Reneqatların məqsəd və məramı baş tutmayan iddialarının gerçəkləşməsinə nail olmaqdır

 

Ölkə ictimaiyyətini düşündürən bir məsələ var: müharibə şəraitində yaşayan, ərazisinin iyirmi faizi erməni vandalları tərəfindən işğal ölkəmizlə, bir milyondan çox qaçqın və məcburi köçkünün taleyi ilə maraqlanmayıb yalnız, öz şəxsi ambisiyalarına xidmət edən "Ziyalılar forumu" kimə və nəyə gərəkdir?!  Heç kimə sirr deyil ki, ilin-günün bu vaxtı, bu  qrupun təmsilçiləri ölkəmizin müstəqilliyinə və inkişafına zərbə vurmaq istəyən qüvvələrin dəyirmanına su tökməkdən başqa bir işlə məşğul deyillər.

Onu da qeyd edək ki, ölkə ictimaiyyətinin ciddi qəbul etmədiyi və ictimai rəyə təsir gücündə olmayan forumda irəli sürülən mülahizələr öz keyfiyyətinə görə heç də qurumun adı ilə uzlaşmır. O da məlumdur ki, "Ziyalılar forumu" adlandırılan quruma toplaşanlar xalqın adından danışmaqla, hökumətə qarşı əsassız ittihamlar səsləndirməklə, əslində, üstüörtülü şəkildə bəzi şəxsi  istəklərinin reallığa çevrilməməsindən gileylənirlər. Bu narahatlıqlara görədir ki, bu ziyalılar "qara məni basınca, mən qaranı basım" prinsipini əldə rəhbər tutaraq öz qaranlıq əməllərini ört-basdır etmək məqsədilə ölkə rəhbərliyinə şantaj xarakterli ittihamlar yönəldirlər. Bu isə ağıllı insanlar, əsl ziyalılar tərəfindən ikrah hissilə qarşılanır. Bu fikirlər redaksiyamıza ünvanlanmış məktub və müraciətlərdə də öz əksini tapır.

Goranboy rayonundan qabaqcıl mədəniyyət işçisi, 75 yaşlı Məhərrəm Əliyev yazır: "Hörmətli redaksiya, yeni yaradılan bu "Ziyalılar forumu", mənim fikrimcə, özlərinin xeyrinə, xalqın ziyanına işləməkdən başqa bir şey deyil. Bu qrupda birləşmiş Eldar Namazov, Rüstəm İbrahimbəyov, Gültəkin Hacıbəyli və digərləri antiazərbaycançı şəbəkənin çirkin oyunlarının oyuncaqlarına çevrilməyi özlərinə necə rəva bilirlər. Eldar Namazovun siyasi mənsubluğu  hələ neçə illər bundan öncədən ictimaiyyətə məlumdur. Hamı yaxşı bilir ki, Eldar Namazov 1993-1999-cu illərdə Prezident Aparatında işləyib. O, bu vəzifənin və nüfuzun gücündən istifadə edərək xarici antiazərbaycançı qüvvələrlə əlaqə quraraq, ölkəyə və xalqa arxadan zərbə vurmağa çalışıb. Xəyanətkar əməllərinə, siyasi riyakarlığa görə Eldar Namazov xalqın gözündən düşüb.

Elin gözü tərəzidir, deyiblər. Nəinki mənə, mənim yaşadığım rayonun ziyalılarına, bir sözlə, bütün rayon ictimaiyyətinə bəllidir ki, Eldar Namazov nə üçün "Ziyalılar forumun"dadır:  o, hakimiyyəti tənqid edən, respublikamızın gündən-günə artan iqtisadi gücünü, dünya miqyasında yüksələn nüfuzunu həzm edə bilməyənləri ətrafına toplamaqla şəxsi maraqlarına qapı açmağa can atır. Biz veteran ziyalılar heç vaxt bununla barışa bilmərik və hər vəchlə gənclərimizi bu yoldan çəkindirməliyik. İstəyirik ki, bugünkü gənclik, əsl vətənpərvər insanlar və aydınlar bu qrup tərəfindən səsləndirilən cəfəng məsələlərin yox, xalqımızın firavan yaşayışı, respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparanların arxasınca getsinlər".

İctimai rəydən gələn mesajlardan, məktub və müraciətlərdən məlum olur ki, "Ziyalılar forumu" adlı qurumun xalqımızın milli dəyər və maraqlarına xidmət etməsi ehtimalları demək olar ki, yox dərəcəsindədir. Əhali bu  forumun yaradılmasını və fəaliyyətini bəyənmir. Çünki quruma şəxsi maraq və məqsədlərini gerçəkləşdirə bilməyən şəxslər cəlb olunur. Onlardan biri də keçmiş deputat Gültəkin Hacıbəylidir. Sözügedən şəxs vaxtilə Azərbaycan parlamentində təmsil olunurdu, eyni zamanda, Avropa Şurasında  ölkəmizin və xalqımızın uğurlarından danışırdı. Amma Gültəkin Hacıbəylinin potensialını aşan iddialar ortaya qoyması və vəzifə davası onu ictimaiyyətin gözündən saldı. Elə bu səbəbdən də, Gültəkin Hacıbəyli növbəti dəfə seçiciləri tərəfindən dəstəklənmədi və millət vəkili olmadı.

İnsanda neçə sifət olmalıdır? Oxuyun, müqayisə edin, cavabı bəlli sualı ətrafınızdakılara siz də verin.  Millət vəkili olduğu illərdə Azərbaycanda seçkilərin demokratikliyindən, şəffaflıqdan, habelə ölkəmizin gündən-günə artan iqtisadi gücündən-qüdrətindən və işıqlı gələcəyindən danışan Gültəkin Hacıbəyli son parlament seçkilərindən sonra statusunu dəyişdi, oldu müxalifətçi. Mövqe dəyişikliyinin əsas səbəbi də deyilənlərə görə, yerlərdəki bəzi obyektlərə "krişalığın" əlindən çıxması olub.

Bunlardan göründüyü kimi, Gültəkin Hacıbəyli özünün siyasi karyerasına məhz vəzifə hərisliyinə görə son qoyub. Sabah ona harada ürəyindən keçən vəzifəni versələr, necə ki, indi Azərbaycan parlamenti və iqtidarı barədə şər və böhtan danışır, eləcə də yuxarı başda oturduğu  "Ziyalılar forumu" haqqında danışacaq.

Gəlinən qənaət budur ki, özlərini "ziyalı" adlandıran və hər məqamda xalqın adından danışmağa çalışan Eldar Namazov, Rüstəm İbrahimbəyov və Gültəkin Hacıbəyli kimi reneqatların məqsəd və məramı özlərinin dedikləri kimi yox, baş tutmayan arzularının gerçəkləşməsinə nail olmaqdır. Deməli, bu qrupun təmsilçiləri ölkənin inkişafı, xalqın işıqlı gələcəyi üçün yox, öz maraqlarının reallaşması hayındadır.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.4.