Azərbaycan Ordusunu ləkələmək milli maraqlara xəyanətdir

 

Tarixə çevrilən 2012-ci ildə Azərbaycan Ordusunun qüdrətlənməsi istiqamətində mühüm tədbirlər görüldü. Əvvəllər olduğu kimi, yenə də Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üstünlük təşkil etdi. Hərbi xərclərin daha da çoxalması ordumuzun döyüş qabiliyyətinin artırılması və modernləşməsi üçün həyata keçirilən işlərin davamlı olmasına imkan verdi. 2013-cü ildə də silahlı qüvvələrə ayrılan vəsait Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, maddi texniki bazasının gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şanlı səhifələrindən olan ordunun yaradılması ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra mümkün oldu. Ulu öndər hakimiyyətə o zaman gəlmişdi ki, cəbhə xəttində ermənilər hərbi əməliyyatlarını genişləndirir, yaşayış məskənlərini işğal edir, dinc azərbaycanlılar məcburi köçkün vəziyyətinə düşürdülər. Ulu öndərin 1993-cü il noyabrın 2-də Azərbaycan xalqına tarixi müraciətindən sonra hərbi nizamnamə çərçivəsində və mərkəzdən idarə edilən nizami hərbi hissələr formalaşdırıldı. Yeni Azərbaycan Ordusunun ilk hərbi hissələri 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində və Murov dağda uğurlu əməliyyatlar həyata keçirdilər. Ermənilər tərəfindən işğal olunmuş bir çox yaşayış məskənləri, strateji yüksəkliklər azad edildi.

Azərbaycanda ordunun gücləndirilməsi işinin prioritet elan olunması və  müvafiq sahəyə göstərilən diqqətin gündən-günə artırılması ölkənin milli maraqları ilə bağlı olduğundan bu məsələ bütün dövrlərdə xüsusi diqqət  və həssaslıq tələb edir. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən həm də Ali Baş Komandan olaraq təhlükəsizlik sektorunun səmərəli fəaliyyətinin təşkili ilə yanaşı, ordunun gücləndirilməsini prioriet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, artıq 6 ildir ki, dövlət büdcəsindən müdafiə məqsədləri üçün ayrılan vəsaitin miqdarı artırılır. Son illərdə bu məbləğ milyardlarla dollarla ölçülür. Bu vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat silahlı qüvvələrin arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş texnika daha müasirləri ilə əvəz olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir: "Bu, bizim üçün əsas məsələdir. Çünki uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. İşğal bu gün də davam edir. Biz elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə gücləndirək. Bunu etmək üçün çox böyük işlər, praktiki tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin".

Bu gün silahlı qüvvələrə ictimai nəzarət üçün yüksək səviyyədə şəraitin yaradılması da ordu rəhbərliyinin fəaliyyətinin şəffaflığından xəbər verir. Artıq neçə illərdir orduya ictimai nəzarət mövcuddur. Tez-tez televiziya ekranlarından deputatların, jurnalistlərin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin hərbi hissələrə baş çəkdiklərini, xüsusən cəbhə xəttinə getdiklərini, əsgərlərin şəraiti ilə maraqlandıqlarını görmək mümkündür.

Ordumuzun gücü ilə yanaşı, hərbi qulluqçuların mənəvi-psixoloji durumunun da yüksək olması düşmən Ermənistan üzərində uğurlu qələbəmiz üçün vacibdir. Təəssüflər olsun ki, ictimai nəzarətin, ordu rəhbərliyinin cəmiyyətə açıq olduğu bir şəraitdə bəziləri hansısa hərbi hissədə baş verən xoşagəlməz hadisəni şişirdərək yanlış təəssüratlar yaratmaq istəyirlər. Hətta bəzi qəzetlər mahiyyətdən uzaqlaşaraq məqsədyönlü şəkildə məsələyə tamamilə başqa rakurslardan don geydirməyə, bundan Azərbaycanın əleyhinə istifadə etməyə, siyasiləşdirməyə və beləliklə də orduya qara yaxmağa, onun rəhbərliyini, ali və yüksək zabit heyətini ləkələməyə cəhd göstərirlər. Çox qəribədir ki, ordunu və onun rəhbərliyini ləkələməyə cəhd göstərənlər ya hərbi xidmətin nə olduğunu bilməyənlər, ya da hansısa əməlinə görə ordu sıralarından uzaqlaşdırılanlardır. Bir hərbi hissədə baş verən hadisəni ümumiləşdirib bütövlükdə orduya ləkə vurmağa cəhd göstərmək, ordunun nüfuzuna xələl gətirən çağırışlar etmək  qətiyyən yolverilməzdir. Bir hadisə bütöv ordunun siması ola bilməz. Bir əsgərin, yaxud da zabitin səhvi, səhlənkarlığı on minlərlə əsgərin, zabitin əməlinə kölgə salmamalıdır.

Bu gün Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməyə cəhd edənlər bir nüansı xüsusilə unutmamalıdırlar. Azərbaycanın Silahlı Qüvvələrini riyakar siyasi məqsədlər üçün ləkələmək mümkün deyil. Çünki bu gün təkcə ordunun daha da gücləndirilməsi deyil, həm də baş verən istənilən xoşagəlməz hadisəyə dərhal hüquqi qiymətin verilməsi Ali Baş Komandanın diqqətindədir. Digər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinə ləkə vurmağa çalışanlar bilməlidirlər ki, ordu hamı üçündür və hərbi xidmət ümummilli vəzifədir. Neqativ hadisəni siyasiləşdirənlər, görəsən, niyə bu ordudan həm də Mübariz İbrahimov kimi qəhrəmanların çıxdığını unudurlar? Müharibə başlayacağı təqdirdə isə belə qəhrəmanların sayı minlərlə olacaq.

 

 

 Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 16 yanvar.- S.6.