Bakıda Hindistan Mədəniyyəti Günü keçirilmişdir

 

Yanvarın 17-də "Ariva" mehmanxanasında "İrəli" Ictimai Birliyinin "Diplomatik protokol" layihəsi çərçivəsində Hindistan Mədəniyyəti Günü keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir Azərbaycanın və Hindistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Mərasimdə Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar çıxış edərək bildirmişdir ki, xalqlarımızın oxşar cəhətləri çoxdur. Səfir bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirmişdir.

"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev mərasim iştirakçılarına "Diplomatik protokol" layihəsi haqqında məlumat vermişdir. Bildirmişdir ki, gənclərin digər ölkələrin mədəniyyətini, diplomatik, etik qaydalarını daha yaxşı mənimsəmələri məqsədilə reallaşdırılan bu layihə çərçivəsində Azərbaycanda bir sıra dövlətlərin mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

Daha sonra tədbirdə qədim tarixə və milli ənənələrə malik  Hindistanın mədəniyyəti haqqında söhbət açılmış, bu ölkənin milli toy mərasimi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.7.