«Fredoom House» antiazərbaycançı şəbəkənin sifarişlərini yerinə yetirir

 

Bu isə onun hesabatının qərəzliliyini sübut edir

 

 Son zamanlar yenə də bir qrup beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycana qarşı qərəz mühərriklərini işə salıb, bu ölkədə olmadan, real vəziyyəti araşdırmadan, ciddi sorğular keçirmədən yalnız qarayaxmalardan ibarət  bəyanatlar verir, dəqiqliyi sıravi oxucuda belə şübhə doğuran hesabatlar yayırlar.  Azərbaycana qarşı qərəzli mövqeyində israrlı olan "Fredoom House"un növbəti hesabatı da bu baxımdan bəsit, primitivdayaz yanaşması ilə əvvəlkilərindən heç nə ilə fərqlənmir. "Human Rights Watsh", "Amnistey İnternational" kimi təşkilatlar da Azərbaycana qarşı absurd yanaşmada bir-biri ilə bəhsə girərək arzu etdiklərini, ölkəmizdə görmək istədikləri mənfi çalarları subyektiv təxəyyüllərində yaradaraq reallıqlar kimi təqdim etməyə çalışır, Azərbaycan haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. "Fredoom House"un hesabatı ilə tanış olarkən ilk öncə diqqəti cəlb edən, aydın görünən odur ki, burada heç bir ciddi təhlil aparılmayıb və obyektiv nəticəyə gəlinməyib. "Fredoom House"un hesabatında Azərbaycan "azad olmayan" ölkələr sırasındadır. Daha maraqlısı odur ki, heç bir beynəlxalq qanun, hüquq tanımayan bu təşkilat hesabatında Dağlıq Qarabağı "respublika" kimi qeyd edərək buranı "qismən azad" ölkə sırasına daxil edir.

Dünyanın tanımadığı və qəbul etmədiyi bir "respublika"nı "Fredoom House" müstəqil dövlət kimi qəbul edərək, oradakı insan hüquq və azadlıqlarını müsbət dəyərləndirməklə, əslində, özünün və bütünlükdə Avropa qiymətləndirmələrinin obyektivliyini şübhə altına alır. Qarabağdakı işğalçı faşist ideologiyasının müsbət qiymətləndirilməsi daha çox Avropanın özü, Qərb demokratiyası üçün təhlükəlidir. Əsl qanun, haqqhüquq pozuntusu budur. Azərbaycandan öncə beynəlxalq təşkilatların özü  bu qərəzli təşkilatın fəaliyyətini şübhə altına almalı, əsl hüququn nə demək olduğunu ona başa salmalıdır.

AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı və AŞ PA-nın saytında dərc olunmuş "Azərbaycanda siyasi məhbuslarla bağlı məsələdə görülməli olan tədbirlər" adlı hesabat da bu qəbildəndir. Kifayət qədər qərəzli və qeyri-obyektivdir. Qəribədir ki, məruzəçi hesabatını Azərbaycana gəlmədən hazırlayıb. Ştrasserin tərtib etdiyi siyahıda azadlığa çıxmış insanlar məhbus kimi verilir. Bu adamın məqsədi Azərbaycana zorla "siyasi məhbus" adını qəbul etdirməkdir. Həqiqəti dərk etməkdə aciz qalan belə bir siyasətçinin Azərbaycan haqqında məruzəçi olmasının hansı məntiqə sığdığını anlamaq çətindir. Xatırlayırsınızsa o, hələ məruzəçi olmazdan öncə Azərbaycan haqqında ikili standart mövqeyində dayanmış, hər zaman bu ölkə barədə qərəzli danışmışdır. Şübhə yoxdur ki, bu cür qiyabi hesabatlar, bəyanatlar Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən dairələr tərəfindən hazırlanır. Məqsədləri odur ki, Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salsınlar. Bu dairələr bir an belə antiazərbaycançı fəaliyyətlərini dayandırmırlar.

Reallıq isə göz önündədir. Onlar Azərbaycanın bu qədər sürətli inkişafından açıq-aşkar narahatdırlar. Bu günədək bircə dəfə də olmayıb ki, "Fredoom House" öz hesabatında Qarabağ probleminin adını çəksin, bu məsələ ilə bağlı fikrini bildirsin, haqqın-ədalətin tərəfində olsun. Əksinə, hər zaman hesabatlarında bu məsələdən yayınıb. Bu təşkilat açıq-aşkar Azərbaycanı sevməyən, onun maraqlarının ziddinə gedən və tərəqqisini istəməyən bir qurumdur. Yəni təşkilatın rəhbərləri bu cür düşüncəli insanlardır. Azərbaycanda hər şeyi qara göstərmək, cəmiyyətdə və dünyada Azərbaycan haqqında narazı fikir yaratmaq bu təşkilatın başlıca vəzifəsidir, nizamnaməsi və məramnaməsidir.         

"Fredoom House"un sənədlərində göstərilir ki, guya əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insanların haqq-hüquqlarını qorumaqdır. Lakin neçə illərdir ki, təşkilat məhz müsəlman ölkələrini hədəf seçmiş, heç bir araşdırma aparmadan, insanların durumunufikrini öyrənmədən bu ölkələri azad olmayan dövlətlər kimi qiymətləndirirlər. Azərbaycana münasibətdə isə bu qurum daha "fəaldır". Azərbaycanı dünyada nüfuzdan salmaq üçün hər cür eybəcərlik etməkdən çəkinmir.

Lakin dünya bu sərsəmliyi qəbul etmir. Bu günlərdə Avropa Birliyinin enerji məsələləri üzrə komissarı, insan hüquqları və demokratiyanın qurulmasında Azərbaycanda vəziyyətin digər MDB ölkələri ilə müqayisədə daha yaxşı olduğunu bildirdi. Göründüyü kimi, bu təşkilatın nümayəndələrinin və ştrasserlərin Azərbaycana gəlmədən, reallığı görmədən hazırladığı hesabatlar ölkəmizə qısqanc münasibətin ifadəsidir. Lakin deyilən mənasız ifadələrin Azərbaycanın inkişafına heç bir mənfi təsiri ola bilməz. Bəllidir ki, bu təşkilatlar maliyyə mənbələrinə sığındıqları bəzi dairələrin maraqlarını qoruyurlar.    

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.7.