Azərbaycan Prezidenti İlham Əliyev ABŞ müdafiə naziri baş müşavirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də
ABŞ müdafiə nazirinin baş müşaviri xanım
Ketlin Hiksin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Azərbaycana
ilk səfərindən məmnunluğunu ifadə edən
ABŞ müdafiə nazirinin baş müşaviri xanım
Ketlin Hiks paytaxtımızın onda dərin təəssürat
yaratdığını dedi. Amerikalı qonaq Azərbaycanın
Əfqanıstandakı sülhməramlı missiyada
iştirakının və bu missiyaya verdiyi töhfənin
ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini
dedi. Xanım Ketlin Hiks bildirdi ki, ABŞ ölkələrimiz
arasında müdafiə sahəsində əlaqələri
daha da genişləndirməkdə və strateji əməkdaşlıq
səviyyəsinə çatdırmaqda maraqlıdır. O, bu
sahədə əməkdaşlığımızın
istiqamətlərinin müəyyənləşdirilməsi ilə
bağlı qarşılıqlı fikir mübadiləsi
aparılmasının önəmini qeyd etdi.
Azərbaycan
ilə ABŞ arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə inkişafından məmnunluğunu
ifadə edən dövlət başçısı ölkələrimizin
müdafiə sahəsində əməkdaşlığının
uzun tarixə malik olduğunu və razılıq
doğurduğunu vurğuladı. Müdafiə sahəsində
əməkdaşlığın ikitərəfli münasibətlərimizin
inkişafındakı rolunu qeyd edən Prezident İlham Əliyev
bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi,
eləcə də sabitliyin möhkəmləndirilməsi
baxımından önəmini vurğuladı. Dövlət
başçısı Azərbaycan ilə ABŞ arasında
ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə,
o cümlədən müdafiə sahəsində daha da
genişləndiriləcəyinə əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.-2013.- 18 yanvar.- S.1.