Nəsillərə nümunə
Elm
xadimləri
Bu
gün Azərbaycanın ziyalı qızı, görkəmli
oftalmoloq, tanınmış ictimai xadim, professor Zəhra
xanım Quliyevanın 90 yaşı tamam olur. Şərəfli
bir ömür yaşamış Z.Quliyeva respublikada səhiyyənin,
tibb elminin inkişafına töhfələr vermiş,
qadın hərəkatının liderlərindən
olmuşdur.
Azərbaycanda onu tanımayan yox idi. Zəhra xanım Qadın
Problemləri üzrə Dövlət Komitəsinin sədri,
görkəmli oftalmoloq-alim, Azərbaycan Tibb Universitetinin
rektoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri,
tanınmış ziyalı, ictimai xadim idi. Ancaq
bunların hamısından əvvəl o, doğmaları, ona
öz problemləri, ağrıları ilə müraciət
edən hər kəs üçün fədakarlığa
hazır olan qayğıkeş ana, əsl insan idi.
Gözəl, yumşaq xasiyyəti, müdrikliyi,
savadı, tibb elminə verdiyi töhfələri, vətənpərvərliyi,
rəvan natiqlik bacarığı, yüksək mədəniyyəti
ilə ölkədə böyük nüfuz
qazanmışdı. O, ömrünün əsas hissəsini tibb elminin, Azərbaycan
səhiyyəsinin inkişafına həsr etmiş,
insanların sağlamlığı keşiyində
durmuşdur.
Ziyalı ailəsində dünyaya gəlmiş Zəhra
Quliyeva bu ziyalılığı irsi bir sərvət kimi
ömrü boyu şərəflə
daşımışdı. Atası Tahir bəy Moskvada ali təhsil almış dəmir yolu mühəndisi
idi. O, professor adına layiq görülən
ilk azərbaycanlılardan olmuşdur. Zəhra
xanımın belə bir ailədə böyüməsi,
sözsüz ki, onun gələcək taleyində izsiz
qalmayacaqdı. O, orta təhsilini əla qiymətlərlə
başa vurub Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə imtahansız qəbul
olunmuşdu. Həmin vaxtdan oftalmologiya bir elm sahəsi
kimi gənc mütəxəssisi cəlb etmiş,
ömrünü sevimli peşəsinə
bağlamışdı. İnstitutu əla
qiymətlərlə bitirdiyinə, zəhmətsevərliyinə
və çalışqanlığına görə dövlət
komissiyasının qərarı ilə Göz xəstəlikləri
kafedrasında ordinator vəzifəsində
saxlanılmış, tezliklə müsabiqə yolu ilə əvvəlcə
assistent, sonra isə dosent vəzifələrinə
seçilmişdi. Pedaqoji fəaliyyəti
ilə elmi işlərini uğurla birləşdirən Zəhra
xanım biri-birinin ardınca namizədlik və doktorluq
dissertasiyalarını müdafiə edərək yüksək
elmi dərəcələrə layiq
görülmüşdür. Onun elmi tədqiqatları
oftalmologiyanın aktual problemləri sayılan bir sıra
göz xəstəliklərinin öyrənilməsinə həsr
olunmuşdur.
Təcrübəli
pedaqoq, istedadlı alim, mahir cərrah Zəhra xanım Quliyeva
uzun müddət Tibb İnstitutunun Oftalmologiya kafedrasına rəhbərlik
etmiş, yüksək səviyyəli həkim və
elmi-pedaqoji kadrların hazırlanmasında əzmlə
çalışmış, ölkə üçün gənc
tibb kadrlarının hazırlanmasında xüsusi xidmət
göstərmişdir. İnstitutun elmi işlər
üzrə dekan müavini, kafedra müdiri, tədris hissə
üzrə prorektor vəzifələrində
çalışdığı zaman qazandığı zəngin
təcrübə, idarəetmə məharəti, böyük
elmi potensialı, hərtərəfli
dünuyagörüşü, gözəl mənəviyyatı
bütün həyatı boyu işlədiyi sahələrdə
ona yalnız uğurlar gətirmişdir. Zəhra
xanım ilk növbədə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə,
intizamın möhkəmləndirilməsinə diqqət
yetirmişdir. Nəticədə instituta tələbə
qəbulunun sayı artırılmış, yeni kafedralar, təlim
kursları yaradılmışdı. O özünün
ictimai fəaliyyəti ilə respublikamızın həyatında
mühüm rol oynamışdır. Dəfələrlə
SSRİ Ali Sovetinin, rayon və Bakı şəhər sovetlərinin
deputatı seçilmiş, müxtəlif beynəlxalq cəmiyyətlətin
və şuraların üzvü olmuşdur. Dünyanın
bir çox ölkələrində keçirilmiş
qadın qurultaylarında, elmi simpoziumlarda, sülh günlərində,
yüksək səviyyəli toplantılarda iştirak etmiş, bir çox beynəlxalq
tədbirlərdə Azərbaycan qadınlarını təmsil
etmişdir. Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü olmuşdur. O, namizədlik
və doktorluq dissertasiyalarının elmi rəhbəri, bir
çox monoqrafiya və elmi məqalələrin, Tibb
Universitetinin tələbələri və müəllimləri
üçün tədris vəsaitlərinin müəllifi
olmuş, tibb elminin inkişafına böyük töhfələr
vermişdir. Ayrı-ayrı illərdə səhiyyə
sahəsindəki xidmətlərinə görə vətənin
yüksək mükafatlarına layiq
görülmüşdür. İki dəfə
"Şərəf nişanı", "Qırmızı
Əmək Bayrağı", həmçinin müstəqil
respublikamızın "Şöhrət" ordenlərinə
layiq görülmüşdür. İctimai fəaliyyəti
bir çox medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.
