«Foto-yaddaş»
Azərbaycan İstiqlal Muzeyinin
ekspozisiyasında 20 Yanvar faciəsinə həsr olunmuş sərgi
keçirildi
Dünən Azərbaycan İstiqlal Muzeyinin
ekspozisiyasında 20 Yanvar faciəsinin
23-cü ildönümünə
həsr olunmuş
"Fotoşəkillərin söhbəti" adlı sərgi
keçirildi. Azərbaycan Fotoqraflar Birliyi və İstiqlal
Muzeyinin birgə təşkil etdiyi fotosərgidə ilk dəfə
olaraq Mirnaib Həsənoğlunun, Oleq Litvinin, Tahir Cəfərovun,
Fərid Məmmədovun və başqalarının 20 Yanvar
faciəsini əks etdirən 30-dan çox fotoşəkilləri
nümayiş olundu. Sərgidə ilk dəfə olaraq muzeyə
Bakı İncəsənət Mərkəzi
Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli
tərəfindən 20 Yanvar hadisələrinin canlı
şahidlərinin xatirələri təqdim
edildi.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, fotoqraf Tahir Cəfərov çıxış edərək bir gecənin qanlı şəkillərinin hansı dəhşətlərlə üzləşərək çəkildiyini və əhəmiyyətini bildirdilər. Sərgidə iştirak edənlər bir daha xatırlatdılar ki, azadlığımıza və dövlət müstəqilliyinin bərpasına gedən yolun başlanğıcı məhz o gecədən başladı. İllərdən bəri Azərbaycanın təbii sərvətlərini hərisliklə əlindən alan sovet imperiyasının diktatura rejiminə qarşı çıxan vətənpərvərlərimiz o gecə azadlıq və istiqlaliyyət aşiqi və şəhidi olduqlarını öz qanları ilə torpaq üzərinə yazdıqları "AZADLIQ"la təsdiqlədilər.
Əlbəttə, bütün tarixi hadisələrin yaddaşlarda iz salmasında bədii və publisistik sənət əsərlərinin rolu əvəzsiz olub. 20 Yanvar dəhşətləri də bu qəbildən olan siyasi-ictimai hadisə olduğundan, onun əsrlərlə yaşaması və gələcək nəsillərə çatdırılmasında mədəniyyət və incəsənət sahəsində çalışanların üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətin arxasında əsl vətənpərvərlik duyğuları dayanır. O gecənin fotosalnaməsini yaradanlar da, sözün əsl mənasında, imperiya cəlladları ilə üz-üzə, göz-gözə savaşan mübarizlərimiz kimi tarixdə öz izlərini qoydular. Bu gün qanlı tariximizin həmin səhifəsini vərəqləyərkən fotoqraflarımızın və rəssamlarımızın Vətən qarşısında göstərdiyi xidmətlər daha aydın görünür.
Tədbirdə AFB-nin üzvləri, 20 Yanvar facisəinin canlı şahidləri, Prezident Qvardiyasının, Daxili və Sərhəd Qoşunlarının əsgərləri, MTN-nin Akademiyasının kursantları və digər qonaqlar iştirak etdilər.
20
Yanvara həsr olunmuş sənədli filmin nümayişindən
sonra tədbir iştirakçıları faciə haqqında
sorğu anketi doldurdular.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 18 yanvar.- S.5.