1990-cı ilin 19 yanvar axşamı...
Tarixin qan
yaddaşı: 20 yanvar faciəsindən 23 il keçir
Onda hələ SSRİ dağılmamışdı, təbii ki, sovet ordusu da hələ var idi. Azərbaycan da o ittifaqa daxil olan respublikalardan biri idi. Azərbaycan oğulları nəsil-nəsil həmin ordunun sıralarında sədaqətlə xidmət etmişdilər.
"Vətəndaşı öz ölkəsində güllələyərlərmi? Öz ordusu insana atəş açarmı?" Neçə gündür bu fikir və duyğularla yaşayan Bakı sakinlərinin inamı getdikcə qırılır, ümidi zəifləyirdi. Şəhərə qoşun yeridiləcəyi barədə arada gəzən söz-söhbət səngimirdi.
Yanvarın 19-da insanlar evindən çölə bu qara gümanın qarşısına sanki sədd çəkmək üçün çıxmışdılar. Onların əlində nə silah vardı, nə də daş-kəsək. Küçələrə, yollara, meydanlara xoş məramla çıxmışdılar. Düşünmüşdülər ki, "sülhsevər" ölkənin ordusu izdihama hörmət göstərər, heç vaxt həddini aşıb silah qaldırmaz.
Bakıda "Salyan kazarması" adlanan yerə yaxınlıqdakı ərazilərə də çoxlu insan toplaşmışdı. "Kazarma"da saxlanan hərbi texnikanın küçələrə çıxması qarşısında canlı bir sipər idi, dinc əhalinin etirazı idi bu.
Lakin qırğın törətmək, Azərbaycan xalqına silah qaldırmaq, onun azadlıq istəyini boğmaq əmri artıq verilmişdi. Əmrin icrasına bir neçə saat qalırdı...
Qış gecəsinin sakitliyini pozan ilk atəşlər eşidildikdə insanlar necə böyük bir xəyanətin baş verdiyini dərk etdilər. Müxtəlif istiqamətlərdən şığıyan tanklar izdihamı öz tırtılları altına alırdı. Ürəyi mənzillərində tab gətirməyib küçədəkilərin harayına tələsənləri, yaralılara yardım göstərməyə gələn həkimləri də öldürürdülər. Vəhşiləşmiş əsgərlər kimə gəldi, hara gəldi atəş açırdılar. Avtobuslar, yük və minik maşınlarını xıncım-xıncım edirdilər. Bəli, onlara belə üzdəniraq və amansız bir tapşırıq verilmişdi.
1990-cı ilin 19 yanvar axşamı Azərbaycan xalqının tarixində və qan yaddaşında təkcə böyük bir faciənin ərəfəsi və başlanğıcı kimi deyil, həm də ümidlərin qırıldığı an kimi qalıb. Bu, SSRİ-yə, sovet ordusuna, onun sülhsevərliyinə və humanistliyə inamın yox olduğu bir axşam idi...
Azərbaycan.-2013.- 16 yanvar.- S.7.