Kiyev Milli Aviasiya Universitetinin rektoruna Azərbaycan Mülki Aviasiya Dövlət Administrasiyasının «Şərəf nişanı» təqdim edilmişdir

 

Kiyev Milli Aviasiya Universitetinin (KMAU) Elmi Şurasının zalında bu ali məktəbin rektoru Nikolay Kulikin Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının "Şərəf nişanı" ilə təltif edilməsinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Ukraynalı alim bu mükafata mülki aviasiya elminin inkişafı sahəsində çoxillik səmərəli fəaliyyətinə, Azərbaycan Respublikası üçün mülki aviasiya mütəxəssisləri hazırlanması işində xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibətilə layiq görülmüşdür.

Mükafatı N.Kulikə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli təqdim etmişdir.

Rektor onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə  Azərbaycan tərəfinə səmimi təşəkkürünü bildirmişdir.

Tədbirdə ikitərəfli ali məktəblərarası əməkdaşlıq və Azərbaycan mülki aviasiyası üçün bundan sonra da yüksək peşəkarlığa malik kadrlar hazırlanması məsələləri müzakirə edilmişdir.

Mükafatın təqdim edilməsi mərasimində Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev, ali məktəbin müəllimləri,  aspirantları və tələbələri iştirak etmişlər.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.6.