Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi ilk dəfə Versal Sülh Konfransından dünyaya bəyan olunub

 

1918-ci il dekabrın 7-də Bakıda Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində Şərq aləmində ilk dəfə Azərbaycan Demokratik Respublikası parlamentinin təntənəli açılışı oldu. O tarixi günün şahidləri 7 dekabrı müsəlman dünyasına azadlıq günəşinin Azərbaycandan doğması kimi dəyərləndirirdilər. Parlamentin açılışı elə bir vaxta təsadüf etmişdi ki, bir aydan sonra - 1919-cu ilin yanvarında Fransada Versal Sülh Konfransı işə başlayacaqdı. Bu o zaman idi ki, Avropada və beynəlxalq aləmdə çox gərgin vəziyyət hökm sürür, dünyanın geosiyasi coğrafiyasının dəyişdirilməsi prosesi gedirdi. Azərbaycan Xalq Cümhuriyyəti belə mürəkkəb şəraitdə yaransa da, xarici siyasətinin birinci məqsədi onun müstəqilliyinin Avropa dövlətləri tərəfindən tam və şərtsiz tanınmasına nail olmaq, dünyada coğrafiyasını müəyyənləşdirmək idi. Cümhuriyyət ərazi və sərhəd məsələsinə həyati əhəmiyyət verirdi. 1918-ci ilin noyabrında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilmişdi. Bu məsələ daha geniş şəkildə Paris Sülh Konfransına hazırlanan sənəddə də qeyd olunacaqdı. Ona görə də parlamentin ilk tədbirlərindən biri konfransa tam səlahiyyətli, geniş hüquqa malik nümayəndə heyəti göndərmək idi. Diplomatik missiyanın tərkibi elan olundu, çoxpartiyalılıq əsasında Azərbaycan Sülh Nümayəndəliyi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin rəhbəri təyin edildi. "Müsavat" partiyasından Məmməd Həsən Hacınski və Ceyhun bəy Hacıbəyli, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, Sosialist Partiyasından Məhəmməd Məhərrəmov, "İttihad"dan Miryaqub Mirmehdiyev, Əhməd bəy Ağayevlə Əli bəy Hüseynzadə isə bitərəf kimi təmsil olundular. Tam tərkibli heyət 1919-cu il yanvarın 4-də Bakıdan yola düşdü. Erməni təbliğatı və müttəfiqlərinin qeyri-obyektiv mövqeyi, həmçinin xaricdəki ruslar və ruspərəst qüvvələrin fəaliyyəti üzündə nümayəndə heyətinin mənzil başına çatması və təbliğatı çox gecikdi. Yolda olarkən Əhməd bəy Ağayev "İttihad və tərəqqi" partiyasının rəhbərlərindən birinin ittihamı ilə həbs edilərək Maltaya sürgün edildi. Əli bəy Hüseynzadəni həbsdən azad etmək mümkün olsa da, ona viza verilmədi. Yanvarın 20-də İstanbula yetişən nümayəndə heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə orada toplantı keçirərək iş bölgüsü apardı. Lakin qonşu respublikalar əvvəlcədən mənzil başına çatıb, təbliğat-təşviqat işi aparsalar da, Azərbaycan nümayəndə heyəti İstanbulda üç aya qədər Parisdən çağırış gözlədi. Nəhayət 1919-cu il aprelin 22-də yola düşən heyət üzvləri mayın 2-də Fransaya yetişdi. Azərbaycan hələ bundan sonra sayı-hesabı bilinməyən haqsızlıqlar və əsassız iddialarla üzləşəcəkdi. Çünki həmin dövrdə qonşu Ermənistanın hərbi təcavüzünə və beynəlxalq aləmin təxribatlarına məruz qalan Azərbaycanda həm də ağır iqtisadi böhran və daxili qeyri-sabitlik hökm sürürdü. Bundan başqa, Azərbaycandan xeyli əvvəl Parisə çatıb orada güclü təşviqat aparan Ermənistan Versal konfransından Türkiyə, Gürcüstan və Azərbaycana ərazi iddiasını bildirmişdi. Birinci Dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvəsini Cənubi Qafqazdan çıxarandan sonra ermənilər daha da fəallaşmış, ərazi iddiası ilə Versalda məsələ qaldırmışdılar. Qeyd etmək yerinə düşər ki, həmin konfransda irəli sürülmüş ərazi iddiaları və qaldırılmış sərhəd mübahisələrinə baxmayaraq, diplomatik nümayəndə heyətimizin gərgin siyasi mübarizəsi nəticəsində digər torpaqlarla bərabər Qarabağ bölgəsi də 27 dövlət tərəfindən de-fakto Azərbaycan Respublikasının ərazisi kimi tanındı.    

