Hər keçmiş sovet 1000 rubluna görə Rusiyada 30, Belarusda 33, Ermənistanda 34, Qırğızıstanda 21, Qazaxıstanda 7, Azərbaycanda isə 190 dollar...

 

MDB-nin digər ölkələrində də keçmiş sovet əmanətlərinin qaytarılması ilə bağlı təyin edilən indekslər Azərbaycandakından xeyli aşağı olmuşdur

 

Son illər Azərbaycan hökumətinin diqqət və qayğısı nəticəsində  ölkə vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Prezident İlham Əliyevin  14 mart 2012-ci il tarixli "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanı və onun icrasıdır.

Ötən ilin iyun ayından icrasına başlanılan bu fərmanın sevincini minlərlə insan yaşadı. Vətəndaşların vaxtilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında qoyduqları əmanətlərə birdəfəlik ödəmələrin verilməsi əhalinin uzun illərdən bəri davam edən narahatlığına son qoydu. Redaksiyamıza bu barədə daxil olan teleqram, məktub və müraciətlərdə minlərlə insanın Azərbaycan dövlətinə, dövlət başçısına olan sonsuz inamı, dəstəyi və minnətdarlığı ifadə olunur.

Bu addım əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş milli dövlətçilik konsepsiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində Azərbaycanın getdikcə artan sosial-iqtisadi qüdrətinin ölkə vətəndaşlarının rifahına yönəldilməsinin bariz nümunəsidir.

Əmanətçilərdən sənədlərin qəbulu və fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində vaxt itkisinə yol verilməməsi, hər hansı narahatlığın yaşanmaması üçün  Bakı şəhərində 65, respublikamızın digər regionlarında 78, bütövlükdə ölkə üzrə 143 məntəqə xidməti fəaliyyətdə olmuşdur. Vaxtilə öz əmanətlərini Naxçıvan Muxtar Respublikasındakı əmanət kassalarında yerləşdirmiş əmanətçilərin, eyni zamanda Bakı şəhərində məskunlaşmış məcburi köçkün əmanətçilərin gediş-gəliş problemi nəzərə alınmaqla sonradan paytaxtda 144 saylı daha bir məntəqə təşkil edilmişdir. Bundan başqa, itmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlərin qəbulu məqsədilə Bakıda 3, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin isə hər birində 1 əlavə məntəqə təşkil edilmişdir. Bakıdan,  Gəncədən, Göyçaydan, Şəmkirdən, Oubadan, Qusardan, Lənkərandan, Masallıdan, Cəlilabaddan, Bərdədən, Ağsudan və digər yerlərdən olan minlərlə vətəndaşın sırf fərdi birdəfəlik ödəmələrlə bağlı yazılı müraciətlərinə Kapital Bankın Baş Ofisi tərəfindən ətraflı açıqlama verilmiş, eyni zamanda "Qaynar xətt" vasitəsilə müracət edən hər bir vətəndaşın sualına aydınlıq gətirilmişdir.  Nəticədə 1 iyun 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinə qədər Kapital Bank tərəfindən 1 milyon 448 min 941 əmanət hesabı üzrə ümumilikdə 554 milyon 711 min 653 manatlıq ödəniş aparılmışdır. Bundan əlavə, 30 min 537 əmanət hesabı üzrə də ödənişlərin aparılmasına icazə verilmiş, həmin əmanət hesablarının aid olduğu vətəndaşlar Kapital Bankın müvafiq filiallarına müraciət edərək vəsaitlərini götürə bilmişlər.

Qusar rayonundan kənd müəllimi Dair Məcidov redaksiyamıza ünvanladığı məktubunda bildirir: "Hörmətli redaksiya! Keçmiş SSRİ dövründə əmanət kassalarına qoyulan pulların geri qaytarılmasını yaşadığım Cibir kəndinin sakinləri böyük sevinclə qarşıladılar. Neçə-neçə ailənin sosial vəziyyəti yaxşılaşdı. Bundan oğluna toy edən də oldu, qızına cehizlik alan da. Bəziləri təsərrüfatını genişləndirmək, həllini gözləyən problemləri aradan qaldırmaq üçün lazımi işlər gördülər, müəyyən texnika aldılar. SSRİ dövründən qalan əmənətlərini çox rahatlıqla və yüksək faizlə alan kənd sakinlərimiz adından Azərbaycan Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Biz həmişə Azərbaycan dövlətinə inanmışıq və bundan sonra da cənab Prezidentin siyasətini canla-başla dəstəkləyəcəyik".  

