəkildə təmir edilir və yeni xəstəxanalar tikilməkdədir. Demək olar ki, son iki il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində biz mütləq xəstəxana açılışını da qeyd edirik. Artıq əksər rayon mərkəzlərində müasir səviyyəyə cavab verən xəstəxanalar vardır. Əminəm ki, bir-iki il ərzində qalan yerlərdə də təmir-tikinti işləri tamamlanacaq və beləliklə, hər bir rayon mərkəzində ən yüksək standartlara cavab verən xəstəxanalar yaranacaqdır".

2012-ci ildə maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən, özünü doğrultmayan, əhaliyə tibbi yardımın göstərilməsində ciddi rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması, strukturunun optimallaşdırılması sahəsində islahatlar əsasən başa çatdırılmışdır. Aparılan işlər nəticəsində respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz ixtisar edilmiş və 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanmışdır. Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, struktur islahatları ilə bərabər, onların ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı  istiqamətində də köklü dəyişikliklər edilmişdir. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi artmışdır. Əgər 2003-cü ildə hər çarpayı il ərzində 82 gün işləyibsə, 2012-ci ildə bu rəqəm 244,3-ə bərabər olmuşdur. Beləliklə, bu illər ərzində çarpayıların məşğulluq göstəricisi təxminən 3 dəfə artmışdır.

Tibbi statistika da aparılan islahatların səmərəliliyini bir daha nümayiş etdirir. Son 10 ilin müqayisəsi göstərir ki, doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 17,4-ə qalxmış, ölüm isə 6-dan 5,3-ə düşmüşdür. Təbii artım 7,9-dan 12,1-dək yüksəlmişdir və bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Tibb müəssisələrinə müraciətlərin çoxalması da səhiyyəyə olan inamın, xüsusilə əhalinin sağlamlığına münasibətin müsbət tərəfə dəyişməsinin nəticəsidir. Bu, həm də səhiyyə sahəsində həyata keçirilən məqsədli dövlət proqramlarının fəaliyyəti ilə bağlıdır. 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunmuşdur və hazırda da onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait sərf olunmuşdur. 2013-cü ildə səhiyyə xərcləri üçün ayrılan vəsaitin 173,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcəkdir. Proqramların  əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılmışdır. Eyni zamanda, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, nəticədə bu xidmət növlərinin keyfiyyətini xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya nail olunmuşdur. Görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir. "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" qəbul edildikdən sonra bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq  irəliləyiş əldə olunmuşdur. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmış və bununla bərabər bu xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 62,1-dən 59-a enmişdir.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində qismən öz həllini tapmışdır. 2012-ci ildə respublikanın şəhər və  rayonlarında fəaliyyət göstərən 27, o cümlədən regionlarda 20 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunmuşdur.

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması da dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının, həmçinin yeni doğulanların "Elektron sağlamlıq kartı" ilə təmin edilməsi, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası" proqramlarının  ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olmuşdur. Respublikamızda həyata keçirilən bu tədbirlər  nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Əgər  2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enmişdir.

Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublikada yeddi perinatal mərkəzin yaradılması, Respublika Uşaq Xəstəxanasının, Bakı şəhəri 2 və 3 nömrəli  klinik uşaq xəstəxanalarının, Uşaq Nevroloji Xəstəxanasının əsaslı təmiri, bərpası və yeni avadanlıqlarla təchiz olunması, Uşaq Onkologiya və Uşaq Kardiocərrahiyyə  mərkəzlərinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Uşaq Konsultasiya Mərkəzinin, erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin, uşaq hematologiya  şöbəsinin yaradılması, bir çox rayonlarda yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir. Son bir neçə il ərzində Bakı şəhərində yerləşən bütün uşaq poliklinikaları əsaslı təmir edilərək müasir tibb avadanlığı ilə təmin olunmuşdur.

Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Xəstəliyin diaqnostikasının yaxşılaşdırılması, pasiyentlərin aktiv müalicəyə cəlb olunması, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin sabitləşməsinə nail olunmuşdur. Bununla yanaşı, xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 2003-cü ildə 10,1 idisə, 2012-ci ildə bu rəqəm 4-ə enmişdir.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir. 2003-cü ildə 6,8 ton qan tədarük edilmişdisə, 2012-ci ildə bu rəqəm 25,9 tona çatmışdı.

