20 Yanvar qırğınında 147 nəfər
şəhid olmuşdur
Son günlər istər respublikamızda, istərsə də Azərbaycan diasporunun mövcud olduğu xarici ölkələrdə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimləri keçirilir. Kütləvi informasiya vasitələri həmin tədbirləri geniş şəkildə işıqlandırır. Ancaq dərc edilən materialların böyük əksəriyyətində 20 Yanvar şəhidlərinin sayı haqqında fərqli məlumatlar verilir. Bu məqamlara diqqət çəkən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov AzərTAc-ın müxbiri ilə söhbətində demişdir:
- Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 23 il ötür. 1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Hər il yanvar ayının 20-si ölkəmizdə Ümumxalq Hüzn günü kimi qeyd edilir.
Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür.
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün "20 Yanvar şəhidi" fəxri adı təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş 137 nəfər Azərbaycan Respublikasının vətəndaşına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
"20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamənin 2-ci bəndinə əsasən "20 Yanvar şəhidi" fəxri adının verilməsi haqqında vəsatət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.
Sonradan aparılan araşdırmalar, qanunvericiliklə əldə edilmiş sənədlər əsasında daha 10 nəfərin Qanlı Yanvar hadisələri zamanı şəhid olduqları müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsatətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli Sərəncamı ilə iki nəfər Azərbaycan vətəndaşına, 2003-cü il 27 sentyabr tarixli Fərmanı ilə yenə də iki nəfər Azərbaycan vətəndaşına, 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə isə 6 nəfər Azərbaycan vətəndaşına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Beləliklə, 20 Yanvar şəhidlərinin sayı 147 nəfərə çatmışdır.
Prezident Kitabxanası olaraq, üç ildir ki, Qanlı Yanvar faciəsinin miqyasını dünyaya çatdırmaq məqsədilə "Təcavüz. 20 Yanvar. Bakı. 1990" adlı elektron nəşr hazırlamışıq. Həmin elektron nəşrdə "20 Yanvar şəhidi" fəxri adı verilmiş 147 nəfərin siyahısını oxuculara təqdim etmişik. Lakin çox təəssüf ki, Qanlı Yanvar faciəsinin ildönümləri ərəfəsində istər ölkə daxilində, istərsə də səfirliklərimiz və diaspor təşkilatlarının xətti ilə keçirilən tədbirlərdə, kütləvi informasiya vasitələrində, hətta bəzi rəsmi qurumların müraciətlərində belə, 1990-cı ildə xalqımıza qarşı törədilən cinayətlər zamanı şəhid olanların sayı müxtəlif rəqəmlərlə göstərilir. Bu yanlışlıqların qarşısını almaq üçün 20 Yanvar şəhidlərinin siyahısını Prezident Kitabxanasının və AzərTAc-ın rəsmi saytlarında diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik.
AzərTAc
Azərbaycan.-2013.- 17 yanvar.- S.6.