Dağlıq Qarabağ Xocalı aeroportundan başlayır

 

Xocalının adı yenə gündəmdədir. Bu dəfə fərqli şəkildə - əsir şəhərimizdə vaxtilə fəaliyyət göstərən hava limanı separatçı Dağlıq Qarabağ rejimi tərəfindən istifadəyə verilib. Bu haqda qondarma rejimin Mülki Aviasiya İdarəsinin rəhbəri Dmitri Atbaşyan bildirib: "Rəsmi sertifikatı artıq almışıq. Bu sertifikatda Xankəndi hava limanının beynəlxalq standartlara cavab verdiyi və hava gəmilərinin qəbulu, yola salınmasına icazə verildiyi əks olunub".

O, sertifikatın 28 sentyabrda qəbul edildiyini deyib. Xankəndi hava limanı rəsmən istifadəyə verilsə də, təyyarələrin qəbulu və yola salınma tarixi haqqında hələ ki dəqiq məlumat verilməyib.

Qeyd edək ki, rəsmi Bakı Xankəndidə qeyri-qanuni uçuşların keçirilməsilə barışmayacağını dəfələrlə bəyan edib. Yerevan Minsk qrupunun Xocalı aeroportu ilə bağlı fikrinə məhəl qoymayaraq 2012-ci il noyabrın 26-da Xocalı aeroportu məsələsini Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının iclasında da qaldırıb.

Azərbaycanın Kanadadakı səfirliyi bununla əlaqədar açıqlama yayıb,  Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) yanında daimi nümayəndəliyin başçısı səfir Fərid Şəfiyev qurumun Şura iclasında çıxış edib. O, Ermənistan işğalçı qüvvələrinin Xocalı hava limanını istismar etmək niyyətindən söz açaraq bunu təxribat saydığını, beynəlxalq hüquqa zidd olduğunu, bölgədə təhlükəsizliyə xələl gətirdiyini vurğulayıb, qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin üstündəki hava məkanı mülki aviasiya uçuşları üçün bağlıdır və hər hansı təyyarənin belə bir zonaya göndərilməsi sərnişinlərin həyatının təhlükə altında qoyulması deməkdir. Səfir Azərbaycanın öz hava məkanını beynəlxalq hüquq çərçivəsində, xüsusən Çikaqo Konvensiyasına uyğun olaraq qorumaq hüququna malik olduğunu diqqətə çatdırıb.

Azərbaycan, eyni zamanda, Xocalı aeroportu ilə bağlı BMT-yə müraciət edib. Ölkəmizin BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport açmaq istiqamətində atdığı addımlarla əlaqədar BMT Baş katibinə məktub ünvanlayıb və onu işğalçı dövlətin Xocalı aeroportunu istifadəyə verməyə və işğal etdiyi Azərbaycanın əraziləri üzərindəki hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması barədə məlumatlandırıb.

Xocalı aeroportunun taleyi və Yerevandan Qarabağa ilk təyyarənin uçuş vaxtı haqqında danışan erməni rəsmiləri bildirirlər ki, Dağlıq Qarabağ üçün bu, həyati əhəmiyyət daşıyan dəhlizdir və hazırda texniki, naviqasiya məsələləri, daşıma xidmətləri, aviadaşıma standartlarının təmin edilməsi ilə bağlı məsələlər həll olunur: "Bu işlər başa çatan kimi reyslərin həyata keçirilməsinə başlanılacaq". Belə məlum olur ki, ermənilər növbəti dəfə beynəlxalq vasitəçilərin, xüsusən ABŞ Dövlət Departamentinin xəbərdarlıqlarına, Azərbaycan hökumətinin bəyanatlarına məhəl qoymaq fikrində deyillər. Xatırladaq ki, rəsmi Bakı Qarabağda aeroportun fəaliyyətinə imkan verməyəcək, bu, Azərbaycanın suverenliyinin pozulması kimi qiymətləndiriləcək.

 

 Xocalı bir ağı kimi

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədildi. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

 

Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Yaşayış məntəqəsində qalan təqribən 2500 nəfər Ağdama çatmaq ümidi ilə Xocalını tərk etdi. Amma onlardan 613-ü qətliamın qurbanına çevrildi. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150-si itkin düşdü. Ölkəmizə 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard manat həcmində ziyan dəydi.

