Dövlətçilik tariximizin şanlı səhifəsi

 

Ali məramlı tarixi şəxsiyyətlərin missiyası

 

XVI əsrin əvvəlində Azərbaycan özünün sosial-iqtisadi, hərbi və siyasi inkişafının çox mühüm mərhələsinə daxil oldu. Bu, 1501-ci ildə Şah İsmayıl tərəfindən əsası qoyulmuş Azərbaycan Səfəvi dövlətinin yaranması ilə bağlıdır. 1501-ci ildən 1736-cı ilədək mövcud olub, dövrünün çox güclü Osmanlı və Böyük Moğol türk imperatorluqları ilə yanaşı yaşamağa, rəqabət aparmağa qadir olan bu dövlət nəinki Azərbaycan xalqının, Şərqin bir çox xalqlarının iqtisadi, siyasi və mədəni inkişafında böyük rol oynamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetinin 05.12.2012 tarixli nömrəsində dərc edilmiş "Şah İsmayıl Səfəvi ali məramlı şəxsiyyət kimi" adlı elmi məqaləsində təkzibedilməz tarixi faktlar və bilgilər əsasında Azərbaycan Səfəvilər dövlətinin tarixdəki yerirolu düzgün, obyektiv şəkildə qiymətləndirilmişdir. Hörmətli akademik Ramiz Mehdiyev tərəfindən özəyini və dayağını Azərbaycan türkləri təşkil edən bu mərkəzləşmiş Azərbaycan  dövlətinin qurucusu Şah İsmayılın tarixi şəxsiyyət kimi  siyasi fəaliyyəti  hərtərəfli təhlil edilmişdir. Məqalədə Səfəvilərin etnik mənşəyi məsələsinə xüsusi diqqət yetirilmişbundan düzgün elmi nəticələr çıxarılmış, tarixi gerçəklikləri görmək, eşitmək istəməyən bəzi "səfəvişünasların" cəfəng mülahizələri kəskin şəkildə tənqid edilmişdir. Azərbaycan Səfəvi dövlətinin qurucusu Şah İsmayılın məxsus olduğu sülalənin etnik mənsubiyyəti ilə bağlı Səfəvi tarixşünaslığında müxtəlif fikirlərə rast gəlinsə də, "Səfəviyyə" dini ordeninin yaradıcısı Şeyx Səfiəddinin bir Azərbaycan türkü olması heç bir şübhə doğurmayan tarixi gerçəklik kimi çoxdan təsdiq edilmişdir. Çünki səfəvişünas alimlər tərəfindən Səfəvilərin ulu əcdadları haqqında əsas və etibarlı mənbə sayılan Təvəkkül ibn İsmayıl ibn Bəzzazın XIV əsrin II yarısında yazdığı "Səfvət əs-səfa" ("Saflığın saflığı") kitabında Şeyx Səfi dəfələrlə açıq şəkildə "piri-türk" - "müqəddəs türk" və yaxud "türk piri" adlandırılmışdır. "Azərbaycan Səfəvilər dövləti" kitabında bu məsələyə aydınlıq gətirən görkəmli alim Oqtay Əfəndiyevin yazdığına görə, hətta Fars torpağı olan Şirazda sülalənin banisi olan Şeyx Səfiyə dəfələrlə onun etnik mənsubiyyəti qabardılaraq bir türk kimi müraciət  edilmişdi. Qocaman alimin öz kitabında "Səfvət əs-səfa"dan gətirdiyi iqtibaslarda da bu tarixi gerçəklik bir daha təsdiqlənir. O.Əfəndiyevin əsərinə müraciət edək: "Yüksək mənsəb sahibi olanbütün Farsda cəsarəti ilə tanınan əmir Abdulla Şeyx Səfiyə müraciət edərək dedi: "Ey, türk piri..." Mövlana Əhməd və Mövlana İbrahim Təbrizinin qeydlərinə görə, "onlar Ərdəbilə gələndə Şeyxin evində bizim üçün qara çörək və su gətirdilər. Qəflətən bir neçə türk daxil oldu. Onlar üçün çörək və bal gətirdilər". Bundan belə nəticə çıxır ki, Şeyx Səfinin hücrəsində türklər digərlərindən fərqləndirilir və onlara üstünlük verilirdi. Kökü, mənşəyi türk olan bir sülalənin XV-XVI əsrlərdə baş vermiş hərbi-siyasi proseslərdə ikinciüçüncü dərəcəli rol oynayan fars etnosu üçün "İran milli dövləti" yaratması qətiyyən ağlabatan görünmürbu, heç bir tarixi məntiqə də uyğun gəlmir. Tam qətiyyətlə demək olar ki, Səfəvi dövləti yaranışından süqutuna qədər bir türk dövləti kimi mövcud olmuşdur. Etnik kökü türk, mənsubiyyəti türk, sülaləsi türk, özü türk olub. Azərbaycanın Ərdəbil mahalında doğulmuş Şah İsmayıl Xətainin bəzi İran tarixçiləri tərəfindən "türk dilində danışmağa məcbur olan iranlı" kimi qələmə verilməsi nə qədər gülüncabsurd görünür. Şah İsmayılın özünün siyasi və ədəbi fəaliyyəti, fikrimizcə, belə haqsız iddialara ən tutarlı cavab hesab oluna bilər. Şah İsmayılın qurduğu Azərbaycan Səfəvi dövlətində türk dili ən yüksək status qazanmışdı. Dövlətin ali mənsəb sahiblərinin işləyib çalışdığı saray təşkilatında türk dilində danışılır, hökm və fərmanlar da bu dildə verilirdi.

