Azərbaycan xalqı ordumuza qara yaxmaq istəyən ünsürləri qətiyyətlə pisləyir

 

Prezident İlham Əliyev: "Biz heç vaxt imkan verə bilmərik ki, antimilli  ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar"

 

 Mübariz ruhda köklənmiş, tarixi təməl üzərində sürətlə inkişaf edən Azərbaycan Ordusu regionun qüdrətli silahlı qüvvələrinə çevrilib. Müsəlman Şərqinin təkcə ilk demokratik, hüquqi, dünyəvi cümhuriyyətinin deyil, həm də hərbi nizamnamə və əsasnamə əsasında formalaşan ilk nizami ordusunun Azərbaycanda yaranması, şübhəsiz, xalqımız üçün qürur hissi doğuran haldır. Bu gün də ordumuzun güclü olması hər birimizdə fərəh yaradır.

Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Dövlət müstəqilliyinin ilk illərində ölkəmizdəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizlyi üzündən ordu quruculuğu yönümündə ciddi  bir  addım atılmadı, silahlı qüvvələr ayrı-ayrı siyasi qruplaşmaların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrildi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı. Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması isə yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu.

Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 9 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu müstəqilliyinin bərpasının 21-ci ilini yaşayan Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Hələ 2003-cü ildə "Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çox olmalıdır" - deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bu məsələyə toxunub: "Ordu quruculuğuna gəldikdə isə, deyə bilərəm ki, keçən il bu istiqamətdə də böyük işlər görülmüşdür. Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülmüşdür, böyük sayda texnika, silah-sursat alınmışdır, infrastruktur yaradılmışdır. Keçən il ümümi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqaiysə üçün deyim ki,  Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik".

AXCP, Müsavat rəhbərliyi, eləcə də Eldar Namazovun "reneqat"lar dəstəsi Azərbaycan Ordusunda bir nəfər əsgərin ölümü ilə nəticələnən hadisədən siyasi dividend götürmək üçün spekulyasiyalar edirlər. Satellit təsisat olan "ziyalı" qrupunun həmtəsisçisi E.Namazov, eləcə də Ə.Kərimli və İ.Qəmbər prezident seçkiləri öncəsi çirkin piar kampaniyaları aparmaqla cəmiyyətin diqqətini cəlb etmək niyyəti güdürlər. Lakin bu qüvvələr ictimai və siyasi baxımdan özlərini doğrulda bilmədiklərindən son bəyanatları da cəmiyyətdə ikrahla qarşılandı.

Siyasi maraqlarını təmin etmək üçün hər bir məsələdən dividend götürməyə çalışan və əsgər ölümünü də özünəməxsus tərzdə gündəmə gətirən bu destruktiv qüvvələr dövlətçiliyə xidmət etmədiklərini bir daha təsdiq etdilər. Qaragüruh əxlaqında olan bu avantüristlər anlamırlar ki, ordu siyasi məqsədlər üçün vasitə ola bilməz. Bunu xalqımız qəbul etmir və belə halları qətiyyətlə pisləyir. Prezident İlham Əliyev bildirib: "Ordu quruculuğu işində, əlbəttə, təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır. Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər  bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq. Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıbdır. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcəkdir və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcəkdir və verir".

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 17 yanvar.- S.4.