Yaddaşımızın ehtiyac duyduğu «Yaddaş səhifələri»

 

Tanınmış ədəbiyyatşünas alim, tənqidçi və publisist, BDU-nun jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyevin  "Elm və Təhsil" nəşriyyatı tərəfindən "Yaddaş səhifələri" adlı  kitabı çapdan çıxmışdır. Kitabda müəllifin sovet hakimiyyəti dönəmində və dövlət müstəqilliyimizin bərpasından sonrakı illərdə qələmə aldığı  elmi-nəzəri və publisistik məqalələrinin bir qismi toplanıb. Arxiv araşdırmalarının bəhrəsi olan məqalələrdə yazıçı və zaman, şəxsiyyət və portretlər geniş təhlilə cəlb olunur.

Milli dövlətçilik hərəkatının təməl faktoru sayılan azərbayçançılıq ideologiyası Şamil Vəliyevin hər şeydən əvvəl bir vətəndaş kimi çox maraq göstərdiyi sahədir. Bu, "Azərbaycançılıq xalq, dövlət, vətəndaşlıq meyarıdır" məqaləsində özünü daha bariz şəkildə büruzə verir. Dəyişən və yeniləşən tarixin ən maraqlı dövrlərindən günümüzün aydınlıqlarınadək keçilən yolda azərbaycançılıq ideya-siyasi konsepsiyasına müstəsna əhəmiyyət verən professor yazır ki, son illərin elmi-nəzəri tədqiqatları baş verənlərə əyanilik gətirən və bir sıra faktları ilə ciddi maraq doğuran həqiqətlərdir. Bu mənada filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın azərbaycançılığın təşəkkülü və inkişafına aydınlıq gətirən məqalələrini, eləcə də "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi", "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası" adlı monoqrafiyalarını çağdaş dövlətçilik ideyası baxımından elmi-nəzəri süzgəcdən keçirən ədəbiyyatşünas alim bu qənaətə gəlir ki, Sona Vəliyevanın bu tədqiqatları "müasir ictimai və humanitar düşüncəmizə qida verən diqqətəlayiq əsərlərdəndir".

Ədəbiyyatşünas alimin "Tarixin tələbi və qırmızı yalanlar" yazısında xalq yazıçısı Elçinin ədəbi aləmdə böyük rezonans doğuran "Sosrealizm bizə nə verdi?" məqaləsi ("Ədəbiyyat" qəzeti, 2010, ¹ 41, 44,) zamanın və o dövrün ictimai-siyasi hadisələrinin prizmasından keçirilməklə Azərbaycan ədəbiyyatının yaddaşlarda yaşayan "qırmızı qaranlıqlar"ının ən müdhiş və ovxarlanmış cəhətlərinə gur işıq salınır. Müəllif 1937-ci ilin repressiyalarının - həbs, sürgün və güllələnmələrin,  amansız siyasi "ifşa" üsullarının, "qırmızı yalanlar"ın və "qırmızı qaranlıqlar"ın rəngini daha da tündləşdirdiyini diqqətə çatdıraraq haqlı olaraq bu qənaətə gəlir ki, o illərdə ədəbiyyat üfüqlərində doğru sözün sərhədləri məhdudlaşdırılıb, bir sıra hallarda isə doğru sözün defisiti yaranıb. Məqalə tarix və gələcək arasında tərəddüdlər içərisində qalanların yolunu işıqlandırmağa kömək edəcək tarixi-fəlsəfi mühakimələr toplusudur. Ədəbiyyatşünas professor yazır: "Tarixdə yalnız xoşagələn hadisələr, güvənc dolu məqamlar deyil, indi bizi üzəcək, kədərləndirəcək olaylar da var və bizlər uğurlu və uğursuz anları yalnız "tarix dərsləri" kimi bilməklə kifayətlənməməli, onları öyrənib, təhlil edib, fəsadlarını aradan qaldırmağı bacarmalıyıq. Başqa sözlə, bu günü tarixdə görməyi, tarixi bu gün yenidən yaşamağı bacarmalıyıq. Bu yaşam konsepsiyası hər birimizin vətəndaşlıq duyğularını idarə etməlidir".

