«Böyük İqtisadi Ensiklopediya»nın nəşri böyük əhəmiyyət daşıyır

 

Akademik  Ziyad  Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə respublikada ilk dəfə hazırlanmış və çap olunmuş irihəcmli fundamental "Böyük İqtisadi Ensiklopediya" son dövrlərdə təqdim edilmiş ən əhəmiyyətli nəşrlərdən biridir. "Əslində, ensiklopediyanın məqsədi hal-hazırda yaşayan insanlar üçün anlaşılan və bütün dünyada səpələnmiş bilikləri toplayıb gələcək nəslə ötürməkdir ki,  əvvəlki əsrlərdə görülən işlər növbəti əsrlər  üçün yararsız olmasın, bu biliklərlə zənginləşdirilmiş gələcək nəslimiz daha xoşbəxt və xeyirxah olsunbiz gələcək  nəsil üçün həmişəlik yox olmayaq". Bu sözləri ensiklopediyalar haqqında XVIII əsrin fransız yazıçısı və filosofu Deni Didro deyib.

Biliklərimizi gələcək nəsil üçün qoruyub saxlamaq indiki nəslin də bir vətəndaşlıq və insani borcudur. "Böyük İqtisadi Ensiklopediya" bu sahədə qazanılan uğurlardandır.

Ulu öndər Heydər Əliyev bu sahədə də gələcək nəsillər üçün çox mühüm işlər görmüşdür. Ümummilli liderin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilmiş "Azərbaycan Sovet Ensiklopediyası" ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında", həmçinin "Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi  Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncamlar imzalamışdır.

Bütün bu sərəncamlar dövlətin ensiklopediya nəşrlərinin inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Milli Ensiklopediya ilə yanaşı, hər sahə ilə bağlı ayrı-ayrı ensiklopediyaların hazırlanmasına və nəşrinə zərurət yaranmışdı. İqtisadi sahədə buna daha çox ehtiyac duyulurdu. Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra - ötən 21 ildə nail olduğu iqtisadi nailiyyətlərin milli inkişaf modeli ilə bağlılığı danılmaz həqiqətdir. Bu da bir həqiqətdir ki, istənilən ölkənin iqtisadi inkişaf istiqaməti onun imkanlarına, şəraitinə müvafiq olur və müxtəlif parametrlərə görə başqalarından fərqlənir.

Müstəqillik illərində Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşması ilə bağlı obyektiv qənaət isə qısa zamanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərlə şərtlənir. Statistik məlumatlar göstərir ki, 1996-cı ildən respublikada ümumi daxili məhsul istehsalı 5,7 dəfə, o cümlədən sənaye sahələrində 5,5, kənd təsərrüfatında 1,9, tikinti sektorunda 41, nəqliyyat xidmətləri sahələrində 3,7, rabitədə 18,7, ticarətdə 5,7 dəfə artmışdır. Ötən illərdə respublika iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələrindən 83,4 milyard manat həcmində investisiya yönəldilmişdir və bunun da 54,4 milyard dolları xarici sərmayələrdir.

Ölkədə əldə edilən ən mühüm göstəricilərindən biri də xalqın təbii sərvətləri üzərində yiyəlik hüququ qazanması və davamlı inkişafı naminə məqsədyönlü şəkildə istifadə etməsidir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. O zaman iqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft kontraktının təntənəli imzalanma mərasimi keçirilmiş, bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmuşdur. Beləliklə, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi qoyulmuşdur. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə  mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi QafqazOrta Asiya regionu üçün strateji əhəmiyyətə malik olmuşdur. Azərbaycanın keçdiyi yolbugünkü uğurları yeni neft strategiyasının milli müstəqilliyin möhkəmləndirilməsindəki müstəsna rolunu bir daha təsdiqləyir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasəti ötən 8 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sistemli və məqsədyönlü islahatlar nəticəsində müstəqil Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vurmuş, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçmişdir. 2003-cü il oktyabrın 30-da keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!" - deyən Prezident  İlham Əliyev ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların  müəllifinə çevrilmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi strategiya inkişaf  prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.

Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan  iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq biruzə vermişdir.

Son 8 ildə büdcə gəlirləri 12 dəfədən çox artmış, 1,2 milyard manatdan 15 milyard manata yüksəlmişdir. İlk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard ABŞ dollarını keçmişdir. Ölkənin büdcə gəlirlərinin illik artım tempinin orta hesabla 20-40 faiz təşkil etməsi də diqqətəlayiq faktlardan biri  kimi vurğulanmalıdır.

Bütün bunlar gələcək nəsillərə də çatdırılmalı və izah edilməlidir. Bu baxımdan akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış irihəcmli fundamental "Böyük İqtisadi Ensiklopediya" böyük əhəmiyyət daşıyır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf modeli ilə açıq-aydın təsəvvür yaradan "Böyük İqtisadi Ensiklopediya" ölkənin elmi-ictimai həyatında mühüm hadisədir. 10 minə yaxın termin, iqtisadi anlayış və təhlili məqaləni özündə ehtiva edən beş cilddən ibarət ensiklopediyanın hazırlanma prosesinə ölkənin tanınmış, nüfuzlu mütəxəssisləri cəlb edilmişburada çoxsaylı nəzəri, faktoloji material əsasında ictimai həyatdan gələn sualları cavablandırmaqla oxucuya iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verilmişdir. Bu dəyərli nəşrdə makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, maliyyə, audit, mühasibatlıq, pul-kredit, qiymətli kağızlar bazarı, rəqabət, inhisar, innovasiyalar, nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada açıqlanır. Burada iqtisadiyyatın bütün səviyyələri üzrə müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi-iqtisadi məktəblər və onların  görkəmli nümayəndələri haqqında mühüm məlumatlar əksini tapır. Ensiklopediyanın hazırlanmasında inkişaf etmiş ölkələrin iqtisadiyyat lüğətlərindən, statistik külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək təşkilatlarının internet resurslarından səmərəli istifadə olunmuşdur.

Akademik Ziyad Səmədzadə və ensiklopediyanın hazırlanma prosesində iştirak edən işçi qrupu çətin, böyük zəhmət tələb edən dəyərli bir işin öhdəsindən gəlmiş və mürəkkəb intellektual əmək tələb edən nəşrin işıq üzü görməsinə nail olmuşlar.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinun rektoru,

akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 17 yanvar.- S.5.