Azərbaycanın enerji sahəsində fəaliyyəti dinamik xarakter daşıyır

 

Nazirlər Kabinetinin ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu fikri vurğulayan dövlət başçısı Azərbaycanın özünü dünyanın enerji bazarında ciddi rola malik ölkə kimi təsdiqlədiyini bildirdi

İclasda ötən ilin ölkə üçün ümumən uğurlu olduğu göstərilərək ayrı-ayrı sahələrdə qazanılan nailiyyətlər ətraflı açıqlanıb. Azərbaycanın iqtisadiyyatının güclü olduğu bir daha vurğulanıb və bunun sayəsində ölkənin gələcəyinin daha gözəl olacağına inam ifadə edilib. Ölkə Prezidenti "Keçən il eyni zamanda biz enerji sahəsində böyük nailiyyətlərə çatmışıq" deyib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının reallaşması sayəsində qazanılan uğurlar Azərbaycanı bütün dünyada ciddi ölkə kimi tanıdıb. Uğurla icra olunan neft və qaz layihələri, ahəngdar işləyən ixrac kəmərləri ölkənin gücünü və nüfuzunu artırıb. İndi Azərbaycan təkcə neft diyarı kimi deyil, həm də qaz hasil edib satan ölkə kimi tanınır.

Doğrudur, keçən il neft hasilatında müəyyən azalma müşahidə olunmuşdu. Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin üç ay bundan əvvəl keçirilmiş iclasında qeydlərini ətraflı bildirmişdi. Lakin narahatlıq doğuran məsələlərin tez bir zamanda çözülüb onlara aydınlıq gətirilməsinin, nəticədə neft hasilatı sahəsində tərəfdaş olan şirkətlər arasında qarşılıqlı anlaşmanın bərpasının özü də müsbət hal kimi dəyərləndirilir. Bu barədə Nazirlər Kabinetinin keçən ilin yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "Neftin hasilatı ilə bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində deyə bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. BP şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, BP ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır. Çünki gələcəkdə görüləsi işlər çoxdur".

Qarşıda duran vəzifələr "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsindən, neft hasilatının sabit saxlanılmasından, TANAP-ın, eləcə də bir sıra regional və digər layihələrin icrasından ibarətdir.

Bütün bu layihələr möhkəm təməl üzərində inkişaf edir. Son 20 ildə Azərbaycan enerji sahəsində dünyaya səs salan genişmiqyaslı işlər görüb. Keçən il də məhz bu siyasətin davamı kimi bir sıra inamlı addımlar atıldı. Azərbaycan TANAP - Trans-Anadolu Qaz Boru Kəmərinin çəkilməsinin təşəbbüskarı kimi çıxış etdi.

Layihənin reallaşması ilə bağlı maliyyə yükünün çox hissəsini də, bütün texniki riskləri də Azərbaycan öz üzərinə götürüb. Prezident İlham Əliyev bu barədə demişdir: "TANAP layihəsi təşəbbüsünün irəli sürülməsi bizim çox ciddi addımımız idi. Mən çox şadam ki, qısa müddət ərzində TANAP layihəsi dünyada çox böyük dəstəyə malik oldu. Dünyanın aparıcı ölkələri birmənalı şəkildə bizim təşəbbüsümüzü dəstəkləmişlər. Beynəlxalq qurumlar da eyni dərəcədə mövqeyimizi dəstəkləmişlər".

Bu da təsadüfi deyil. Çünki bu sahədə Azərbaycanın artıq zəngin təcrübəsi var. "Əsrin müqaviləsi" imzalanandan sonra Bakı-Supsa və Bakı-Novorossiysk marşrutları ilə neft ixrac edən iki kəmər bərpa edilib, demək olar ki, təzədən tikilib. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ulu öndərin səyi ilə araya-ərsəyə gələrək bu gün regionun iqtisadi həyatında mühüm rol oynayır. Öz əhəmiyyətinə görə BTC-dən heç də geriyə qalmayan, Azərbaycan qazını üç ölkənin ərazisi ilə daşıyan Bakı-Tbilisi-Ərzurum kəmərinin təşəbbüskarı da ölkəmiz olub. Adıçəkilən layihələr Azərbaycanın inkişafına təkan verir və bu inkişaf bütün regiona müsbət təsir göstərir. Nəticədə ölkəmiz üçün Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməyə imkan yaranır. Təsadüfi deyil ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə respublikamız bu sahədə önəmli və həlledici tərəfdaş kimi göstərilir.

TANAP-ın dəstəklənməsi də məhz bu bünövrədən qaynaqlanır. İndi Azərbaycan bu layihənin icrası üçün tərəfdaş ölkələrlə konkret tədbirlər görür və 2013-cü il boyu bunu davam etdirəcək. Vaxtilə ulu öndər Heydər Əliyev BTC-ni Azərbaycanı irəliyə aparacaq bir layihə kimi təqdim etmişdi. İndi biz onun bəhrələrini görürük. TANAP-ın icrası da bundan sonra onilliklər boyu Azərbaycanın iqtisadi və digər maraqlarını təmin edəcək.

TANAP Azərbaycan qazını Türkiyə ərazisinə nəql edən nəhəng bir kəmər olacaq. Azərbaycanın onun inşası üçün həm iradəsi, həm də texniki imkanları genişdir. TANAP-ın icrası üçün Azərbaycanın əvvəlki layihələrin reallaşmasından əldə etdiyi maliyyə imkanları da var. Həmçinin beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq artır. İndi maliyyə qurumları Azərbaycana kredit vermək üçün az qala öz aralarında rəqabət aparırlar. Lakin ölkəmiz kreditlərin sayını azaltmaqda maraqlıdır.

İndiyədək uğurla reallaşdırılan layihələr Azərbaycana həm bir sıra yeni infrastrukturlar yaratmağa, həm də sosial məsələləri həll etməyə imkan verir. Dövlət Neft Fondundan bu məqsədlər üçün vəsait ayrılır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün ən böyük məbləğ məhz Dövlət Neft Fondundan yönəldilib. Fonddan ayrılan 300 milyon manat vəsait hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə təmin edilib. Maliyyə imkanları bu evlərin yüksək keyfiyyətlə tikilməsinə səbəb olub. Həmin məqsəd üçün bu il də Dövlət Neft Fondundan eyni həcmdə vəsaitin ayrılması nəzərdə tutulub.

Bütün bunlar o deməkdir ki, ölkənin enerji sahəsindəki fəaliyyəti dinamik xarakter daşıyır. İqtisadiyyatımız ildən-ilə inkişaf edir və şaxələnir. Qeyri-neft sektorunda getdikcə daha böyük irəliləyiş müşahidə olunur. Bununla yanaşı, enerji məsələləri, həm neft, həm də qaz hasilatı ilə bağlı regional layihələr gündəlik həyatımızda öz aktuallığını itirmir.

Nazirlər Kabinetinin iclasında Prezident bir daha qeyd edib ki, enerji təhlükəsizliyi daim diqqət mərkəzində olan məsələdir. Belə ki, Azərbaycan dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik bir ölkə kimi artıq özünü təsdiqləyib. Bir sıra Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. Başqa sözlə, Azərbaycan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində bilavasitə iştirak edir.

İclasda həyata keçirilməsinə başlanan yeni layihələrin də vaxtında icra ediləcəyinə inam ifadə olunub. Həmin layihələrin uğuru sayəsində Azərbaycan hələ bundan sonra da uzun müddət Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzsiz rol oynayacaq. Nəticədə ölkəmizin dünyada həm siyasi, həm də iqtisadi çəkisi artacaq.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2013.- 17 yanvar.- S.3.