Heydər Əliyevin Azərbaycan
Respublikası Ali Sovetinin
sessiyasında çıxışı
29 avqust 1991-ci il
... 20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Tamerlan Qarayevin verdiyi arayışla mən razı ola bilmərəm. Çünki bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı məsələnin hüquqi cəhətinə, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunmasına, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək olmur.
Elmira Qafarova: Verilib, sessiyada, ayın 20-də. Heydər Əliyev: Bəs verilibsə, kim bu hərbi təcavüzün
günahkarıdır? Bu günləri deyirlər ki, Yazov, Kryuçkov,
Bakatin, Girenko, Qorbaçov. Bu doğrudur. Bəs Azərbaycan rəhbərliyindən
kimdir günahkar?
Bəli,
bu şəxslər də məlumdur. Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başqa üzvləri. Bəli, əgər başqa
adamlar da günahkardırsa, aydınlaşdırmaq
lazımdır. Başqa qüvvələr
də günahkardırlarsa,
demokratik qüvvələr,
Xalq Cəbhəsi, onlara da siyasi
qiymət vermək lazımdır. Bunları aydınlaşdırmayana
qədər Azərbaycanda
siyasi sabitliyi əldə etmək olmaz. Əgər bu məsələyə siyasi qiymət verilibsə, Ayaz Mütəllibovdan xahiş
edirəm desin, nə üçün Qorbaçov 3 nazirin təyin olunması barədə 9 respublikanın
rəhbərlərindən razılıq alarkən, Ayaz Mütəllibov Bakatinin Dövlət Təhlükəsizliyi Komitəsinə
sədr təyin olunmasına etiraz etməmişdir? Əgər edibsə, bəs
niyə çıxışında
demədi? Nə üçün
20 Yanvar faciəsinin günahkarlarından biri olan Vəzirov Azərbaycan Respublikasından
Xalq Deputatları Qurultayını hazırlama
Komissiyasına üzv
seçilibdi? Onu
ora kim
təqdim edib? Azərbaycan Respublikasının rəhbərləri
əgər bunu ediblərsə, onlar Azərbaycan xalqının
qarşısında günah
edirlər, mən bunu tam açıqlığı
ilə demək istəyirəm.
Bütün
bu məsələləri aydınlaşdırmadan -
şübhəsiz ki, mən də çıxış edən
deputatların təklifləri ilə razıyam - Azərbaycanda
prezident seçkiləri keçirmək olmaz. Sonra Azərbaycan
Respublikası Ali Soveti deputatlarının əksəriyyəti,
tam əksəriyyəti kommunist olduqlarına görə,
Kommunist Partiyasının rəhbər orqanlarında fəaliyyət
göstərən adamlar parlamentə deputat seçildiklərinə
görə və Azərbaycan Kommunist Partiyası çox
şeylərdə günahkar olduğuna görə mən
hesab edirəm ki, Azərbaycan Respublikasının parlamenti
buraxılmalıdır və yenidən seçkilər
aparılmalıdır. Mən belə kəskin
çıxış edərkən düşünürəm
ki, indi mənim çıxışımdan sonra xüsusi
hazırlanmış adamlar çıxıb mənim əleyhimə
sözlər deyəcəklər. Mən bu sözlərə
öyrənmişəm. Ona görə də heç narahat
olmayın. Mən öz vicdanım qarşısında cavabdeh
olaraq bu gün bu çıxışı edirəm.
Azərbaycan.-2013.- 19 yanvar.- S.2.