Akademik Ramiz Mehdiyevin məqaləsində görkəmli sərkərdə və dövlət xadimi kimi qiymətləndirilən Şah İsmayıl Səfəvinin ana dili olan doğma türk dilinə nə dərəcədə bağlı olduğu, bu dilin dövlət dili statusu qazanması, milli mədəniyyətimizin inkişafı üçün göstərdiyi xidmətlər xüsusi olaraq qeyd edilmişdir. XVI-XVII əsrlərdə, demək olar ki, bütün Səfəvi hökmdarları dövlət işlərində Azərbaycan türk dilindən geniş istifadə etmiş, bu dildə fərmanlar vermiş və məktublar yazmışlar.

Şah İsmayılın (1501-1524) 1512-ci ildə Musa Durğut oğluna fərmanı, Şah I Təhmasibin (1524-1576) Osmanlı Sultanı II Səlimə, İngiltərə kraliçası Yelizavetaya, Şah I Səfinin (1629-1642) Avstriya İmperatoru II Ferdinanda, Şah II Abbasın (1642-1666) Şirvan bəylərbəyi Hacı Mənüçöhr xana, Şah Sultan Hüseynin (1694-1722) Polşa Kralı Fridrix Avqusta yazdığı məktublar türk dilindədir. Maraqlıdır ki, bu dövrdə Osmanlı sarayında rəsmi dövlət dili kimi fars dili işlədilirdi. 1514-cü il Çaldıran savaşından sonra Şah İsmayılın Osmanlı Sultanı Səlimə sülh təklifi ilə göndərdiyi məktub bu gün də tamamilə anlaşılan türk  dilində yazılmışdır. Məktubda deyilir: "Əgərçe mənim kinimə bel bağladınız, lakin mənim ixlasdan qeyri ayinim yoxdur və bu vurhavurda (Çaldıran savaşında - müəlliflər) mənim günahım yox idi. Əgər olmuş isə, mərhum Sultan Bəyazid xan dövranında sadiqlikdən qeyri nəsnə görməmişdir. Onun mülkünə tamah salmadım, Əcəm mülkü ilə qənaət eylədim. Ədəb təriqinə riayət edib, xilaf bayrağını qaldırmadım" (Xuseyn. "Bedai ul-vekai (Udivitelğnıe sobıtiə). "İzdanie teksta, vvedenii i obşaə redaküiə A.S.Tveritinovoy) Moskva: İzdatelstvo Vostoçnoy Literaturı. l. 445 b)) əsərindən iqtibas gətirdiyimiz Osmanlı tarixçisi Qoca Hüseynin yazdığına görə, sultan Səlim Şah İsmayılın türk dilində olan məktubuna fars dilində cavab göndərmişdi. Məktubda sülh üçün əsas şərt kimi Səfəvilərin qızılbaşlıqdan imtina etməsi göstərilirdi. Sultan Səlimin tələbi belə idi: "Qırmızı papağı başınızdan endirəsiniz və Bayanduriyyə sultanlığı zamanında dörd böyük Ridvanullah əleyhum (Məhəmməd Ə.S.-dan sonra gələn dörd xəlifə - Əbu Bəkr, Osman, Ömər və Əli nəzərdə tutulur -müəlliflər) nə tərzdə zikr olunursa, ol üslub üzrə yad etdirəsiniz... Ol köprü ki Araz çayı üzrə olub, Çoban köprüsü kimi tanınır, iki məmləkətin sərhədi olursa, sizinlə bəradər (qardaş - müəlliflər) kimi olalım". Fikrimizcə, məktubun əsas əhəmiyyəti həm də ondadır ki, bu gün bizim Vətən tarixşünaslığında səhvən və ya yanlışlıqdan Ağqoyunlu kimi təqdim etdiyimiz dövlətimizi I Sultan Səlim öz adı ilə - "Bayanduriyyə sultanlığı" adlandırmışdır (Yenə orada, v.446a-b).