İşinin vurğunu olan Zəhra xanım ən
ağır cərrahiyyə əməliyyatlarını
uğurla apararaq yüzlərlə xəstənin gözünə
nur vermişdir. Hərdən bəzi peşə sahiblərinə,
xüsusən həkimlərə öz işlərini yerinə
yetirməkdə yüksək vəzifələrin mane
olmasından söz düşəndə Zəhra xanım deyərdi
ki, bu, hər kəsin şəxsi keyfiyyətlərindən, fərdi
xüsusiyyətlərindən daha çox asılıdır:
"Doğrudur, həkim vəzifə kürsüsündə
itirdiyi vaxtı xəstələrinə həsr etsə, cəmiyyət
bundan daha
çox faydalanar. Lakin elə insanlar var ki,
tutduğu vəzifəni xəstələri üçün
ayırdığı zamana xələl gətirmədən
yerinə yetirə bilir. Peşəsində
də, ictimai işlərdə də eyni uğurla
çalışır".
Ümummilli
lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi
dövrdə onun ali təhsil sistemində, eləcə də
Azərbaycan Tibb İnstitutunda yüksək ixtisaslı
kadrların hazırlanması üçün göstərdiyi
diqqət və qayğını Zəhra xanım həmişə
xüsusi minnətdarlıq hissi ilə xatırlayar, rektor təyin
edilməsi ilə ona böyük etimad kimi qiymətləndirər,
ulu öndərin rəhbərliyi altında işləməsini
özü üçün həmişə böyük
xoşbəxtlik hesab edərdi.
1998-ci il
yanvarın 14-də ümummilli lider Heydər Əliyevin
imzaladığı fərmanla Azərbaycan Respublikası
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri
təyin olunması onun həyatını tamamilə dəyişdi;
indi ölkədə qadın məsələlərinin
dövlət səviyyəsində həlli və Zəhra xanımın
insanlara kömək etməsi, eyni zamanda qadınların
öz potensiallarından daha geniş istifadə etmələri
üçün yaxşı imkan yaranmışdı. O,
müxtəlif problemlərlə komitəyə müraciət
edən insanları səbirlə, təmkinlə dinləyərək
məsələlərinin həllində imkan daxilində
kömək edir, mərhəmətini əsirgəmirdi.
Belə qəbullarda mən özüm də çox
iştirak etmişəm. O, insanlara münasibətində olduqca xeyirxah və
müdrik idi. Hər hərəkətində, hər
sözündə mərhəmət, şəfqət hiss
olunurdu. Çünki insanları çox
sevir, onların problemlərinə biganə qala bilmirdi.
İşinə son dərəcə bağlı, zəhmətsevər
bir insan kimi Azərbaycan qadınlarının problemləri Zəhra
xanımı həmişə narahat edirdi. Bölgələrdə,
kənd yerlərində qadınların fəallığını,
tədbirlərdəki çıxışlarını
görəndə sevinc və fərəh hissi keçirirdi.
Çox çalışırdı ki,
qadınlar öz hüquqlarını başa
düşsünlər, daha fəal və təşəbbüskar
olsunlar.
Zəhra xanım həmişə özünə,
öz əqidəsinə sadiq insan idi. Hansı vəzifədə
işləməsindən asılı olmayaraq illər onu
heç də dəyişmədi. Tələbələri,
həmkarları həmişə deyirlər ki, komitə sədri
işləyəndə də xasiyyətcə elə birinci dəfə
gördüyümüz sadə, mehriban xanım idi.
Zəhra xanım qadınların problemlərini
yaxşı bilirdi. Ümumiyyətlə, o,
başqalarının dərdini öz ürəyindən
keçirməyi bacarırdı. Yəqin
ki, bu, həkimliyindən və daxili dünyasının zənginliyindən
irəli gəlirdi.
"Qadın ailədə evin dayağı olduğu
kimi, cəmiyyətin də əsas sütunudur. Buna görə də
qadınla hesablaşmaq, ona həmişə diqqət göstərmək
lazımdır", - bu da Zəhra xanımın sözləridir.