Müəllifin "Mir Cəlal Paşayevin bir yazısı haqqqında" əsərində görkəmli pedaqoq-alim, yazıçı Mir Cəlalın indiyədək müasir oxuculara məlum olmayan, Dağıstan Xalq Maarif Komissarlığı tərəfindən 1928-ci ildə Mahaçqalada nəşr edilən "Maarıf yolu" jurnalında işıq üzü görmüş "Ədəbiyyatda romantizm" əsərinin ədəbi-nəzəri məziyyətləri önə çəkilir. Mir Cəlal müəllimin 1929-1930-cu illərdə Gəncə şəhər məktəbində direktor işlədikdən sonra Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil almasına, habelə Şimali Qafqaz ədəbi-mədəni və elmi-ictimai mühiti ilə əlaqələri haqqında dəyərli araşdırmalarına diqqət yetirilir. Görkəmli nəzəriyyəçi alimin dünya və Azərbaycan romantizmi ilə bağlı araşdırmaları, gəldiyi qənaətlər çağdaş ədəbiyyatşünaslığımız üçün ciddi təcrübi əhəmiyyət daşıyır. Müəllifin fikrincə, cəfakeş alimin düşüncələrindəki aydınlıq, məntiq mükəmməlliyi, romantizmə dair zəngin informasiya və onun şəxsiyyət nümunəsi bir daha sübut edir ki, yalnız ardıcıl, sistemli nəzəri axtarışlar, halal zəhmət insanın kimliyini müəyyənləşdirir, xalqının yaddaşında ona abidə ucaldır: Mir Cəlal abidəsi kimi!

Tarixdə və ədəbiyyatda xidmətləri olan, ictimai rəydə kifayət qədər tanınmış şəxsiyyətlər haqqında, xüsusilə bu gün elmin bu və digər sahələrində xidmətləri olanlar barəsində yazmaq ciddilik və çox böyük məsuliyyət tələb edir. Bu ciddiliyin və məsuliyyətin öhdəsindən layiqincə gələn müəllifin  Möhbəddin Səməd ("Uzaq yolun müsafiri"), ədəbiyyatşünas-professorlar İsa Həbibbəyli ("Akademikin biblioqrafiyası"), Vaqif Arzumanlı ("Vətəndaş"), İslam Ağayev ("Zəhmət və halallıqdan yarananlar"), Fərhad Zeynalov ("Elm fədaisi, vətəndaşlıq nümunəsi"), Abuzər Xələfov ("Kitablara bağlı ömür"), Şirməmməd Hüseynov ("Azad sözün tərəfdarı") avtobioqrafik əsərlərində onların elmin inkişafında rolu, xalq və Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri elmi-publisistik dillə oxuculara çatdırılır.

Xalqımızın, dövlətimizin müasir müstəqillik illərində üzləşdiyi problemlər, Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı, Dağlıq Qarabağda, eləcə də Ermənistanla həmsərhəd bölgələrdə dinc əhaliyə qarşı yönəldilən vandalizm siyasəti "Yaddaş səhifələri"nin ən ağrılı mövzularındandır. "Siyasət, praqmatizm və gerçəklik", "El bir olsa, yaxud diri torpaqlar", "Qarışıq xəbərlər", "Torpaq, əgər uğrunda ölən varsa, vətəndir", "Millətin ümidi təkcə kasıb çörəyi deyil", "Tarixi şəxsiyyətlər yaradır", "Soyuq küləklər, yaxud yaz gəlir" kimi məqalələrdə təcrübəli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişini ürəkdən dəstəkləyən müəllifin gəldiyi qənaət budur ki, ümummilli liderin tövsiyə etdiyi kimi, "AZAD, QÜDRƏTLİ, BÜTÖV AZƏRBAYCAN" idealı hamımızın duyğu və düşüncəsinə həmişəkindən daha artıq hakim kəsilməlidir... Yaşadığımız günlərin çoxsaylı ictimai-siyasi problemləri, sosial-psixoloji gərginliyi, iqtisadi-texniki çatışmazlıqları belə bir fikri təsdiqləyir ki, azadlıq uğrunda mübarizə apararaq müstəqil dövlət sahibi olmaq nə qədər çətindirsə, onu qoruyub mühafizə etmək, gələcək nəslə çatdırmaq daha ağır bir işdir. Siyasətlə məşğul olanlarımızın bu çətinliyi, bu ağırlığı yaşaması və optimal nicat yolu axtarması, milli varlığımızı dünyaya bütövlükdə tanıtmaq uğrunda mübarizəsi indi hər kəsi həmişəkindən daha çox maraqlandırır".