XVII  əsrdə Səfəvi dövlətində olmuş Avropa səyyah və elçilərinin  gündəliklərindəki materiallar sübut edir ki, həmin yüzillikdə Səfəvi sarayında, ordusunda və inzibati idarəetmə orqanlarında Azərbaycan türk dili rəsmi dil kimi geniş şəkildə işlənmişdir. 1617-ci ildə Səfəvi sərhədini keçən İtaliya səyyahı Pyetro della Valle burada qarşılaşdığı qızılbaş atlılarının hamısının türkcə danışdığını qeyd etmişdir. Azərbaycandan xeyli uzaqda, dövlətin paytaxtı olan İsfahanda da eyni vəziyyətlə qarşılaşan Pyetro della Valle qeydlərinə davam edərək yazırdı: "Sarayda  mənə aydın oldu ki, Persiyada (Səfəvidə - müəlliflər) farscadan daha çox türkcə danışırlar. Həqiqətən türk dili Səfəvinin saray və böyüklərinin dilidir". Onun gətirdiyi maraqlı faktlardan biri də xristian uşaqlarını müsəlmanlaşdırmaq yolu ilə yaradılan şah qvardiyasına daxil olan qulamların da türk dilində danışmasıdır. Azərbaycan Səfəvi dövlətinin görkəmli hökmdarlarından biri olmuş I Şah Abbas (1587-1629) vaxtının böyük hissəsini qulamlarla keçirir və onlarla  türkcə danışırdı. XVII əsrin 30-cu illərində İsfahanda olmuş böyük alman alimi Adam Olearinin müşahidəsinə görə, rəsmi qəbul zamanı şahın türkcə danışması, divanxanada olan görüşdə və sarayda əcnəbi elçilərinin şərəfinə verilən qonaqlıqda dövlət nazirlərinin də (eşikağasıbaşı və s.) türkcə danışmaları bu dilin gerçək dövlət dili səlahiyyətində olduğunu göstərir. XVII əsrdə Səfəvi sarayında olmuş fransız səyyahı Jan Batist Tavernye yazırdı: "Saray adamlarının dili türkcədir". Daha sonra qeyd edirdi ki, "burada üç dildən birində - fars, türk, ya da ərəb dilində danışırdılar. Saray əhli, hərbçilər, böyüklər türkcə danışırlar. Şah və sülalə üzvləri bütün əhalisinin dili türkcə olan Azərbaycandandır". Tavernyedən 20 il sonra (1685-1694) Səfəvi dövlətinə gəlmiş alman alimi Engelbert Kempfer isə bu məsələyə xüsusi yer verərək yazırdı: "Səfəvilər sülaləsinin ana dili olan türk dili İran (Səfəvi) sarayında geniş yayılmışdır. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəsin türk dilini bilməmək günah hesab olunur. Türk dili bütün Şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır" (Azərbaycan tarixi üzrə qaynaqlar. Redaktoru professor, əməkdar elm xadimi Süleyman Əliyarlı. Bakı, 2007, səh. 205-206).

