Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyanın Baş naziri ilə
görüşü olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanvarın
16-da Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə
təkbətək görüşü olmuşdur.
Dövlət başçısı Sloveniyanın Baş naziri Yanez Yanşa ilə NATO-nun Çikaqo sammiti zamanı görüşünü və ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı apardığı müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev Yanez Yanşanın ölkəmizə səfərinin uğurlu olacağına, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
Baş nazir Yanez Yanşa böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Bakıda təşkil olunacaq Azərbaycan-Sloveniya biznes forumu zamanı əməkdaşlığımıza dair imzalanacaq sazişlərin əhəmiyyətini vurğulayan Baş nazir ikitərəfli əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.
Dövlət başçısı Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin siyasi və beynəlxalq əməkdaşlıq sahələrində razılıq doğurduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına göstərdiyi dəstəyə görə Sloveniya hökumətinə minnətdarlığını ifadə etdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğuladı. İkitərəfli münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlığın vacib rol oynadığını deyən Prezident İlham Əliyev birgə iqtisadi fəaliyyət, investisiya qoyuluşu və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.
Sloveniya
Respublikasının Baş naziri Yanez Yanşa Prezident İlham
Əliyev ilə NATO-nun Çikaqo sammiti zamanı əlaqələrimizin
inkişafı ilə bağlı apardıqları müzakirələrdən
sonra ölkələrimiz arasında bütün
razılaşmaların həyata keçirilməsindən məmnunluğunu
ifadə etdi. Baş nazir ölkəsinin Azərbaycanın
regiondakı mövqeyini çox yüksək qiymətləndirdiyini
dedi. Yanez Yanşa Azərbaycanın BMT Təhlükəsizlik
Şurasındakı fəaliyyətinin önəmini də
vurğuladı. Ölkələrimiz arasında dostluq əlaqələrinin
mövcud olduğunu qeyd edən Baş nazir öz növbəsində
iqtisadi sahədə əlaqələrimizi genişləndirməyin
vacibliyini vurğuladı. İş adamlarından ibarət
böyük nümayəndə heyəti ilə ölkəmizə
səfərinin əhəmiyyətinə toxunan Baş nazir
iqtisadi əlaqələrimizin genişləndirilməsi
üçün qarşılıqlı marağın olduğunu qeyd etdi.
AzərTAc
Azərbaycan.-2013.- 17 yanvar.- S.1.