Qeyd etmək yerinə düşər ki, Azərbaycan müstəqilliyini bərpa edəndən - ölkədə yeni jurnalistikanın meydana çıxdığı bir dövrdən Şamil Vəliyev bu sahənin milli ideologiyaya və müasir dövlətçiliyə istiqamətləndirilməsi problemləri ilə ciddi məşğul olur. Sovet dönəmində hətta adının çəkilməsinə qadağa qoyulmuş "Açıq söz" və "Füyuzat" kimi mətbuat orqanlarını tədqiq edərək onları məktəb səviyyəsində qiymətləndirir, onların milli mücadilə və istiqlal ideyasının yeni yaranmaqda olan jurnalistikanın lokomotivi (aparıcı xətti) olmasına çalışır. Şamil Vəliyev neçə ildir ki, elmli, savadlı, xalqımıza, dövlətə və dövlətçiliyə yüksək səviyyədə sədaqətlə xidmət göstərmək istəyən tələbə-jurnalistlərin təhsili, onların bu sahədə dünya standartları səviyyəsində təcrübə toplamaları ilə məşğuldur. Hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı kimi məsul bir vəzifənin öhdəsindən layiqincə gələn Şamil Vəliyev ədəbiyyatşünaslıqda olduğu kimi, jurnalistikanın da elm məkanında inkişafına müasir təhlil və yaradıcılıq baxımından xüsusi önəm verir, Azərbaycanda jurnalistikanı inkişaf etmiş ölkələrdə olduğu kimi əsl ictimai fikir institutuna çevirməyə çalışır. Azərbaycan mətbuatının inkişaf tarixinə işıq salan və çağdaş jurnalistikamızı gör-götürə cəlb edən müəllif yazır: "Hər bir elm sahəsi kimi, jurnalistika da dünyanın mükəmməl dərki, təsviri, tədqiqi, təhlili və başqasına təqdiminə xidmət edir... Ən qədim elm, sənət və peşə sahələrində olduğu kimi, jurnalistika da təxəyyülə, insanın arzu və ideallarına, romantik duyğularına meydan açır, insanın özünü, cəmiyyətini, ailəsini, vətənini müdafiə etməyə, dövlətini qurmağa və onu qorumağa vasitə olur". Bu uğura yol açan, çağdaş jurnalistikamızın problemlərinin həllinə yönəldilən "Azərbaycan jurnalistikasının qaynaqları" və "AzərTAc-ın tarixi və müasir həqiqət axtarışı", "Varis olmağı bacarmalıyıq" məqalələri, Qərənfil Dünyaminqızının "Cümhuriyyət dövrü Azərbaycan mətbuatı" (1918-1920-ci illər) adlı əsəri haqqında qeydləri kitabda maraqla oxunan yazılara nümunədir.

Müəllif "Yaddaş səhifələri"ni vərəqlədikcə Azərbaycan jurnalistlərinə örnək olan tanınmış pedaqoq-müəllim, ağsaqqal mətbuat işçisi və ictimai xadim Nəsir İmanquliyevi ehtiramla xatırlayır, bugünkü yazarlara işində və jurnalistlik fəaliyyətində özünəqədərki klassik jurnalistlərin yaradıcılıq ənənələrinə istinad edən "Görkəmli redaktor və pedaqoq"dan nümunə götürməyi tövsiyə edir.

"Azad sözün tərəfdarı" adlı portret-oçerkdə isə Azərbaycan jurnalistikasının inkişafında xüsusi xidmətləri olmuş, çağdaş ictimai və humanitar elmimizin ağsaqqalı, elmi-siyasi fikrimizin obyektivlik meyarı kimi tanıdığımız professor Şirməmməd Hüseynovun həyat və yaradıcılığından bəhs olunur. Müəllif milli jurnalistikanın təməl faktorlarını yenidən, müasir metodologiya ilə araşdıran Şirməmməd Hüseynovu "Azərbaycan mətbuatının canlı ensiklopediyası" adlandırmaqla onun mətbuatla yaşanan ömür yolunu bütün yazarlara örnək hesab edir.

İsti ürəklə yazılmış, yaddaşımızın ehtiyac duyduğu, 54 elmi-publisistik məqalənin toplandığı 340 səhifəlik bu kitabda professor Şamil Vəliyevin zəngin arxiv materiallarına əsaslanan araşdırmaları fonunda həyata, mətbuata və ədəbiyyata baxışları öz əksini tapıb. Ümidvarıq ki, yaddaşımızın ehtiyac duyduğu tarixi "Yaddaş səhifələri" kitabını tədqiqatçılar, mətbuat və jurnalistika ilə məşğul olan mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası maraqla qarşılayacaqdır.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.6.