Yuxarıda səyyahlardan gətirilən bu parçalar nəinki XVI əsrdə, hətta XVII əsrin sonlarına doğru Səfəvi dövlətində türk dilinin rəsmi dil kimi geniş istifadə edilməsini tamamilə sübut edir. Qeyd etmək lazımdır ki, Şah İsmayılın özü Azərbaycan türkcəsində şeirlər yazırdı. Səfəvilər dövründə saray şairlərinin əksəriyyəti türk dilində yazırdı. İsgəndər bəy Münşinin yazdığına görə, Şah İsmayıl şeir yazmaqda ali təbə malik olub, türkcə şeir yazmağa daha çox həvəs göstərirdi. Şah İsmayıl Xətainin "Divan"ına daxil olan qəsidələrindən birindən bir parçaya diqqət yetirək:

 

İrişdi vədəsi Sahib-Zamanın,

Ulu divan quruldı, məhşər oldı.

Olar ki, tabeyi mərvanilərdür,

Sürüldü çıxdı dindən əbtər oldı...

Təcəlləsi zühur oldı imamun,

Xəvaric görmədi kor və kar oldı.

Şahun astanəsində qulları çox,

Xətai cümləsindən kəmtər oldı.

 

 Səfəvi dövlətinin tərkibində olan Bağdad şəhərində doğulmuş görkəmli şairimiz Məhəmməd Füzuli ədəbi dil olmaqla türk dilinin inkişafında yeni bir mərhələ açmışdır. Füzuli Şah İsmayılın hakimiyyəti dövrünü yüksək qiymətləndirərək ilk sanballı əsərlərindən biri olan "Bəngü Badə"ni bu böyük dövlət xadiminə həsr etmişdir. Danışdığımız dövrdə fars poeziyasının inkişafı haqqında bu sözləri söyləmək olmaz. Görkəmli şərqşünas alim Y.E.Bertels Səfəvi dövlətinin mövcudluğu dövrünü fars poeziyasının tənəzzülü dövrü kimi səciyyələndirmişdir.

Akademik Ramiz Mehdiyevin məqaləsində əsas özəyini Azərbaycan türk soyları təşkil edən və o dövrün ən qüdrətli dövləti sayılan Osmanlı imperiyası ilə 200 il ərzində rəqabət aparmaq gücündə olan mərkəzləşmiş Azərbaycan Səfəvi dövləti indiki İran, İraq, Əfqanıstan və digər ərazilərdə  yaşayan müxtəlif xalqları birləşdirən nəhəng imperiya kimi qiymətləndirilmiş, eyni zamanda bu dövlətin hərbi və siyasi elitasını təşkil edən azərbaycanlıların dövlətin əsas dayağı statusunu qoruyub saxlaması faktına xüsusi diqqət çəkilmişdir. Səfəvi tarixşünaslığında XVI əsrin sonu - XVII əsrin əvvəllərində, konkret deyilsə,

