Halal artar, haram batar
Qarabağ hadisələri başlayanda Füzuli şəhərində işləyirdim. O zaman çoxları kimi, mən də ermənilərin bu dərəcədə nankor, naxələf, xain olduqlarını bilmirdim. Əhalidən adi silahları, o cüməldən ov tüfənglərini yığanda çoxları düşünürdü ki, bunu təhlükəsizlik naminə edirlər. Demə, məqsəd tamam başqa imiş. Sonradan xəbər tutduq ki, həmin vaxt Ermənistanda qara köynəklilər, saqqallılar dəstələri yaradılır, açıq-aşkar silahlandırılırlar. Ermənipərəst sovet rəhbərliyi tədbir görmək əvəzinə, bir müddət sonra - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xəbərdarlıq etmədən Bakıya ordu yeridib vəhşiliklər törətdi. Bu da xalqımızın mübarizliyini qıra bilmədi. Əksinə, sovet hakimiyyətinə, sovet ordusuna olan-qalan inam tamam itdi.
Sovet qoşunlarının qüvvəsindən istifadə edən ermənilər bu hadisədən ruhlanaraq bir-birinin ardınca Qarabağda yaşayış məntəqələrinə silahlı basqınlar edir, əhalini yurdundan-yuvasından didərgin salırdılar. 1992-ci ilin fevral ayında onların Xocalıda törətdikləri vəhşiliklər isə bəşər tarixinə qara ləkədir. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı rayonlarının, xüsusi ilə də Ağdamın işğalından sonra erməni silahlı birləşmələri bütün qüvvələri Füzuli cəbhəsində cəmləşdirdilər. Dövlət tərəfindən heç bir lazımi kömək görməyən Qarabağın digər bölgələrinin əhalisi kimi, füzulililər də silaha sarıldılar, 11 özünümüdafiə batalyonu yaradıldı. Əhali bu tədbirlərdə fəal iştirak edirdi. Əksəriyyət qızıl-zinət əşyalarını vermişdilər ki, döyüş sursatları alınsın. Övladlarını könüllü surətdə müdafiə dəstələrinə yazdırırdılar. Amma bununla bərabər, o zamanlar vahid komandanlıq yox idi. Komanda heyətinin əksər hissəsi kifayət qədər hərbi biliyə malik olmayan vətənpərvərlərdən ibarət idi. Ayrı-ayrı silahlı dəstələri isə müxtəlif partiyalara və şəxslərə xidmət edirdilər. Ona görə də rayonun müdafiə sistemində boşluq var idi. Lakin qəhrəman döyüşçülərimizin igidliyi sayəsində qonşu Hadrut və Xocavənd (Martuni) rayonlarında iğtişaş törətmiş ermənilərə layiqli zərbələr endirirdilər. Bir vaxtlar Dağlıq Qarabağ vilayətinin yaradılması üçün Füzuli rayonundan da alınıb verilmiş bir sıra kəndlərdə də ermənilər təxribatlar törədirdilər. İlk döyüşlər həmsərhəd olan Qaradağlı, Xatunbulaq, Çəmən, Qacar, Cəmilli, Aşağı və yuxarı Divanalılar, Govşad, Dilağarda, Aşağı və yuxarı Veysəlli kəndləri uğrunda başlandı. Füzuli şəhəri isə hər yerdən müntəzəm olaraq raket, top atəşinə tutulurdu. Müxtəlif siyasi qüvvələr tabeçiliklərində olan müdafiə dəstələrini çəkib apararaq, respublikada hakimiyyət uğrunda mübarizəyə qoşuldular. Ona görə də rayonların müdafiəsində ciddi boşluqlar yarandı. Füzulidən bu döyüşlərdə 6 min nəfərdən çox adam iştirak etdi. Onların min nəfərdən çoxu şəhid oldu, 150 nəfərdən çoxu əlil dərəcəsinə gəlib çatdı, 100 nəfərdən çoxu itkin düşdü. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən rayonun böyük bir hissəsi işğal olundu.
Ölkədəki anarxiya, özbaşınalıq sonda beləcə faciə ilə nəticələndi. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra, hamının ürəyində ümid çırağı şölə saçdı. Əhalinin sabaha olan inamı artdı. Ulu öndər hakimiyyətdə olduğu ilk vaxtlarda Horadiz qəsəbəsi və Azərbaycanın bir neçə kəndi düşmən tapdağından azad edildi.
Düşmənin işğal etdiyi hər bir kənd, qəsəbə talan olunub yerlə-yeksan edilmiş, xarabalığa çevrilmişdi. Horadiz qəsəbəsi daxil olmaqla Araz boyunun bir çox kəndləri də yaşamaq üçün yararsız idi. Qanlı döyüşlərdən sonra xarabalığa çevrilmiş bu yerlər indi çiçəklənən gülüstanı xatırladır. Qövsü-quzeyi xatırladan bağ-bağat insanın ruhunu oxşayır. Ətraf genişlənib, vaxtilə nizamsız tikilmiş dükan-bazarın indi səliqə-sahmanı var. Müasir binalar, istirahət guşələri, əhalinin yaşayıb-işləməsi, alış-verişi üçün lazımi şərait yaradılıb. Dağların qoynunda tikinti-quraşdırma işləri başa çatan su elektirik stansiyasında canlanma nəzərə çarpır. Ətraf kəndlərin, yeni yaşayış məskənlərinin də görkəmi dəyişib.
