Akademik Ramiz Mehdiyevin «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» məqaləsi müzakirə edilmişdir

 

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi müzakirə olunmuşdur.

AzərTAc xəbər verir ki, muzeyin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Rafael Hüseynov akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı məqalənin elmi-nəzəri əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, akademik R.Mehdiyev elm adamı olmaqla yanaşı, həm də ölkənin ali idarəçilik strukturunda böyük təcrübəyə malik görkəmli dövlət xadimi, respublikamızın idarəçiliyini təmin edən əsas simalardan biridir.  Ona görə də onun qələmindən çıxmış hər bir yazıya yalnız elmi məhsul kimi yox, həm də siyasi siqləti, siyasi mənası olan əsər kimi yanaşmaq lazımdır. Onun yazılarında qaldırılan problemlər hər bir azərbaycanlını düşünməyə vadar edir.

Müəllifin  digər məqalələrindən bəhs edən R.Hüseynov söyləmişdir ki, həmin yazılar sadəcə, bir alimin, cəmiyyət problemlərinə dərindən bələd olan insanın baxışı deyildir, həm də təcrübəli siyasətçinin və dövlət xadiminin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin ölkədəki problemlərə münasibəti deməkdir. Bu yazıların hər birində müəyyən bir siyasi siqlət, zamanın, dövlətçilik ənənələrinin tələb etdiyi müəyyən şərtlər vardır.

Vurğulanmışdır ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin   müstəsna  simalarından, görkəmli şəxsiyyətlərindən olmuşdur.  O, sözün əsil mənasında,   Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə və idarəçiliyinə ruh verən, onu canlandıran bir  insan idi.   Şah İsmayıl   paytaxtın mərkəz olaraq ölkənin idarəçiliyində vacib rolunu ortaya qoymuş və Azərbaycanın ərazi  bütövlüyü uğrunda mübarizə aparmışdır. Şah İsmayıl Xətainin nümunəsi Azərbaycan tarixinin ən müxtəlif dövrlərində  həmişə bir örnək olaraq qalmış və qalacaqdır.

Şah İsmayılın Azərbaycan dövlətçiliyi tarixində vacib xidmətlərindən biri ana dilimizi dövlət idarəçiliyinə gətirməsi olmuşdur. O, ilk dəfə olaraq yazışmalarda Azərbaycan dilini tətbiq etmişdir. Onun mədəniyyətə, sözə, sənətə diqqət və qayğısından bəhs edən R.Hüseynov bildirmişdir ki, dahi Məhəmməd Füzuli hökmdarlar haqqında şeirlər yazmamışdır. Şah İsmayıl yeganə hökmdardır ki, Füzuli onun haqqında iftixarla söz açmış, onu böyük şəxsiyyət kimi qiymətləndirmişdir. Şah İsmayıl həm də bir şair kimi yazılarında dövlətçiliyimizin qorunmasını və möhkəmləndirilməsini təbliğ etmişdir.

Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi hər azərbaycanlı üçün düşünmək fürsətidir. Bu cür əhəmiyyətli məqalələrin vəzifəsi ilk növbədə ondan ibarətdir ki, o, insanların daxilində suallar yarada bilsin. İnanıram ki, akademikin bu məqaləsi ilə bağlı geniş müzakirələr bundan sonra da davam etdiriləcək, məqalədə qaldırılan problemlərlə bağlı araşdırmalar aparılacaq, tədqiqat işləri yazılacaqdır.

Tədbirdə çıxış edən professor Abbas Seyidov akademik Ramiz Mehdiyevin məqaləsinin aktuallığını, ideya-siyasi və metodoloji əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki. Şah İsmayıl Xətai dövlətçilik tariximizdə Azərbaycanın ərazi bütövlüyünün, milli kimliyimizin rəmzi olaraq qalmaqdadır. Respublikamız artıq 20 ildir ki, müstəqilliyini bərpa etmişdir. Lakin bu gün də Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə, onun milli kimliyinə, apardığı müstəqil siyasətə qarşı müxtəlif təhdidlər, təhlükələr vardır. Şah İsmayıl və onun dövlətçiliyimizdəki yeri haqqında böyük vətənpərvərlik ruhu ilə yazılmış məqalə də, hər şeydən əvvəl, insanları dövlətçiliyimizə, milli kimliyimizə, azərbaycançılığımıza kənardan təmayüllərə qarşı mübarizəyə daim hazır olmaq haqqında  düşünməyə sövq edir.

Filologiya elmləri doktoru Şəfəq Əlibəyli vurğulamışdır ki, məqalənin əsas ideyalarından biri Şah İsmayıl Səfəvinin görkəmli şəxsiyyət, qüdrətli hökmdar və lider kimi təqdim olunmasıdır. Məqalədə görkəmli alim və tədqiqatçıların, Şah İsmayılın siyasi və ədəbi fəaliyyətinə obyektiv qiymət verən tanınmış ziyalıların fikirləri də əksini tapmışdır. Xətainin milli dövlətçilik tariximizdəki xidmətləri həm ötən əsrlərin, həm də müasir tədqiqatçıların əsərlərində dəfələrlə vurğulanmışdır.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru Kamil Allahyarov demişdir ki, məqalənin ana xəttini tarixi mənbələrə əsaslanaraq Azərbaycan dövlətçiliyinin zəngin ənənələrə malik olmasının sübut edilməsi, bu məlum həqiqətə hələ də şübhə ilə yanaşanların məntiqsiz düşüncələrinin faktlarla təkzib edilməsi prinsipi təşkil edir. Tarixi həqiqətləri vahid kontekstdə işıqlandıran bu məqalənin   tariximizin qaranlıq səhifələrinin aşkara çıxarılması, eləcə də Azərbaycan dövlətçiliyinin ideya-siyasi dəst-xəttinin inkişaf etdirilməsi baxımından  böyük əhəmiyyəti vardır.

Filologiya elmləri doktoru Xatirə Bəşirli bildirmişdir ki, bu  tarixi yazı bizə tariximizi daha dərindən öyrənməyi, dövlətçilik strategiyamızı daha dərindən mənimsəməyi tövsiyə edir. Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi müasir Azərbaycanın siyasi-ideoloji prioritetlərini müəyyənləşdirən tarixi əsərdir. Tarixi şəxsiyyətlərə düzgün qiymət verilməsi baxımından da mühüm əhəmiyyət kəsb edən məqalədə   Şah İsmayıl Xətainin Azərbaycan dövləti və xalqı  qarşısındakı böyük xidmətləri, Azərbaycan torpaqlarını birləşdirməsi və böyük Səfəvi dövlətini yaratması tarixi faktlarla diqqətə çatdırılmışdır. Azərbaycan tarixinə, xalqın keçmişinə ehtiramla yazılmış məqalənin həm də böyük elmi əhəmiyyəti vardır. Bu məqalə tarixçi alimlərimiz üçün sanballı tədqiqat mənbəyidir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.3.