Xalq deputatı Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 noyabr 1990-cı il tarixli sessiyasında çıxışı

 

Mən istəyirəm ki, bu məsələ (1990-cı il 19-20 yanvar Bakı hadisələri ) barəsində öz fikrimi deyim. Bu məsələnin meydana gəlməsi tarixi böyükdür. Aydındır ki, 1988-ci ildən Bakıda milli hərəkat başlayıb. Və bu milli hərəkatın boğulmasına bir neçə dəfə - həm Azərbaycan KP rəhbərliyi, həm də ümumittifaq rəhbərliyi cəhd edibdir. Bir qrup adam həbs olunub, cəzalar çəkib, məhrumiyyətə uğrayıblar və burada qarşılıqlı mübarizə gedib. Ancaq bunlara baxmayaraq ümumxalq hərəkatı inkişaf edib, o daha da güclənib və Azərbaycanda bu xalq hərəkatının inkişaf edib güclənməsinin ən böyük təkanvericisi də Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyət, onun ətrafında olan məsələlər və ümumiyyətlə, bu məsələnin yaranması ilə əlaqədar bizim respublikaya Mərkəz tərəfindən göstərilən ədalətsiz münasibətdir.

Bunlar xalq hərəkatına təkan verib və onu inkişaf etdiribdir. Təəssüf ki, mən belə fikirdəyəm, birinci növbədə respublikanın rəhbərliyi, Azərbaycan KP-nin rəhbərliyi bu məsələni düzgün araşdıra bilməyib, bunlara düzgün qiymət verməyib, öz şəxsi mövqelərini müdafiə etmək üçün cürbəcür qeyri-qanuni, qeyri-hüquqi üsullara əl atıb və beləliklə, xalq hərəkatına zərbə vurmağa çalışıbdır.

Bu xalq hərəkatı ilə əgər əvvəldən dil tapılsaydı, söhbət aparılsaydı, rəhbərlik xalqla dialoqa girə bilsəydi, şübhəsiz ki, çox məsələlərin qarşısı alınardı və 1989-cu ilin dekabrında və 1990-cı ilin yanvarında Bakıda və ümumiyyətlə Azərbaycanda olan faciəvi hallar baş verməzdi. Bunlar olmayıb. Və burada da Azərbaycan KP rəhbərləri ümumittifaq siyasi rəhbərləri ilə bir olublar, onlarla birgə hərəkət ediblər, onlarla birlikdə xalq hərəkatını boğmaq, Azərbaycanda diktatura üsuli-idarəsini möhkəmləndirmək niyyətində olublar.

İkinci tərəfdən mən hesab edirəm ki, bir tərəfdən demokratiyanın inkişafı barədə car çəkən ümumittifaq siyasi rəhbərlərinin və onlarla birlikdə Azərbaycan Kommunist Partiyasının rəhbərlərinin ikiüzlülük edərək, xalqa xəyanət edərək, xalq hərəkatını boğmaqla, tutduqları vəzifədə qalmaları cinayətdir. Bundan danışmaq lazımdır. Bunun tarixini təhlil etməyə tarixçilərimiz də, böyük adamlarımız da var. Şübhəsiz ki, Azərbaycan xalqı öz tarixini çox dərindən təhlil etməlidir. Bütün keçən dövrlərə baxıb, hamısına düzgün qiymət verməlidir.

Ancaq indi söhbət ondan gedir ki, münasibət nədir? Münasibət də ondan ibarətdir ki, 19-20 yanvar 1990-cı il hadisələri, Bakıda baş vermiş hadisələr faciəvi hadisədir və mən belə hesab edirəm ki, Azərbaycanın 1920-ci ildən sonrakı tarixində belə faciəvi hadisə olmamışdır. Bu, xalqın böyük hiddətini doğurmuşdur. Xalq matəm vəziyyətinə gəlib çıxmışdır. İndi on bir aydır ki, xalq matəm içindədir. Bunu açıq-aydın demək lazımdır.

üçün bu məsələ meydana gəlib - mən bunu dedim. Bunun qarşısı alına bilərdimi? Şübhəsiz ki, alına bilərdi. Əgər respublikanın siyasi rəhbərləri xalqla əlaqəyə girsəydilər, xalqla bir olsaydılar, xalqla dil tapsaydılar və xalqın dediyi sözləri eşitsəydilər və onlarla hesablaşsaydılar. Ancaq bunlar olmayıb. Respublikanın rəhbərləri Moskvanın, Qorbaçovun müdafiəsinə arxayın olaraq xalqı boğmağa, əzməyə çalışıblar. Və buna da nail olublar.

Mən hesab edirəm ki, bunların qarşısı alına bilərdi. Bu faciə baş verməyə bilərdi. Xalqımız bu günə düşməyə bilərdi.

Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir.

Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib sovet ordusu. bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olubdur ki, marşal Yazov gəlib Bakıda oturubbu əməliyyata rəhbərlik edibdir.

Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir. Və mən şəxsən bu hadisələri eşidərkən, yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedib öz fikrimi söyləmişəm, bütün bu aksiyanı, bu əməliyyatı pisləmişəm. O vaxt demişəm, indi də təkrar edirəm: bu, xalqın əleyhinə olan əməliyyatdır, demokratiyanın əleyhinə olan əməliyyatdır, hüquq normalarının əleyhinə olan əməliyyatdır, mürtəce bir əməliyyatdır. Mən bu fikirdəyəm və buna belə də qiymət vermək lazımdır.

Azərbaycan xalqı üçgünlük matəm elan etmişdi. Şəhidlər Azərbaycan paytaxtının görkəmli yerində dəfn olunmuşlar. Bəs qatillər kimdir? Nə üçün indiyə qədər bu qatillər meydana çıxmayıbdır? Onların heç biri həbs olunmayıb, heç biri xalqa göstərilməyib. Bu necə olur? Əgər biz şəhidləri görürüksə, onların qəbirlərinin üstünə gündə minlərlə adam gedirsə, bəs bunların qatilləri kimlərdir? Bunlarüçün indiyə qədər kənarda qalıblar? Bu, çox təəccüblü məsələdir. Bu, xalqı incidir, narahat edir, hər bir adamda bu sualı vermək hüququ yaradır. Mən şəxsən bu sualı verirəm, ancaq cavab ala bilmirəm.

Bir sözlə, bu hadisə olub. Azərbaycan xalqının başına bu bəla gəlib. Faciə baş verib. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi, bəs bu məsələlərə üçün indiyədək siyasi qiymət verilməyib? Bu məsələ gündəliyə salınarkən mən belə başa düşdüm ki, deputatlar buna siyasi qiymət verəcəklər.

Məlumdur ki, yanvarın 22-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası olmuşdur. O sessiyada çox ciddi söhbətlər getmişbu hərbi əməliyyat, bu təcavüz pislənmişdir. Ancaq o sessiyanın işi kəsilmiş, indiyə qədər bərpa olmamışdır. Ondan sonra Ali Sovetin bir neçə dəfə sessiyaları keçib, ancaq bu məsələ tamamilə kənarda qalıb. Elə bil ki, Azərbaycan xalqının başına heç belə bəla gəlməyib. Sonra komissiya yaranıb. Mən mətbuatda oxumuşdum ki, yanvar hadisələrinin başvermə səbəblərini və günahkarlarını təyin etmək üçün böyük bir deputat komissiyası yaranıb və onun da başında SSRİ xalq deputatı, akademik Abbasov durur. Ancaq indiyə qədər bu komissiya öz fikrini bildirməyib, bu komissiyanın işi müzakirə olunmayıb, xalq bu barədə bir şey bilmir. Eyni zamanda, Azərbaycan KP MK da, mən mətbuatdan bildim ki, bu barədə komissiya yaradıbdır. Eşitdiyimə görə, MK katibi Daşdəmirov o komissiyanın sədridir. Ancaq bu komissiyanın işindən də xəbər yoxdur. Bax, burasındadır, yoldaşlar. Olan olub, başımıza gələn bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu böyük faciəvi hadisəyə siyasi qiymət verilməyib və bunun günahkarları meydana çıxarılmayıbdır. Doğrudan da, faciəvidir.

Dünən buraya bir qrup artist gəlmişdi. Afaq Bəşirqızı orada çıxış edirdi. Bizim gənc aktrisalardandır. O özü deyirdi ki, bu hadisənin şahidi olubdur. O, Tbilisi prospektində yaşayır. Deyir, mən gecə saat 12-dən sonra çıxdım balkona, gördüm tanklar adamları necə əzir. Güllələri atırdılar evlərə. Bizim qonşunun balkonuna neçə güllə dəyib. Dinc şəraitdə yaşayan azərbaycanlılara üçün belə xəyanət olub? Bunların hamısının indi üstü örtülüb-basdırılıb. Heç kəs bu haqda danışmaq istəmir, mən demək istəyirəm ki, rəsmi dairələrdən. Elə bil ki, Azərbaycan xalqının başına belə bir gəlməyibdir.

Ona görə mən belə fikirdəyəm ki, indi oxunan bəyanatın üzərində ciddi surətdə işləmək lazımdır. Onu genişləndirmək lazımdır. Çıxışlarla əlaqədar əlavələr etmək lazımdır. Burada əsas tələb ondan ibarətdir ki, biz özümüz bu hadisələrə qiymət verməli, Azərbaycan xalqına qarşı olan bu təcavüz əməliyyatını pisləməliyik. Və eyni zamanda, Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı, respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu xalqdır, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın.

 

 

20 noyabr 1990-cı il

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.2.