Rayonun Qayıdış və Zobucuq qəsəbələrində 4300-ə qədər ev tikilib, 20.000 nəfərə qədər rayon əhalisi geniş həyətyanı və əkin sahələri olan gözəl yaşayış binalarında məskunlaşıb. Məhz burada düşmənin dərsi veriləndən sonra ermənilər məcbur olub atəşkəs barədə sazişə imza atdılar. Bu saziş bizim üçün, ölkəmiz üçün çox vacib idi. Nizami ordu yaratmaq, onu silah-sursatla təmin etmək üçün vaxt tələb olunurdu. Hadisələrin sonrakı gedişi də göstərdi ki, ulu öndər Heydər Əliyev, həqiqətən, o zaman şəraiti düzgün qiymətləndirib, düzgün taktika seçib. Axı, güclü orduya malik olmaq üçün güclü iqtisadiyyat da lazımdır.
... İndi özüm Bakıda yaşayıb-işləsəm də, vaxtaşırı rayona gedir, bacı-qardaşlarıma, qohum-əqrəbama baş çəkirəm. Hər dəfə də neçə-neçə yeniliyin şahidi oluram.
Həqiqətən də, möhtərəm Prezident İlham Əliyevin cəbhə bölgəsində olan rayonların inkişafına, o cümlədən özünəməxsus qədim tarixi və əmək ənənələri olan Füzuli rayonuna göstərdiyi böyük qayğı və diqqət öz bəhrəsini vermişdir. Dövlət başçısının bu yaxınlarda Füzuli bölgəsinə növbəti səfəri zamanı bir sıra yeni obyektlərin açılışında iştirak etməsi Azərbaycan dövlətinin cəbhə bölgəsinə göstərdiyi böyük qayğının təzahürüdür. 2012-ci ildə Horadiz şəhərində və kəndlərdə aparılmış quruculuq işlərinin sırasına daxil olan Heydər Əliyev parkı, YAP-ın yeni binası, tam orta məktəb və Şahmat məktəbi, Gənclər mərkəzi, soyuducu anbar, su elektrik stansiyası rayonda aparılan geniş quruculuq və abadlıq işlərinin davamı olmuşdur.
Horadiz şəhər sakini, ağsaqqal Zülfiqar Babayev quruculuq işlərindən söz düşəndə dedi:
- İlahi hörmətli Prezident İlham Əliyevin canını sağ eləsin. Düşmənlə üz-üzə dayanmış rayonlarımızın abadlaşdırılmasına böyük qayğı göstərir. Prezident tez-tez camaatımıza baş çəkir. Dövlətin gördüyü tədbirlər bizi doğma yerlərə daha möhkəm bağlayır. Ordumuzun qüdrətinə də çox güvənirik. İnşallah, torpaqlarımız azad ediləndən sonra, belə quruculuq, abadlıq işləri bütün Qarabağda aparılar.
...Yeni ilqabağı yenə rayona getmişdim. Bu dəfə Azərbaycan Yazıçılar Birliyinin nümayəndə heyətinin üzvü kimi. Bizimlə birlikdə respublika Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Teleradio Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri və bir qrup incəsənət ustaları da Füzulidəki "N" saylı hərbi hissənin qonağı oldu. Şairlər əsgərlərə vətənpərvərlik ruhunda yazdıqları şeirlərini oxudular, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər. Hərbi hissə ilə tanışlığımız da oldu. Əsgərlərə yaradılmış şərait hamıya xoş təsir bağışladı. Fürsətdən istifadə edib bir neçə əsgər və zabitlə söhbət etdim. Onlara ilk sualım belə oldu:
- Düşmənlə üz-üzə durmaqdan qorxmursunuz ki?
- Biz niyə qorxuruq. Onlar qorxsunlar. Hiss edirik ki, qorxurlar da. Bura
bizim üçün doğma, onlar üçün yad
torpaqlardır. Özümüz də ön cəbhədə
xidmət etməkdən qürur duyuruq.
Söhbətə
maraqla qulaq asan tabor komandiri Z.Xudiyev nə fikirləşdisə
dedi:
-
Görürəm bu yerlərə yaxşı bələdsiniz.
- Uzun illər Füzuli şəhərində
işləmişəm.
- Azərbaycan
Ordusunun Bakıdakı "Azadlıq" meydanında
keçirdiyi son parad
yadınızdadır?
- Əlbəttə,
yadımdadır.
- Bundan
bir müddət sonra ermənilər də Yerevanda hərbi parad keçirdilər. - Televiziyada
həmin parada da baxmısınız?
-
Baxmışam. Fərq yerlə-göy qədərdir. Əslində,
ermənilər həmin paradla özlərini pis vəziyyətə
qoydular.
