Azərbaycanın dinamik inkişafına yönəlmiş xarici siyasət xətti ötən il də uğurla davam etdirilmişdir

 

Ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların təmin olunmasına və beynəlxalq arenadakı nüfuz və təsir gücünün artırılmasına istiqamətlənmiş Azərbaycan Respublikasının diplomatik fəaliyyəti üçün 2012-ci il dolğun və dinamik bir il olmuşdur.

AzərTAc xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının  Xarici İşlər Nazirliyinin (XİN) 2012-ci il üçün yekun hesabatında  əksini tapmışdır.

 

Hesabatda qeyd olunmuşdur ki, ötən illərdə olduğu kimi, xarici siyasət kursu möhkəm və dəyişməz olaraq qalmış və aşağıdakı prioritetlərin reallaşdırılmasına yönəlmişdir:

- Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və ölkənin təhlükəsizliyinə olan hədələrin aradan qaldırılması;

- dünyanın bütün ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi;

- Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və daxili inkişaf üçün həmin münasibətlərdən səmərəli istifadə edilməsi;

- qlobal risklərlə və təhdidlərlə mübarizə;

- regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;

- Avropa və Avratlantik strukturlar ilə tərəfdaşlıq;

- ölkənin əhəmiyyətli coğrafi mövqeyindən istifadə edərək milli iqtisadiyyatın, o cümlədən, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi;

- plüralist demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi;

- xarici mədəni və humanitar əlaqələrin inkişafı.

 

Bildirilmişdir ki, qeyd edilən prioritetlərə uyğun olaraq Azərbaycan Respublikası 2012-ci ildə xarici ölkələr və beynəlxalq təşkilatlar ilə əməkdaşlığını daha da gücləndirmişdir. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 ölkəyə və beynəlxalq təşkilatın mənzil-qərargahına səfər etmiş və 21 ölkənin dövlət və hökumət başçıları Azərbaycanda qəbul edilmişdir. Bundan başqa, xarici ölkələrlə diplomatik əlaqələr daha da genişləndirilmişdir. Ötən il Azərbaycan daha iki ölkə ilə diplomatik münasibətlər qurmuşdur. Həmçinin İsveçrə Konfederasiyası, Braziliya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və Monteneqroda  Azərbaycanın diplomatik nümayəndəlikləri təsis edilmişdir. Argentina Respublikası, Qırğız Respublikası və Əfqanıstan İslam Respublikası isə Azərbaycanda diplomatik nümayəndəliklərini açmışlar. Beləliklə, Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında diplomatik və konsulluq nümayəndəliklərinin sayı 87-yə çatmışdır.

Hesabatda vurğulanmışdır ki, Azərbaycan Respublikasının xarici siyasəti üçün 2012-ci ildə ən ümdə vəzifə ölkənin ərazi bütövlüyünün siyasi yolla bərpa edilməsi məsələsi olmuşdur. Bu məqsədlə Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan siyasi prosesdə iştirakını davam etdirmişdir. Təəssüf ki, Ermənistan qeyri-konstruktiv siyasətini davam etdirərək  münaqişənin sülh yolu ilə həllinə imkan verməmişdir. Ermənistan təkcə siyasi təmaslar zamanı nümayiş etdirdiyi qeyri-konstruktiv  mövqeyi ilə deyil, həm də münaqişə zonasında törətdiyi ciddi provokasiyaları ilə vəziyyəti daha da çətinləşdirməyə çalışmışdır. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişənin həlli qarşısında duran əsas maneədir və Azərbaycan tərəfi bu məsələni danışıqlar zamanı əsas arqument kimi qaldırmışdır.

Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi prinsipləri əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə diplomatik səylərini davam etdirmişdir. NATO-nun 2012-ci ilin mayında Çikaqoda keçirilmiş sammitinin, Qoşulmama Hərəkatının 2012-ci ilin mayında Şarm-əl-Şeyx şəhərində keçirilmiş xarici işlər nazirləri iclasının və 2012-ci ilin avqustunda Tehranda keçirilmiş sammitinin, İslam Əməkdaşlıq Təşkilatının 2012-ci ilin avqustunda Məkkədə keçirilmiş dördüncü fövqəladə Zirvə Toplantısının və 2012-ci ilin sentyabrında Nyu-Yorkda və 2012-ci ilin oktyabrında Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının iclaslarının, İqtisadi Əməkdaşlıq Təşkilatının 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş Zirvə Toplantısının yekun qərarlarında Azərbaycan Respublikasının siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə və münaqişənin yalnız bu prinsiplər çərçivəsində həllinə dəstək ifadə olunmuşdur.