Bilməyənlər üçün: 7000 nəfər əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da şəhərin bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı həm də qədim insanların məskunlaşdığı yerdir və dövrləri əks etdirən tarixi abidələrlə zəngindir. Dağıntılardan əvvəl şəhərdə toxuculuq fabriki, 2 orta və 2 natamam orta məktəb var idi. O məktəblərə hər gün yüzlərlə uşaq oxumaq, öyrənmək, gələcəyimizi yaşatmaq ümidilə gəlirdi. İndi nə o məktəblər var, nə o uşaqlar. Çoxu döyüşən, vuruşan və qəhrəmanlıqla ölən valideynlərinin yanında idi.

 

 Xocalı soyqırımı kənardan necə görünür

 

O dövrün mətbuatına ani də olsa nəzər salmaq kifayətdir ki, faciəmizin konturlarını görəsən, miqyasını bir daha anlayasan.

"Krua l'Eveneman" jurnalı (Paris), 25 fevral 1992-ci il: "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər".

"Sandi Tayms" qəzeti (London), 1 mart 1992-ci il: "Erməni əsgərləri minlərlə ailəni məhv etmişdir".

"Faynenşl Tayms" qəzeti (London), 9 mart 1992-ci il: "Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar". ...Həmin qəzet 14 mart 1992-ci il nömrəsində yenə yazır: "General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır".

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

"İzvestiya" (Moskva), 4 mart 1992-ci il: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür". Mayor Leonid Kravets: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü".

"Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır".

"Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər. Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".

 

 Dərd paylaşdıqca azalar...

 

 Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ermənilərin 1915-ci il "qurbanlar"ı haqda dedikləri yalanları üstələməyə başlayıb. Axı Xocalı bütün mənalarda dünyaya daha yaxın və daha açıqdır. Elə bunun nəticəsi olaraq ABŞ-ın Massaçusets, Nyu-Cersi, Corciya və Texas ştatlarının Xocalı soyqırımını rəsmən tanıması barədə qərarları məlumdur.

2 fevral 2012-ci ildə Meksika Senatının qəbul etdiyi qərarla Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə "soyqırımı" adlandırılıb.

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləyən qətnamə qəbul edib.

2012-ci ilin 24 aprelində Kolumbiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Bu dəhşətli faciəni tanımamaq mümkün deyil! Çünki beynəlxalq hüququn ən əsas prinsipləri vəhşicəsinə pozulmuşdu: "Hər bir şəxs dilindən, ...dinindən, ...milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır... Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır...  İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır... Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır".

Hadisələrin şahidi İlqar Əliyev: "Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə silos quyusuna töküb, üzərini torpaqladılar... Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular... Onlar fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".

 

 Cəllad etirafları

 

"Başkəsənlər" də danışırlar, yazırlar. Gələcək nəsilləri üçün "tarix" yaradırlar. Bu dəhşətli hadisələrin iştirakçışı, erməni ideoloqlarından biri Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Daha bir erməni, hazırda Livanda yaşayan David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim".

"Martın 2-  meyitləri yandırmaqla məşğul olan "Qaflan" erməni qrupu  2000-ə yaxın alçaq monqolun (türkün) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

 

 Xocalıya "uçuş" var...

 

 Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və mübarizə aparırdılar. Təəssüf ki, o dövrdə ictimai-siyasi proseslər içində boğulan Azərbaycan Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin hamısının götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, geyimli xüsusi qruplarla meşələrə sığınmış insanları axtarır, aşkar edilənləri əsir götürərək alçaldır, işgəncələrə məruz qoyurdular...

O dövr hər bir azərbaycanlının yaddaşında həm   vuran və vurulan vertolyotların görüntülərilə, Xocalı aeroportu və onun Əlif Hacıyev kimi mərd döyüşçülərilə, illərdir baş tutmayan yarımçıq təyyarə, vertolyot reyslərilə qalıb. Hər bir azərbaycanlı üçün Dağlıq Qarabağ Xocalıdan, Xocalı aeroportundan başlayır. Çünki oraya - torpaqlarımıza ən qısa yol da elə aeroport yoludur. İndi ermənilərin istifadəyə verməyə çalışdıqları aeroportun üzərində hər gün minlərlə azərbaycanlı xəyalı gəzib dolanmaqdadır. Evini, yurdunu, balasını, ərini, ailəsini... axtaran, üstündən illər keçsə də, rahatlıq tapmayan insanların xəyalları, arzuları, ümidlərinin qərar tutduğu hava limanı... Yarımçıq mahnılar, yarımçıq səfərlər, yarımçıq söhbətlər, yarımçıq etiraflar və yarımçıq reyslər...

P.S. Xocalı soyqırımının qurbanlarından biri də ömrü yarımçıq qalan Xocalı adlı 2 yaşlı körpə idi.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 16 yanvar.- S.7.