«Los-Angeles Times» yazır: «Dağlıq Qarabağ:
köhnə münaqişə nə həll edilmiş, nə də
unudulmuşdur»
ABŞ-ın
"Los-Angeles Times" qəzetində analitik Karol
Villiamsın "Dağlıq Qarabağ: köhnə
münaqişə nə həll edilmiş, nə də
unudulmuşdur" sərlövhəli məqaləsi dərc olunmuşdur.
Məqalədə
bildirilir ki, Ermənistan ilə Azərbaycan arasında atəşkəs
əldə edilməsinə baxmayaraq, son 19 ildə
Dağlıq Qarabağ bölgəsi boyunca cəbhə xəttində
snayperlərdən istifadə hallarına tez-tez rast gəlinir.
Son vaxtlarda isə dünyanın ən qaynar nöqtəsində
təxribat xarakterli atışmaların sayı daha da
artmışdır.
Müəllif
qeyd edir ki, Ermənistanda keçiriləcək prezident
seçkiləri və Suriyadan didərgin
düşmüş ermənilərin münaqişə
bölgəsində məskunlaşdırılması qəzəbi
daha da alovlandırmış və kəskin toqquşmaların
ola biləcəyi ilə bağlı narahatlıq
artmışdır. 1991-1994-cü illərdə baş vermiş müharibədə
təxminən 30 min nəfər həlak olmuş və bir
milyon insan doğma yurdlarından didərgin
düşmüşdür. ABŞ, Rusiya və Fransa
münaqişənin həlli istiqamətində
danışıqları üzərlərinə
götürmüşlər. Bu münaqişə ilə
yaxından tanış olanlar problemin uzanmasını tərəflərdən
heç birinin hazırkı status-kvonu qəbul etməməsi
ilə əlaqələndirirlər. Eyni zamanda, tərəflərdən
heç biri münaqişənin həlli üçün
güzəştə getmir.
Karol
Villiams Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz məsələləri
üzrə direktoru Lourens Şitsə istinad edərək
yazır ki, bu region təkcə enerji üçün deyil, həm
də yüklərin nəqli və digər məsələlər
baxımından olduqca əhəmiyyətli marşrutdur. Azərbaycan
və Ermənistan 20 ildən artıqdır ki, müharibə
vəziyyətindədir. Atəşkəs əldə
olunmasına baxmayaraq, əgər münaqişə yenidən
alovlansa, özü ilə birlikdə əhəmiyyətli
regional qüvvələrin daxil olduğu müharibənin
yaranmasına gətirib çıxaracaqdır.
Məqalədə
qeyd edilir ki, ABŞ neft şirkətləri Azərbaycana
irimiqyaslı sərmayələr yatırmışdır. Bu
ölkənin, eyni zamanda, Ermənistan ilə də sıx əlaqələri
vardır. ABŞ-da çoxlu sayda erməni yaşayır.
Münaqişənin
uzanmasının nə Azərbaycana, nə də Ermənistana
heç bir şey qazandırmadığını yazan müəllif
problem həll edilməyənə qədər təhlükənin
mövcud olacağını bildirir.
Karol
Villiams Azərbaycan Xarici İşlər Nazirliyinin
sözçüsü Elman Abdullayevə istinadən yazır
ki, bölgədəki demoqrafik vəziyyəti dəyişmək
üçün suriyalı erməni qaçqınların
Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi
cəhdi Ermənistanın təxribat xarakterli hərəkətidir.
Məqalədə
"Rand" Korporasiyasının Beynəlxalq Təhlükəsizlik
və Müdafiə Siyasəti Mərkəzinin direktoru Olqa
Olikerdən də sitat gətirilərək bildirilir ki, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalı ilə bağlı status-kvo heç kim tərəfindən
qəbul edilmir. Lakin heç kim də problemin həlli yolunu
tapa bilmir.
Müəllif
yazıda qədim Azərbaycan şəhəri Şuşada
dağıdılmış binalardan birinin fotoşəklini də
vermişdir. Şəkilaltı mətndə yazılır ki,
erməni uşaqlar 1991-1994-cü illər müharibəsində
dağıdılmış Şuşanın
xarabalıqlarında oynayırlar.
Azərbaycan.-2013.- 18 yanvar.- S.2.