XİN-in hesabatında qeyd olunmuşdur ki, 2012-ci ildə münaqişə həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılıq səviyyəsi daha da artmışdır. Bunun nəticəsində müxtəlif instansiyalarda münaqişənin bu və ya digər aspektlərinə münasibət bildirən qərarlar qəbul olunmuşdur. Ermənistanın işğalçı siyasəti, onun azərbaycanlılara qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımı Meksika Senatının qəbul etdiyi qərarın ardınca, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının, Pakistan İslam Respublikasının Senatının Xarici Əlaqələr Komitəsinin, Kolumbiya Senatının, ABŞ-ın Men və Corciya ştatlarının parlamentlərinin qəbul etdiyi sənədlərdə və eləcə də Nyu-Cersi ştatının qubernatorunun verdiyi bəyanatda qəti surətdə pislənmişdir.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə başladığı 2012-ci il Azərbaycan Respublikası üçün beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına yardım etmək baxımından əlamətdar bir dövr olmuşdur. Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının fəaliyyətində fəal iştirak etmiş, beynəlxalq sülhə və təhlükəsizliyə aid məsələlərdə prinsipial mövqe nümayiş etdirmişdir. Bu dövrdə Azərbaycan Respublikası üçün xüsusilə mühüm hadisə 2012-ci ilin may ayı ərzində Təhlükəsizlik Şurasında sədrliyi olmuşdur. Ötən il  mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş yüksək səviyyəli iclası keçirilmişdir. İclasda BMT-nin Baş katibi, üzv ölkələrdən nazirlər və digər yüksək səviyyəli şəxslər iştirak etmişlər. Bu iclas terrorizmə qarşı beynəlxalq mübarizəyə töhfə təşkil etməklə yanaşı, bir sıra regional məsələlərin hərtərəfli müzakirəsi, o cümlədən Ermənistanın dövlət terroru siyasətinin ifşa edilməsi baxımından əlamətdar olmuşdur. İclasın nəticəsi olaraq qəbul olunan BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatında Şura üzvləri terrorizmin bütün növlərini pisləmiş və BMT-nin üzvü olan ölkələrin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət etməsinin zəruriliyi, dini və mədəni müxtəlifliyə hörmətin əhəmiyyəti vurğulanmışdır.

Hesabatda bildirilmişdir ki, ötən il Azərbaycan BMT-nin digər orqanları və ixtisaslaşmış qurumlarının işində fəal iştirak etmişdir. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi 2012-ci ildə bir sıra qətnamələr qəbul etmişdir. Bu xüsusda "İtkin düşmüş şəxslər" adlı qətnamə və "Transmilli Avrasiya Super İnformasiya Magistralı" layihəsinin həyata keçirilməsi ilə bağlı qətnamə qeyd edilməlidir. Azərbaycan BMT-nin ixtisaslaşmış təşkilatlarından olan UNESCO-nun işində 2012-ci ildə də uğurlu fəaliyyətini davam etdirmişdir. Ötən il "Azərbaycan tar ifaçılıq sənəti" nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bundan başqa, 2012-ci il dekabrın 12-də UNESCO-da silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitə Azərbaycanın təşəbbüsü ilə "İşğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması haqqında" qərar qəbul etmişdir. Bundan əlavə, ötən ildə Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir.

Qoşulmama Hərəkatının nisbətən yeni üzvləri sırasında olan Azərbaycan 2012-ci ildə təşkilat daxilində siyasi məsləhətləşmələrdə fəal iştirak etmiş, Hərəkatın məqsəd və prinsiplərinin irəlilədilməsi və "Cənub-Cənub" istiqamətində siyasi həmrəylik və praktiki əməkdaşlığın gücləndirilməsi üçün bir sıra təkliflərlə çıxış etmişdir. Azərbaycan Hərəkatın 2012-ci ildə keçirilmiş Tehran zirvə görüşü, Şarm-əl-Şeyx nazirlər iclası və Əlaqələndirmə Bürosunun səfirlər səviyyəsində iclaslarında fəal iştirak etmişdir. Hərəkata üzvlük sayəsində Azərbaycan bu qurumun digər 119 üzvü ilə siyasi əlaqələr qurmaq və onları möhkəmləndirmək üçün əvəzsiz imkan əldə etmişdir. Hərəkatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi məlum qərarlar onun üzvlərinin təşkilatın məqsədlərinə və prinsiplərinə bağlılığını göstərən əlamətdar bir hal olmuşdur.

