Ermənistan Xarici
İşlər Nazirliyi və erməni səfiri
bu ölkənin diplomatik uğursuzluqlarını pərdələmək
üçün növbəti dəfə yalan məlumat
yaymışdır
Yanvarın
15-də BMT Təhlükəsizlik Şurasının
terrorçuluqla mübarizə mövzusunda açıq
müzakirələri keçirilmişdir. Pakistanın xarici
işlər nazirinin sədrlik etdiyi iclasda BMT-nin Baş katibi və
Təhlükəsizlik Şurasının üzvü olan bir
sıra ölkələrin yüksək səviyyəli
nümayəndələri iştirak etmişlər.
Azərbaycanın
BMT-dəki daimi nümayəndəliyindən AzərTAc-a
bildirmişlər ki, iclasda ölkəmizi Xarici İşlər
Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri
Yaşar Əliyev təmsil etmişdir. Səfir Y.Əliyev
çıxış edərək Azərbaycanın dəfələrlə
terror hücumlarının hədəfi olduğunu
bildirmiş, tarixi, irqi və dini əsasda nifrət
ideologiyasına söykənən və dövlət dəstəyinə
arxalanan bəzi beynəlxalq terrorçu təşkilatların
fəaliyyətinin Azərbaycanın milli təhlükəsizliyinə
və bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə
ciddi təhdid olduğunu söyləmişdir.
Çıxışda, həmçinin bildirilmişdir ki,
terrorçuluqla mübarizə məsələsi 2012-ci ilin
mayında Azərbaycanın Təhlükəsizlik
Şurasında sədrliyinin əsas mövzusu olmuşdur.
2012-ci il mayın 4-də Təhlükəsizlik
Şurasının Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə keçirilmiş
iclasında dövlət başçısının Azərbaycanın
üzləşdiyi təhlükə və təhdidlər barədə
məlumat və ətraflı təhlillər verdiyi diqqətə
çatdırılmışdır. İclasda ölkəmizin
terrorçuluqla mübarizənin bir sıra aspektləri
üzrə mövqeyi, gördüyü işlər,
Bakıda keçirilmiş və keçiriləcək beynəlxalq
səviyyəli tədbirlər barədə məlumat
verilmişdir.
Münaqişələr
məsələsinə toxunan səfir Y.Əliyev xarici hərbi
işğal altında olan ərazilərin terrorçular və
öz qanunsuz məqsədlərinə nail olmaq
üçün terrordan istifadə edən qeyri-dövlət
elementləri üçün münbit şərait
yaratdığını bildirmişdir. Səfir demişdir ki,
bu ərazilərdə beynəlxalq nəzarətdən gizlədilən
külli miqdarda silah və texnikanın cəmləşdirilməsi,
kütləvi qırğın silahlarının və aidiyyəti
materialların qeyri-dövlət elementlərinin əlinə
keçməsi təhlükəsi beynəlxalq və regional təhlükəsizliyə
ciddi təhdiddir. Bununla əlaqədar səfir Y.Əliyev
münaqişənin həlli prosesinin beynəlxalq hüququn
ümumi qəbul edilmiş norma və prinsipləri, o cümlədən
dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
pozulmazlığına hörmət prinsipləri əsasında
həllinin tezləşdirilməsinin vacibliyini
vurğulamışdır.
İclasda,
həmçinin Təhlükəsizlik Şurasının
üzvü olmayan BMT-nin digər üzv dövlətlərinin
nümayəndələrinə də çıxış
etmək imkanı verilmişdir.
Ermənistanın
bir sıra media vasitələrində "Ermənistan BMT Təhlükəsizlik
Şurasında Azərbaycanı tənqid atəşinə
tutdu" başlığı altında məlumat
yayılmışdır. Ermənistanın Xarici İşlər
Nazirliyinə istinadən yayılan məlumata əsasən, bu
dövlətin BMT yanında daimi nümayəndəsinin iclasda
etdiyi çıxışda guya "Azərbaycanın ermənilərə
qarşı nifrət təbliğatı tənqid
edilmiş", "Dağlıq Qarabağın etnik ermənilərinin
öz müqəddəratını təyin etmək
hüququnun terrorçuluqla uzlaşdırılması qəbuledilməz
sayılmış", "Türkiyə-Ermənistan sərhədinin
bağlı olmasının terrorçuluqla mübarizə
üzrə əməkdaşlığa mənfi təsir
göstərdiyi" bildirilmişdir.
Azərbaycan
Respublikasının BMT yanında daimi nümayəndəliyindən
verilən məlumatda bildirilir ki, Ermənistan nümayəndəsi
çıxışında nəinki Azərbaycan və
Türkiyənin adlarını çəkməmiş,
heç Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin erməni icması barədə
bir söz belə deməmişdir. İclasın BMT-nin rəsmi
internet səhifəsində yerləşdirilmiş
videoyazısı və BMT-nin iclasla bağlı
yaydığı mətbuat məlumatında Ermənistan
nümayəndəsinin bəyanatından verilmiş
çıxışlar deyiləni aydın sübut edir.
Azərbaycanın
daimi nümayəndəliyi məsələyə münasibət
bildirərək, bu halı Ermənistan xarici siyasət
orqanı və onun BMT-dəki nümayəndəsinin
"şanlı qələbələri" barədə mətbuatda
tez-tez yayılan yalan məlumatlar silsiləsindən növbəti
biri kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, BMT
çərçivəsində keçirilən tədbirlər,
verilən bəyanatlar və yayılan sənədlər barədə
həqiqəti təhrif etmək, iclaslarda qorxaqcasına susaraq
sonradan mediada "yumruq davası aparmaq" Ermənistan
nümayəndəsinə xas bir davranışdır. Ermənistan
Xarici İşlər Nazirliyi və erməni səfirinin belə
hərəkətlərinin məqsədi bir tərəfdən
Ermənistan cəmiyyətinə yalan məlumat yedirtməklə
Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu
qarşısında Ermənistanın diplomatik
uğursuzluqlarını pərdələmək, digər tərəfdən
isə belə saxta və ucuz vasitələrlə rəhbərliyin
gözündə özlərini yüksəltməkdir.
Erməni
səfirinin "xalqların öz müqəddəratını
təyin etmək hüququ" ilə bağlı söylədiklərinə
dair xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın
səyləri sayəsində sözügedən iclasın
yekun sənədi kimi qəbul edilmiş bəyanata dövlətlərin
beynəlxalq münasibətlərdə bir-birinin ərazi
bütövlüyü və ya siyasi müstəqilliyinə
qarşı güclə hədələməkdən və
ya güc tətbiq etməkdən yayınmasına dair müddəa
daxil edilmişdir. Terrorçuluqla mübarizə sahəsində
Təhlükəsizlik Şurasının qərarlarına Azərbaycanın
ötən ilin may ayında sədrliyi dövründə daxil
edilmiş bu prinsip Şuranın məsələyə dair
birmənalı mövqeyini göstərir. Bu baxımdan,
münaqişələrin həlli ilə bağlı məhz
ərazi bütövlüyü və suverenliyə hörmət
prinsipinin Təhlükəsizlik Şurası kimi mötəbər
qurumun qərarında əks olunması fonunda Ermənistan səfirinin
söylədikləri adi cəfəngiyatdır.
Azərbaycan.-2013.- 18 yanvar.- S.2.