2013-cü ilin Azərbaycan
Respublikasında «İnformasiya-kommunikasiya
texnologiyaları ili» elan
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya"nın (2003-2012-ci illər)" gerçəkləşdirilməsi
ölkəmizdə informasiya cəmiyyətinin
formalaşdırılması üçün müvafiq
hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata
keçirilən dövlət proqramları və zəruri
islahatlar nəticəsində ölkəmizin ümumdünya
elektron məkanına daha sürətli inteqrasiyası təmin
edilmiş, elektron hökumətin yaradılması, biliklərə
əsaslanan iqtisadiyyatın təşəkkülü,
informasiya təhlükəsizliyi və digər məsələlərin
həlli istiqamətində mühüm addımlar
atılmışdır.
Respublikamızda
ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə
bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli
internet resurslarının zənginləşdirilməsi,
internet-radio və internet-televiziya proqramları, elektron qəzet
və jurnalların yayılması, sosial şəbəkələrin
geniş yer alması və respublika əhalisinin əksər
hissəsinin internet istifadəçisinə çevrilməsi
informasiya-kommunikasiya texnologiyalarının
inkişafının əyani göstəricisidir. Elm və
texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə
təkan verəcək kosmik sənayenin yaradılması ilə
bağlı dünyanın aparıcı xarici mütəxəssislərinin
iştirakı ilə Azərbaycanın süni telekommunikasiya
peykinin orbitə çıxarılması üzrə işlərin
artıq həlledici mərhələyə qədəm
qoyması informasiya-kommunikasiya texnologiyalarının
potensialından daha dolğun istifadə üçün
möhkəm zəmin yaradır. Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
və dövlət orqanları tərəfindən vətəndaşlara
göstərilən xidmətlərin həyata keçirilməsini
təmin edən "ASAN xidmət" mərkəzlərinin
yaradılması da elektron hökumətin
formalaşdırılmasında mühüm əhəmiyyət
kəsb edir.
BMT
Baş Assambleyasının qəbul etdiyi "Minilliyin Bəyannaməsi"
və "İnformasiya və kommunikasiya texnologiyalarından
inkişaf naminə istifadə" haqqında qətnamələri
nəzərə alaraq, qabaqcıl texnologiyaların vətəndaşların
gündəlik həyatının müxtəlif sahələrində
tətbiqini təmin etmək məqsədi ilə və Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
2013-cü il Azərbaycan Respublikasında
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edilsin.
2. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan
Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları
ili" elan edilməsinə dair tədbirlər planını
hazırlayıb bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 yanvar
2013-cü il
Azərbaycan.-
2013.- 17 yanvar.- S.1.