I Şah Abbasın dövründə (1587-1629) Səfəvi dövlətinin etnik mənşəyinin dəyişərək fars-İran dövlətinə çevrilməsinə baxmayaraq, onun islahatları nəticəsində Azərbaycan türk etnosunun bu dövlətdə öz üstün siyasi rolunu itirməsi haqqında mülahizələr bu gün də qalmaqdadır. Kökündən yanlış olan bu mülahizələr hazırda Azərbaycan səfəvişünaslıq elminə ciddi şəkildə ziyan vurmaqdadır. Ancaq sevindirici haldır ki, son dövrlərdə Səfəvi dövlətinə həsr olunmuş bəzi araşdırmalarda bu fikirlərin ilkin tarixi mənbələrə və tarixi gerçəkliyə uyğun olmadığı və elmi əsassızlığı ilkin mənbələr əsasında sübuta yetirilmişdir. Xüsusilə BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Zabil Bayramlı 2006-cı ildə çapdan çıxmış "Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi" adlı monoqrafiyasında və 2012-ci ilin fevral ayında müdafiə etdiyi "Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu" adlı doktorluq dissertasiyasında dövrün bütün əsas mənbələrini cəlb etməklə və təkzibedilməz faktlarla sübuta yetirmişdir ki, nəinki I Şah Abbasa qədər, I Şah Abbasdan sonra da Səfəvi dövləti öz türk etnik mahiyyətini dəyişməmiş, əvvəldən axıra qədər türk qızılbaş əyanları bu dövlətin quruluşu, saray və hərbi təşkilatlarında, habelə inzibati-idarəetmə sistemində aparıcı, üstün (dominant) rolunu qoruyub saxlamışdır. Şah Abbasın islahatına gəlincə, dosent Z.Bayramlı haqlı olaraq yazır ki, digər qeyri-türk etnosların dövlətin idarəetmə işlərinə cəlb edilməsi müxtəlif xalqların nümayəndələrinin də idarəetmədə təmsil olunmasına imkan yaratmışdır. Ancaq bu tədbirlər dövlətin etnik mahiyyətinin dəyişməsinə gətirib çıxarmamışdır (Zabil Bayramlı. "Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi". Bakı, 2006, səh. 12-52). Şah Abbasın hakimiyyəti dövrünün əsas mənbəyi sayılan İsgəndər bəy Münşinin "Tarixi-aləm arayi-Abbasi" əsərində verilmiş 1628-ci il Siyahısı əsasında hesablamalar aparan dosent Z.Bayramlının yazdığına görə, bu siyahıda adı yazılmış 72 nəfər əmirdən 54-ü (dörddə üçü) türk, 18-i (dörddə biri) isə qeyri-türk etnosunun nümayəndələri idi (Z.Bayramlı. Göstərilən əsəri, səh.33). Səfəvi dövlətinin əsl sahibi olan Azərbaycan türklərinin ürəyiaçıqlıq göstərərək qeyri-türk etnosların nümayəndələrini dövlət idarəetmə işlərinə cəlb etməsindən bəzi İran və digər tarixçilər bu dövlətin etnik mənşəyi ilə bağlı yalnış nəticələr çıxarmışlar. Onlardan fərqli olaraq, hələ XVII əsrin 70-ci illərində fransız səyyahı Jan Şarden yazırdı ki, Səfəvi dövlətində qızılbaşların nüfuzu o qədər güclüdür ki, hazırda çox mühüm dövlət vəzifələri və orduda rəhbərlik onların əlindədir (Şarden. Səfərname-ye Şarden.Tərcome-ye Eğbal Yəğmayi, c.III, Tehran, hicri 1374, səh.1192, fars dilində). Görkəmli türk tarixçisi Faruk Sümər Səfəvi dövlətinə həsr etdiyi araşdırmasında yazırdı ki, "Səfəvi dövlətinin "milli bir İran dövləti" olmasını irəli sürənlər buna digər bir dəlil olaraq Səfəvi dövlətinin Sasanilər zamanındakı hüdudlara ulaşmış olduğunu da qeyd edirlər. Lakin hüdudlar heç bir zaman bir dövlətin milli dövlət sayılması üçün dəlil ola bilməz" (Faruk Sümer. "Safevi devletinin kuruluşu və gelişməsinde Anadolu türklerinin rolu". Ankara, 1977, səh.3). F.Sümər daha sonra qeyd edirdi ki, Səfəvilərin "dövlət xidmətindəki taciklər (fars köklü etnoslar) heç bir zaman Səlcuqlar dövründə olduğu kimi dövlətin siyasi həyatında mühüm rol oynamamışdır" (Faruk Sümer. Göstərilən əsəri, səh.149).

 

 

Sani HACIYEV,

BDU-nun professoru,

 

Mehman ABDULLAYEV,

Dosent

 

Azərbaycan.-2013.- 17 yanvar.- S.5.