Hörmətli oxucular, yazdıqlarımızdan elə çıxmasın ki, belə genişmiqyaslı prosesdə hər şey nəzərdə tutulduğu kimi qaydasında olub. Xeyr, iş olan yerdə nöqsan da olar, deyirlər. Təbii ki, bu prosesdə öz vəzifəsinin öhdəsindən lazımi şəkildə gələ bilməyən, bankın korporativ normalarını pozan, vətəndaşlarla ünsiyyətdə vəzifə borcunu lazımi şəkildə yerinə yetirə bilməyən əməkdaşlar da olub. Qeyd edək ki, belələri Kapital Bankın rəhbərliyi tərəfindən inzibati qaydada cəzalandırılıb. Məlumat üçün bildirək ki, sənəd qəbulu dövründə bu kimi hallara yol verdiklərinə görə 16 əməkdaş işdən kənarlaşdırılıb, 31 əməkdaş haqqında isə digər inzibati tənbeh tədbirləri görülüb.

Müraciətlərdən məlum olur ki, SSRİ dövründən qalmış bu əmanətlərin fərdi birdəfəlik ödənilməsi ərəfəsində ölkə vətəndaşlarını maraqlandıran bir sual da olub: görəsən, MDB ölkələrində bu ödəniş necə həyata keçirilib?

Qeyd etmək yerinə düşər ki,  Azərbaycan bu sahədə digər MDB ölkələrindən yalnız üstün cəhətləri ilə fərqlənib. Belə ki, ölkəmizdə bu prosesin sosial coğrafiyası daha geniş olub. Yəni, əksər Azərbaycan ailələri dövlətin bu dəstəyindən faydalana biliblər. Digər tərəfdən,  Azərbaycan bütün MDB məkanında yeganə ölkə olub ki, vətəndaşlara fərdi birdəfəlik ödəmələrin verilməsinə, həm də bunun digər ölkələrdəki kimi müxtəlif əmanətçi kateqoriyaları üzrə bəzən on illərlə davam edən uzun müddət ərzində  deyil, qısa zamanda həyata keçirilməsinə qərar verərək nəzərdə tutulan müddətdə bu qərarın icrasını yerinə yetirib. Bununla da Azərbaycan vətəndaşları olan bütün əmanətçilərə münasibətdə sosial ədalət prinsipi yüksək səviyyədə təmin olunub.  Ən əsası isə bütün MDB məkanında ən yüksək indeksasiya əmsalı Azərbaycanda tətbiq edilib. Nəzərinizə çatdıraq ki, indiyə qədər hər 1000 rubl əmanətə görə Rusiyada 30, Belarusda 33, Moldovada 71, Qırğızıstanda 21, Qazaxıstanda 7, Özbəkistanda 109, Ermənistanda 34 ABŞ dolları məbləğində pul verilibdir. Ukraynada bu prosesi, ümumiyyətlə, başa çatdırmaq mümkün olmayıb. Azərbaycan isə 1000 rubl əmanət qalığına görə vətəndaşlara 190 ABŞ dolları ödəməklə bütün MDB məkanında yenə də fərqlənib.

Ölkə vətəndaşlarının keçmiş əmanət banklarında olan əmanətlərinin verilməsi prosesi əsasən başa çatsa da, proses davam edir. Çünki üzrlü səbəblərdən bu müddətdə öz sənədlərini banka təqdim edə bilməmiş hər bir vətəndaşın müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən baxılır. Yeri gəlmişkən, xatırladaq ki, birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiya ödəmə prosesi başa çatana qədər fəaliyyət göstərəcək. Vətəndaşlar fərdi birdəfəlik ödəmələrlə bağlı onları narahat edən istənilən mübahisəli məsələ barədə Xüsusi Komissiyaya müraciət edə bilərlər. Əminliklə deyə bilərik ki, fərdi birdəfəlik ödəmələrin növbəti mərhələsində də vətəndaşlar əmənətlərinin qaytarımasında heç bir problemlə üzləşməyəcəklər.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2013.- 17 yanvar.- S.3.