İtaliyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olmuşdur

 

İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Mario Ciorcio Stefano Baldi  Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur. Qonağı salamlayan BANM-nin rektoru Elmar Qasımov bildirmişdir ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən kadrların  hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz edilən binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləmişdir.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin  genişləndirilməsinin vacibliyini qeyd etmiş, qısa müddətdə bu istiqamətdə görülən işlər haqqında məlumat vermiş və dünyanın inkişaf etmiş ölkələrinin sırasında öncül yerlərdən birini tutan İtaliya Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulamışdır.

İtaliyalı səfir isə Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri  keçirdiyini qeyd etmiş, Azərbaycanda ingilis dilində təhsil verən belə müasir tipli  texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir  layihə olduğunu söyləmişdir. Səfir Bakı Ali Neft Məkətbi  ilə İtaliyanın tanınmış  Piza Universiteti, Alfa Prosess Kontrol şirkəti və dünyada tanınmış ENİ şirkətinin Korporativ Universiteti arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi dəstək verməyə hazır olduğunu bildirmişdir.

Görüşün sonunda səfir Mario Ciorcio Stefano Baldiyə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilmişdir.

 

 

Azərbaycan.-2013.- 17 yanvar.- S.5.