O,
qadının hər şeydən əvvəl ana,
ocağının çırağı olduğunu hesab etsə
də, çox sevinirdi ki, bu gün qadınlarımız təkcə
ailə çərçivəsindəki fəaliyyətləri
ilə kifayətlənmirlər. Onlar cəmiyyətin
həyatında bütövlükdə iştirak edirlər.
Qadınlarımız rəhbər vəzifələrdə
çalışır, onlara göstərilən etimadı ləyaqətlə
doğruldurlar. O, bir tərbiyəçi kimi
qadınları milli-mənəvi dəyərlərimizin
qoruyucusu və təbliğatçısı olmağa, gənc
nəsli bu dəyərlər üzərində böyütməyə
səsləyirdi.
Zəhra xanımın hələ gənclik illərindən
xalqımızın ziyalı qızı, ümummilli lider Heydər
Əliyevin ömür-gün yoldaşı Zərifə
xanım Əliyeva ilə tanışlığı,
onların mənəvi bağlılığı sonradan
yaxın dostluğa çevrildi. Onlar eyni peşəni
seçdilər, birlikidə ciddi oftalmologiya məktəbi
yaratdılar, mötəbər elmi konfrans və simpoziumlarda
iştirak etdilər. Bu dostluq ömürlərinin
sonunadək davam edərək sədaqət nümunəsi
oldu.
Özümü xoşbəxt hesab edirəm ki, Zəhra
xanımın rəhbərliyi altında işləmək mənə
də nəsib olmuşdur. Onun bütün fəaliyyəti
bizim üçün əsl məktəb idi. Yaşından, vəzifəsindən asılı
olmayaraq hər bir əməkdaşla mehriban, səmimi rəftar
edirdi. Özünə və
başqalarına qarşı ciddi tələbkarlığı,
incə qəlbi, duzlu söz-söhbəti onu hamıya
sevdirirdi. Özünün idarəçilik
təcrübəsini həvəslə gənclərə
öyrədir, onların hər addımını dəstəkləyirdi.
Hər hərəkəti, hər sözü ilə
qazandığı nüfuzu qoruyub saxlayırdı.
Zəhra xanım
yorulmaq bilmədən respublikanın bütün rayonlarına
gedir, əhali ilə görüşürdü. Hər yerdə onu mehribanlıqla, hərarətlə
qarşılayırdılar. İnsanlarla
son dərəcə mədəni və səmimi davranışı,
müdrik söz-söhbətləri, kübarlığı
ilə ətrafındakılarda inam oyatmışdı. Ona ürəkdən inanır, etibar edirdilər.
Çünki özünə son dərəcə
tələbkar olan Zəhra xanım sözünün
üstündə durmağı bacarır, onun məsuliyyətini
daşıyırdı. Təsadüfi
deyil ki, Zəhra xanım işlədiyi sahələrdə
çoxlu sayda davamçılarının yetişdirilməsinə
nail olmuşdu.
Zəhra xanım şərəfli
və mənalı bir ömür sürdü. Heç kəsi narahat etmədən, daxili
nigarançılığını üzə vurmadan
hamıya müsbət enerji bəxş edərdi. Onun zahiri sakitliyinin arxasında həssas bir ürək
döyünürdü. Zəhra xanım
torpaqlarımızın işğalını, ailələrin
qaçqın və köçkün həyatı
yaşamasını sakit qarşılaya bilmirdi. Xalqının taleyini övladlarının taleyindən
ayırmırdı. Bu onun beynəlxalq
forumlardakı nitqlərində də öz əksini
tapırdı.
Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsində komitə sədri kimi Zəhra xanım çox fəal iş aparırdı. Eyni zamanda Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər və fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin icrasında öz əməyini əsirgəmirdi.
Həyatımızda çox şeylər dəyişib. Dəyişməyən təkcə itkilərimizin ağrısı və səmimi, saf duyğularımız olub. Təəssüf ki, biz hələ də insanların əsl dəyərini onları itirəndən sonra daha çox dərk edirik. Lakin haqqında söz açdığımız Zəhra xanım Quliyeva hələ sağlığında ikən xalqımız və dövlətimiz tərəfindən layiqli qiymətini almış şəxsiyyətlərdəndir. Onun adı Azərbaycan qadın hərəkatının tarixinə qızıl hərflərlə yazılmışdır. Buna görə də Zəhra xanım Quliyevanın dünyasını dəyişməsini hər bir nəsil öz itkisi kimi yaşayır. Onun yoxluğu yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsi eyni cür ağrıdır. Lakin ən böyük təsəllimiz odur ki, Zəhra xanımın zəngin təcrübəsi, faydalı məsləhətləri bu gün də əlimizdən tutur.
Hicran
HÜSEYNOVA,
Ailə, Qadın
və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
sədri,
siyasi elmlər doktoru, professor
Azərbaycan.-2013.- 18 yanvar.- S.6.