Antiazərbaycançı şəbəkənin növbəti məkrli planı da iflasa məhkumdur

 

Azərbaycana düşmən mövqedə dayandığı heç kimə sirr olmayan dairələrlə əməkdaşlıq edən, "hüquq müdafiəçisi" adı altında əslində, dəllalıqla məşğul olan, fəaliyyətində Azərbaycanın dövlət maraqlarını daim tapdalayan Leyla Yunus növbəti dəfə antimilli fəaliyyəti ilə diqqəti çəkib. Bu dəfə onun rəhbərlik etdiyi SülhDemokratiya İnstitutu adlı qurum Ermənistanda fəaliyyət göstərən və bu ölkənin işğalçılıq siyasətinin fəal  təbliğatçısı olan "Region" araşdırma mərkəzi ilə birgə yeni sayt yaradıb.

KİV-də yer alan məlumatlara görə, bu layihə qarşı tərəflə bağlı məlumatların araşdırılmasına, ermənilər və azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın ilk əldən təsdiqlənməsinə xidmət edir. Lakin əgər layihədə Leyla Yunusun adı varsa, deməli, bu "işbirliyi"nin Azərbaycanın milli və dövlət maraqlarının əleyhinə yönələcəyi şübhəsizdir. Bu ehtimal elə saytın açıldığı ilk gündə özünü doğruldub. Belə ki, sayt açılan kimi azərbaycanlı və erməni jurnalistlər Ermənistanın "İrs" partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O isə Azərbaycanın işğal altındakı ərazilərini "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edib. R.Ovannisyan xəyal dünyasına o qədər qapılıb ki, Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasiyasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər ona Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər.

L.Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınıb. Həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış bu adamonun ermənilərlə qohumluq əlaqələri olan əri A.Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni ediblər. "Xidmətlərinin" müqabilində aldıqları külli miqdarda vəsait hesabına, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olublar.

L.Yunusun "Region" araşdırma mərkəzi ilə əməkdaşlığı yenilik deyil. Ermənilər məhz onun yalan məlumatları əsasında respublikamızla bağlı beynəlxalq miqyasda yanlış rəy formalaşdırmağa cəhd göstərirlər. Bunların növbəti layihəsi isə antiazərbaycançı şəbəkənin "fəallaşdığı" dövrə təsadüf edir. Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi erməni lobbisinin ölkəmizlə bağlı məkrli planlarını alt-üst edib. Odur ki, son vaxtlarda antimilli şəbəkə həyata keçirdiyi müxtəlif kampaniyalarla Azərbaycana qarşı çirkin planlarını işə salmağa cəhd etsə də, hər dəfə iflasa uğrayıb.

L.Yunusun "Region" araşdırma mərkəzi ilə yeni layihəsi də antiazərbaycançı şəbəkənin planlarının tərkib hissəsidir. Lakin bu kimi planlarla Azərbaycana təzyiq və təsir etmək, ölkəmizlə bağlı beynəlxalq miqyasda yanlış təəssüratlar formalaşdırmaq cəhdləri əbəsdir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 18 yanvar.- S.4.