- İstəyirsinizsə gedək səngərə,
düşmənlər olan əraziyə müşahidə
cihazları ilə baxın.
Təklif
ürəyimdən oldu. Müşahidə cihazı ilə
işğal altındakı əraziyə xeyli göz gəzdirdim.
Sanki hər tərəfi ölüm sükutu
bürümüşdü. Məni xəyaldan yenə zabitin səsi
ayırdı.
-
Görürsünüzmü, ermənilər qorxularından
işğal etdikləri ərazilərdə daşı
daş üstə qoya bilmirlər. Gec də olsa, başa
düşürlər ki, həmin yerlərdə daha qala bilməyəcəklər.
Onlar bir vaxtlar Horadiz qəsəbəsini də, işğaldan
azad etdiyimiz kəndləri də oda qalamışdılar. Belə
yerdə deyirlər ki, halal
artar, haram batar. İndi ermənilər nəinki işğal
etdikləri ərazilərdə, hətta İrəvanın
özündə belə nəyisə qurub-yarada, artıra
bilmirlər. Əksinə, imkanı olanlar ölkədən
baş götürüb qaçır, bir daha geri
dönmürlər. Əgər əhali azalırsa, hansı
inkişafdan, hansı nailiyyətdən söhbət
açmaq olar.
- Təəssüf
ki, hələ də Füzuli şəhəri daxil olmaqla bu
rayonun 73 kəndindən 22-si düşmən tapdağı
altındadır. Tarixdə Arğalı türbəsi,
Babı türbəsi, aşağı Veysəlli kəndindəki
Mirəli türbəsi, Qarğabazar kəndində
Hacıqiyas bəyin məscidi və Karvansara, Qoçəhmədli
kəndində məscid, Füzuli şəhərində
Hacı Ələkbər məscidi, Məşədi Həbib
hamamı, Merdinli kəndində daşdan yonulan at, qoç
fiqurları və bir çox qədim abidələr Füzuli
torpağının bəzəyidir, həmişə müqəddəs
yer olubdur. Qaraköpək təpə, Meynə təpə,
Uzun təpə (Yeddi qardaş), Günəş təpə,
Xan təpə, Yumurta təpə, Göy təpə, Zərgər
təpə, Gül təpədə aparılan arxeloji
qazıntılar Qarabulaq nekropolunda insan
yaşayışının ilk orta əsrlərdə (III-XI)
olduğunu təsdiq edən amillərdir. Tuğ yalı boyunca
səpələnmiş Qarabulaq, Başbulaq, Ortabulaq,
Qoşabulaq, Salman bulağı, Şor bulaq, Məmməd
bulağı, Qotur bulaq, Üç bulaq, Üç ocaq XVI -
XVII əsrə aid nişanəsi və yazısı olan qədim
abidələrdir.
- Biz də
bilirik. Ona görə də bayaq sualları sizə təsadüfi
vermədim. Sizi səngərə dəvət etməkdə məqsədim
var idi. İstəyirdim ki,
baxıb fərqi dərindən təsəvvür edəsiniz.
Hissəmizin öhdəsində
qırıcı-bombardmançı təyyarələr, hərbi
vertolyotlar qrupu, artilleriya və tank birləşmələri,
digər zərbə qüvvələri var. Əsgər və
zabit heyəti yüksək döyüş qabiliyyətinə
malikdir. Hissənin komanda heyəti daim hərbi-hazırlıq
sahəsində nəzəri və praktik təlimlərə
yiyələnir, qoşun növləri komandirləri əməliyyatlar
zamanı öhdəsində olan hərbi texnikadan, əsgəri
qüvvədən düzgün
istifadə etməyin sirlərini müntəzəm öyrənir,
bilik və təcrübələrini təkmilləşdirirlər.
Hərbi hissənin nəzarət etdiyi bölgənin hər
bir nöqtəsində düşmənin atəş nöqtələri,
əsgəri qüvvələri, zirehli texnikasının yerləşdiyi
mövqe hər gün diqqətlə öyrənilir, kəşfiyyat
məlumatları nəzərə alınır, düşmən
təxribatının dəf edilməsi üçün əvvəlcədən
etibarlı tədbirlər görülür. Bunun nəticəsidir
ki, təxribat törədən düşmənin atəş
nöqtələri dərhal susdurulur, düşmənə
baş qaldırmağa imkan vermirik.
..."N"
hərbi hissəsində bir neçə saat çəkən
maraqlı görüş başa çatandan sonra baş
çavuş S.Cavadova, K.Rəfiyevə və X.Quliyevə
üzümü tutub dedim:
- Sizi bizdən soruşanlara nə
deyək?
- Burada gördüklərinizi. Bir də
deyin ki, ordumuz Vətənin keşiyində ayıq-sayıq
dayanıb, əsgərlərimiz üzərlərinə
düşən məsuliyyəti dərindən dərk edirlər.
Ali Baş Komandanın bütün əmrlərini hər an
yerinə yetirməyə hazırdırlar.
Oqtay ƏLİYEV
Azərbaycan.-2013.- 18 yanvar.- S.4.