XİN-in hesabatında qeyd olunmuşdur ki, Azərbaycan 2012-ci ildə beynəlxalq sülhün və inkişafın bərqərar olunması baxımından böyük təsirə malik qlobal və regional təhlükəsizlik məsələlərinə dair beynəlxalq proseslərdə yaxından iştirak etmişdir. Azərbaycan Respublikası yayılmama, nüvə təhlükəsizliyi, beynəlxalq terrorçuluq və kibertəhdidlərə qarşı beynəlxalq mübarizəyə töhfələrini davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il martın 26-27-də Seulda keçirilmiş II Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmişdir. Ölkəmiz bu sahədə əsas beynəlxalq təşəbbüslərdən biri olan Nüvə Terrorçuluğu ilə Mübarizə üzrə Qlobal Təşəbbüsə tərəfdaş dövlət qismində qoşulmuşdur.

Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizə və regional təhlükəsizlik üçün böyük təhdidlərə malik Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üçün 2012-ci ildə müxtəlif formatlarda və sahələrdə bu ölkəyə yardımlarını davam etdirmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin kontingenti NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatında iştirakını davam etdirmişdir. Azərbaycan həmçinin ISAF əməliyyatı üçün hava və quru tranziti dəstəyi göstərmiş, Əfqanıstan Ordusu üzrə Etimad Fonduna 2 milyon avro məbləğində maliyyə ianəsi vermiş və ikitərəfli proqramlar çərçivəsində humanitar mina təmizləmə, fövqəladə hallar üçün təhsil və kadr hazırlığı sahələrində yardımlar etmişdir. Həmçinin Azərbaycanın və Gürcüstanın təşəbbüsü ilə NATO-nun mənzil-qərargahında Bakı-Tbilisi-Qars layihəsinin inauqurasiyası ilə bağlı təqdimat keçirilmişdir. Azərbaycan 2012-ci ildə Əfqanıstanın birbaşa və regional qonşuları olan dövlətlərdən ibarət İstanbul prosesinə qoşulmuşdur. Azərbaycan 2012-ci ildə Əfqanıstanda inkişaf məsələlərinə həsr olunmuş Kabul prosesi və Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) iştirakını davam etdirmişdir.

Hesabatda bildirilmişdir ki, 2012-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (AIDA) Qəzzə bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına maliyyə yardımı göstərmişdir. Həmçinin Suriyada yaşanan məlum hadisələr nəticəsində bu ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti maliyyə yardımı ayırmışdır. AIDA və İslam İnkişaf Bankı arasında Afrikanın doqquz ölkəsində görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyasının aparılması barədə razılıq əldə olunmuşdur. Qeyd edilən humanitar aksiya çərçivəsində Burkina Fasonun paytaxtı Uaqaduqada və Çadın paytaxtı Encamenada ödənişsiz əsasda göz-katarakt əməliyyatları keçirilmiş, ümumilikdə görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 1258 insan əməliyyat olunmuşdur.

Bundan əlavə, Burkina Fasoda baş vermiş quraqlıq nəticəsində yaranmış humanitar böhranın və Qəmər adalarında daşqınlar nəticəsində içməli su və ərzaq qıtlığının aradan qaldırılması məqsədilə maliyyə yardımları ayrılmışdır.

BMT-nin İnkişaf Proqramı və AIDA inkişaf etməkdə olan ölkələrin Dövlət Müəssisələrində Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində Əfqanıstanda elektron hökumət sisteminin qurulmasına maliyyə dəstəyi ayırmışdır. Bu layihə BMT-nin İnkişaf Proqramı, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AIDA-nın sıx əməkdaşlığı çərçivəsində həyata keçiriləcək və Əfqanıstanın nazirliklərində qeyd olunan sahə üzrə kadrların hazırlanması və hökumətin ümumilikdə səmərəli fəaliyyətinin təşkilinə xidmət edəcəkdir.

İl ərzində AİDA inkişaf edən ölkələrdən olan tələbə və mütəxəssislərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq və ixtisaslarını təkmilləşdirmək üçün müvafiq şəraiti yaratmışdır.

Bundan əlavə, hesabatda vurğulanmışdır ki, Azərbaycan Respublikası 2012-ci ildə Avropa və Avratlantik strukturları ilə tərəfdaşlığını davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il fevralın 15-də NATO mənzil-qərargahına səfər etmiş və mayın 22-də Çikaqoda keçirilmiş NATO-nun ISAF əməliyyatı iştirakçısı ölkələrinin sammitində iştirak etmişdir.

Qeyd olunmuşdur ki, hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəd olan 1996-cı il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz edəcək yeni sənəd üzrə 2012-ci ildə Azərbaycan-Aİ əməkdaşlığı davam etdirilmişdir. Azərbaycan Respublikası, həmçinin Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində iştirakını davam etdirmişdir. Azərbaycan Avropa Parlamenti və "Şərq tərəfdaşlığı" ölkələrinin parlamentləri arasında təsis edilmiş "Avronest" Parlament Assambleyasının ikinci plenar iclasına 2012-ci il aprelin 3-4-də ev sahibliyi etmişdir.