Xüsusi vurğulamaq lazımdır ki, səhiyyə layihələrinin uğurla həyata keçirilməsində ötən il Heydər Əliyev Fondu da yaxından iştirak etmişdir. Yüzlərlə Azərbaycan vətəndaşının müxtəlif xəstəliklərdən müalicə olunmaq üçün xarici ölkələrin nüfuzlu klinikalarına göndərilməsi, on minlərlə insana pulsuz tibbi yardım göstərilməsi, Bakıda və respublikamızın digər regionlarında aparılan çətin cərrahiyyə əməliyyatları sayəsində minlərlə körpə və yaşlı insanın həyata qaytarılması da Heydər Əliyev Fondunun sırf səhiyyə sahəsində gördüyü işlərin yalnız müəyyən bir hissəsidir.

Fond bu nəticələrlə kifayətlənmir, nəinki Azərbaycanda, ümumən bütün dünyada yaşayan soydaşlarımızın müalicəsi ilə bağlı problemlərinə fəal şəkildə kömək göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milləti yoxdur!", "Sağlam olmağını yəqin et, xəstəliyə "Yox" de!" devizi altında həyata keçirilən aksiyalar bu qəbildəndir. Bu aksiyalar pasiyentlərin pulsuz müayinəsinə, gənc həkimlər arasında təcrübə mübadiləsinin aparılmasına böyük kömək göstərir.

Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Smolensk vilayətində keçirilən "İÇV/QİÇS-ə qarşı birlikdə" adlı aksiya da ümumbəşəri problemin həllinə yönəlməklə böyük maraq doğurmuşdur. Aksiya çərçivəsində Smolensk Qanköçürmə Mərkəzində "Qanın milləti yoxdur" devizi altında qanvermə kampaniyası da keçirilmiş, ümumbəşəri problemlərin həllinə istiqamətlənən, təməlində insan amili dayanan, hər bir insanın cəmiyyət üçün nə qədər yararlı, onun sağlamlığının nə qədər vacib olması ideyasını təlqin edən bu tədbirlər rəğbətlə qarşılanmışdır.

Ötən ilin aprel ayında Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə Bakıda Dünya Autizm Günündə "Mavi işıqla işıqlandır" aksiyası keçirilmişdir. Bundan başqa, fondun təşəbbüsü ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında xeyriyyə tədbiri təşkil edilmişdir. 2012-ci il iyunun 15-də fond Pakistanın Paxtunva vilayətindəki xəstəxanaya tibbi avadanlıq və təcili yardım avtomobili hədiyyə etmişdir. Mayın 29-da isə qurumun təşəbbüsü ilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzində böyrək transplantasiyası həyata keçirilmişdir.

Təsadüfi deyil ki, belə bir fəaliyyətə görə, fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva 2012-ci ilin aprelində Rusiya Federasiyasının dünya şöhrətli Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülmüşdür. Mərasimdə dərin məzmunlu nitq söyləyən Mehriban xanım Əliyeva demişdir: "Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyəti bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Biz Dünya Səhiyyə Təşkilatı, UNESCO, BMT ilə sıx əməkdaşlıq edirik. Bu təşkilatlardan xeyli təşəkkür almışıq. Fondumuzda xüsusi və demək olar ki, ilk qəbul etdiyimiz bir proqram vardır. Buna əsasən, Azərbaycan ərazisindəki bütün uşaq evləri və internat məktəbləri fondun dəstəyi ilə əsaslı şəkildə bərpa və təmir olunub. Bu gün biz deyə bilərik ki, Azərbaycan ərazisində belə müəssisələrin maddi-texniki bazası ilə bağlı heç bir problem yoxdur. Heydər Əliyev Fondu ölkənin daxilindəki fəaliyyəti ilə yanaşı, xaricdə də layihələr həyata keçirir... Biz Rusiya ilə, buradakı tərəfdaşlarımızla, ilk növbədə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir çox birgə layihələr həyata keçiririk. "Onkoloji xəstəliklərin milliyyəti yoxdur", "Əmin ol ki, sağlamsan", "Gənclər QİÇS və narkomaniyaya qarşı" kimi layihələr buna nümunədir".

2012-ci ilin mayında Ümumdünya Səhiyyə Assambleyasının Cenevrədə keçirilən 65-ci sessiyasında ölkəmiz 2012-2015-ci illər üzrə ÜST-ün İcraiyyə Komitəsinə yenidən üzv seçilmişdir.

Bütün bunlar göstərir ki, səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması bu gün Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.-2013.- 16 yanvar.- S.6.