Bu, bütün xalqa açılan atəş
idi...
Tarixin qan
yaddaşı: 20 yanvar faciəsindən 23 il keçir
Yanvarın 19-dan 20-nə keçən gecə olmazın vəhşiliklər törətmiş, əliyalın dinc insanları öldürmüş, yaxud qanına qəltan etmiş hərbçilər öz zəhmli maşınlarını səkilərə doğru çəkib elə dayanmışdılar ki, guya bu şəhərdə heç nə baş verməyib.
Gecə törədilən qətliam camaatın "gözünün odu"nu almaq məqsədi daşısa da, insanların əzmini qıra bilməmişdi. Yanvarın 20-də səhər tezdən onlara küçələrdə yenə də rast gəlmək mümkün idi. Kimi gecədən gözlədiyi doğmasının, əzizinin özünü (bəlkə də cəsədini) axtarır, kimi şəhidlərin həmin gün dəfn olunacağını güman edib şəhərə çıxır, kimi də, sadəcə, evində dinclik tapa bilmirdi. Ötən gecənin zülmətində açılan atəşlər bütün xalqın dincliyini pozub qəlbini yaralamışdı.
Gecə nə baş verdiyini tam anlamayan (əslində isə ağlına sığışdıra bilməyən) qarayaylıqlı bir qız tibb universitetinin yataqxanasından çıxıb Səməd Vurğun küçəsində farağat dayanmış əsgərlərin üstünə şığıdı.
- Niyə qırdınız onları, niyə öldürdünüz qardaşlarımızı? - deyə qışqırıb ağladı. Qonşu evlərdən çıxan qadınlar ona qoşuldular.
Xalq öz hüznünü və matəmini birlikdə yaşayırdı... Küçələr boyu düzülmüş hərbi texnika, onlara elə bil keşik çəkən əsgərlər isə sanki yenidən əmr gözləyirdilər. Öldürməyə, vurub-dağıtmağa, çapıb-talamağa hər an hazır idilər. Arabir atəş səsləri də eşidilirdi. Güllə kimə dəydi, nəyə dəydi, veclərinə deyildi. Yanvarın 20-də gündüz, elə növbəti günlərdə də o amansız atəşlərdən yenidən neçə-neçə insan şəhid oldu...
Azərbaycan.-2013.- 16 yanvar.- S.6.