Ötən 2012-ci ildə Azərbaycan ortaq dəyərləri paylaşdığı ölkələri özündə birləşdirən təşkilatlar olan İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işində fəal iştirak etmişdir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının ötən il avqustun 14-15-də Məkkədə keçirilmiş dördüncü fövqəladə zirvə toplantısında, sentyabrın 29-da Nyu-Yorkda və oktyabrın 15-17-də Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının iclaslarında iştirak etmişdir. Oktyabrın 10-da Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatına 3 milyon ABŞ dolları məbləğində yardım etmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2012-ci ildə Bişkek şəhərində keçirilmiş sammiti üzv ölkələr arasında siyasi məsləhətləşmələrin gücləndirilməsi, o cümlədən təhsil və nəqliyyat dəhlizlərinin inkişafı sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsi barədə mühüm qərarlar qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qərarlar üzv ölkələr arasında siyasi həmrəyliyi daha da möhkəmləndirmişdir.

Hesabatda bildirilmişdir ki, çoxtərəfli beynəlxalq əməkdaşlıq münasibətlərimiz bir sıra regional təşkilatlar, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə müşavirə, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində davamlı olaraq inkişaf etdirilmişdir. Azərbaycan Respublikasının 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatında və GUAM-da sədrliyi dövründə bu qurumlar daxilində siyasi məsləhətləşmə və praktiki əməkdaşlıq baxımından mühüm addımlar atılmışdır.

Ötən il Azərbaycan Respublikasının xüsusilə enerji məsələləri daxil olmaqla, xarici iqtisadi əlaqələri sahəsində bir çox uğurlar əldə edilmişdir. 2012-ci ilin iyununda Azərbaycan ilə Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Saziş imzalanmışdır.

Xəzər dənizi hövzəsində əməkdaşlıq məsələsi Azərbaycan Respublikasının xarici siyasətində əhəmiyyətli istiqamət olmaqda davam etmişdir. Sahilyanı ölkələr arasında əməkdaşlıqda Xəzər dənizində ekologiya məsələləri mühüm yer tutmuş və "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" çərçivəsində Xəzərdə ekologiyanın mühafizəsi üzrə bir sıra əlavə praktiki addımlara dair razılıq əldə olunmuşdur.

Yekun hesabatda qeyd olunmuşdur ki, 2012-ci ildə XİN-in fəaliyyətinin əsas istiqamətlərindən birini də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsi və onlara göstərilən konsulluq xidmətlərinin səmərəliliyinin və intensivliyinin artırılması, bu sahədə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönəlmiş fəaliyyət təşkil etmişdir. Ötən  ildə XİN-in rəhbərliyi ilə Azərbaycan Respublikası və Aİ arasında readmissiya və viza prosedurlarının sadələşdirilməsinə dair sazişlər üzrə danışıqlar başlamışdır.

 Diplomatik xidmətin səmərəliliyinin artırılması məqsədi ilə kadr hazırlığı məsələsinə böyük diqqət verilmişdir. Bu dövrdə diplomatik xidmət əməkdaşlarının treninqi davam etdirilmiş, bu sahədə akademik və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Azərbaycan Diplomatik Akademiyasının yeni binası 2012-ci ildə istifadəyə verilmişdir. Hazırda akademiya təkcə Xarici İşlər Nazirliyinin və digər dövlət orqanlarının əməkdaşlarının təlim müəssisəsi kimi deyil, həm də beynəlxalq miqyasda tanınmış təhsil mərkəzinə çevrilmişdir.

Hesabatda 2012-ci ildə, həmçinin diplomatik xidmət əməkdaşlarının təminatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, ötən il sentyabrın 21-23-də keçirilmiş diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi Azərbaycan Respublikasının xarici siyasətinin təhlili və gələcək vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə proqram xarakterli çıxışı isə yaxın, orta və uzaq perspektivdə xarici siyasət üçün prioritetləri müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının 2012-ci il üçün xarici siyasi fəaliyyətinin nəticələrini ümumiləşdirərək qeyd etmək lazımdır ki, bu il ərzində Azərbaycan hüquqi dövlətə və açıq cəmiyyətə malik, beynəlxalq miqyasda nüfuzu artan, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verən, dinamik templə inkişaf edən və zəngin mədəniyyətə sahib olan ölkə olaraq güvənilən və arzu olunan tərəfdaş kimi beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdir.

 

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.3.