ABŞ rəsmisi Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakından və terrorizmə qarşı mübarizədəki fəaliyyətindən məmnundur

 

ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti yanvarın 17-də müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür. Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafını qeyd edən nazir hərbi əməkdaşlıq sahəsində də əldə edilən müsbət nəticələrdən danışmışdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə müdafiə sahəsindəki əlaqələr barədə də geniş fikir mübadiləsi aparılmışdır.

Nazir Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının səbəbləri barədə də qonaqlara məlumat vermişdir. Nazir demişdir ki, münaqişənin həll edilməməsi bütövlükdə bölgədəki vəziyyəti təhlükə altında saxlayır.

Görüşdə xanım Ketlin Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakından və terrorizmə qarşı mübarizədə birgə fəaliyyətindən məmnunluğunu qeyd etmiş, ABŞ-ın bundan sonra da bir sıra vacib məsələlərdə Azərbaycan ilə strateji əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirmişdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar görüşdə iştirak etmişdir.

 

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.1.