Birinci Dünya müharibəsinin rəsmən başa çatdığını elan edən tarixi Versal Sülh Konfransı 15 fəsil 440 maddədən ibarət idi və bütün maddələr ABŞ, İngiltərə, Fransa kimi qalib dövlətlərin maraqlarına hesablanmışdı. Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Osmanlı imperiyası və Rusiya da müttəfiqlərinə xəyanət edən bolşevik rejimi kimi toplantıya dəvət edilməmişdi. Qalib dövlətlərin əsas məqsədi dünyanın gələcək aqibətini öz maraqları məcrasına yönəltmək idi. Almaniya 1914-cü il avqustun 1-dək olan ərazilərinin səkkizdə birini itirdi. Bu dövlətin Helpoland və Dyun adalarındakı hərbi istehkamları dağıdıldı,  Saar kömür şaxtaları Fransanın mülkiyyətinə verildi. Elba, Oder, Dunay, Neman və Reyn çayları beynəlxalq çaylar elan edildi. Konfransda qaliblər məğlubları ən ağır, dözülməz və təhqiramiz şərtlərlə yüklədilər. Bu, məğlub edilən dövlətlərdə və əsasən Almaniyada millətçiliyin güclənərək faşizmə keçməsinə, Rusiyada isə fəhlə-kəndli inqilabının proletariatın diktaturası ilə nəticələnməsinə təkan verən amillərdən biri oldu. Faktiki olaraq Versal müqaviləsi  İkinci Dünya müharibəsini qaçılmaz edirdi.      

Şərqdən qanadlanan kommunizm kabusundan vahimələnən Avropa və ABŞ Rusiyaya da ən ağır şərtlərini diktə etmişdilər. Lenin bu müqaviləni ən yırtıcı, irticaçı və hətta qul müqaviləsi adlandırmışdı. Konfransda Rusiya iştirak etməsə də, "rus məsələsi" güclü yerdə dayanırdı, kommunizmin Qərbə yayılmaması, Şərqlə Qərb arasında mühafizə səddi kimi kordon dövlətlərin yaradılmasına qərar verildi. Çar Rusiyasının süqutundan sonra yeni müstəqil dövlətlər yaranırdı ki, bunlardan biri də Azərbaycan Demokratik Respublikası idi. Azərbaycan ilk dəfə idi ki, çətinliklə də olsa müstəqil dövlət kimi tarixi əhəmiyyəti olan beynəlxalq konfransda iştirak edirdi. Versal konfransı keçmiş rus imperiyasının ərazi bütövlüyünün tanınmasını nəzərdə tutsa da, xalqların öz müqəddəratını sərbəst təyin etmək prinsipini elan etmişdi. Bu isə Azərbaycana dövlət müstəqilliyini möhkəmləndirməyə imkan yaradırdı.      

Parisə gəldikdən sonra nümayəndə heyətinin ilk mühüm işi "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu adlı sənədi konfransın keçirildiyi ingilis və fransız dillərində hazırlayıb nəşr etdirmək oldu. 50 səhifə 14 bölmədən ibarət memorandumda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, müasir durumu haqqında ümumi məlumat toplanmışdı. ABŞ Prezidenti Tomas Vudro Vilson tamamilə ermənipərəst mövqeyi ilə tanınırdı. Hətta o, Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün senata müraciət etmişdi. Lakin onun təklifi 1920-ci il iyunun 1-də ABŞ Senatında 21 səs leyhinə, 52 əleyhinə olmaqla rədd edilmişdi. Vilsonun düşüncələrinə görə, insan haqları deyəndə yalnız "Böyük Ermənistan və ermənilərin xilası" düşünülməli idi. Tarixi "Sevr müqaviləsi"ni tərtib edərkən VI bölmənin 86-cı maddəsinə əsasən Türkiyənin Ərzrum, Trabzon, Van və Bitlis əraziləri Ermənistana verilməli idi. Lakin həmin vaxt bütün cəbhə boyu hücuma keçən qəhrəman türk ordusu düşmən tapdağında olan ərazilərini təmizləyir və Vilsonun "Sevr anlaşması" cəmi iki həftə yaşayır.

Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin Versalda nələrlə üzləşəcəyini düşünmək çətin deyildi. Lakin ABŞ Prezidenti Vilson yaxşı bilirdi ki, kommunizm kabusu Qərbdən daha sürətlə Qafqaza yayıla bilər. Bu amilə görə o da, Avropa dövlətləri də Azərbaycanın müstəqilliyinin tanınması istiqamətində müəyyən addımlar atmaq məcburiyyətində idilər. O, konfransda rəsmi şəkildə Azərbaycan məsələsini gündəmə gətirdi və cümhuriyyətin nümayəndə heyətini rəsmən tanıdığını bəyan etdi. ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumətlərinin iştirakı ilə Dördlər Şurasının iclasında Azərbaycan məsələsi müzakirə olundu. Tarix elə gətirdi ki, 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümünü nümayəndə heyəti Parisdə qarşılamalı oldu. ABŞ Prezidenti Vilson Ə.Topçubaşov başda olmaqla nümayəndə heyətini bu münasibətlə şəxsən qəbul etdi. Topçubaşov ABŞ Prezidentinə Azərbaycan haqqında geniş məlumat verdi, ölkənin sülh konfransından istədiklərini yazılı şəkildə ona təqdim etdi. Altı bənddən ibarət olan sənəddə Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana da şamil olunması, Azərbaycanın da Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ Hərbi departamentinin yeni müstəqilliyini qazanmış dövlətə yardım etməsi öz əksini tapır. Nümayəndə heyəti ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını xahiş etsə də, müsbət cavab almır. Dünyanın Azərbaycanın maraqlarına laqeyd yanaşmasına baxmayaraq, milli hüquqlarının tam qətiyyətlə müdafiəsinə qalxan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri bir çox çətinliklərdən sonra 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında ilk uğuru əldə edir. Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıdıqlarını bəyan edirlər və bu barədə Topçubaşova konfransın rəsmi sənədi təqdim olunur. Görkəmli siyasi xadim Parisdən Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: "Siyasət qədər dəyişkən və çox elastik heç nə yoxdur, bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun müstəqillik əldə edəcəyimizə inanırdıq. Belə dəyərli xoşbəxtliyin çətinliyindən biz heç vaxt çəkinməmişik, çəkinməyəcəyik də. Çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq". 

Dövlətin tanınması Azərbaycan nümayəndə heyətinə Versal Sülh Şurasının müxtəlif, o cümlədən   hökumət başçıları səviyyəsində keçirilən iclaslarında rəsmən iştirak etmək, öz hüquq və ehtiyacları haqqında danışıqlar aparmaq imkanı vermişdi. Nümayəndə heyəti o dövrün beynəlxalq səhnəsində həlledici təsirə malik olan siyasi xadimlər - Lloyd Corc, Klemanso, lord Kayzen, Çerçil, Vilson, Foş və digərləri ilə konfransın bütün iclaslarında bir yerdə oturmaq, onlarla müzakirələr aparmaq imkanı qazanmışdı. Sonda bu müzakirələr müttəfiq dövlətlər tərəfindən Azərbaycana yardım göstərilməsi haqqında qərarın qəbul edilməsi ilə nəticələndi. Böyük Britaniyanın dövlət xadimi lord Kayzen Azərbaycanın dövlət müstəqilliyini qorumaq məqsədilə ona yardım göstərilməsini təklif etmişdi. O, 1920-ci ilin əvvəllərində İngiltərə parlamentində azərbaycanlılara və Anadolu türklərinə qarşı ermənilərin törətdikləri vəhşiliyi dünyaya bəyan etmiş, çıxışını belə bitirmişdi: "Mənə elə gəlir ki, siz erməniləri 8 yaşında təmiz və məsum bir qız zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız. Halbuki ermənilərin son vəhşi davranışları ilə nə qədər qantökən olduqlarını özləri büsbütün isbat etmişlər".

Azərbaycanın Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti lord Kayzeni həmişə böyük hörmətlə xatırlayırdı.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.3.