Azərbaycanın mötəbər beynəlxalq
tədbirlərə ev sahibliyi
etməsi onun
etibarlı tərəfdaş olduğunu sübut edir
Azərbaycanda
səfərdə olan Koreya Respublikası Milli
Assambleyasının nümayəndə heyəti yanvarın
18-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla
görüşmüşdür.
V.Ələsgərov
demişdir ki, Azərbaycan ilə Koreya arasındakı
münasibətlər bütün sahələr üzrə
inkişaf edir. Deputatların qarşılıqlı səfərləri
əlaqələrin daha da genişlənərək keyfiyyətcə
yeni mərhələyə keçməsində mühüm
rol oynayır.
Bildirilmişdir
ki, son illər daha sürətlə inkişaf edən Azərbaycan,
neft-qaz istehsalını artırmaqla yanaşı, karbohidrogenlərin
dünya bazarlarına çıxarılmasına da nail
olunmuşdur. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır. Neft və qazdan başqa alternativ
enerji mənbələrindən də səmərəli
istifadə olunur. Azərbaycanda külək və günəş
enerjisinin tətbiqi istiqamətində işlər
görülür, bu sahənin inkişafı
üçün xüsusi dövlət agentliyi
yaradılmışdır.
Azərbaycanda
kənd təsərrüfatı da dinamik inkişaf edir. Artıq
ölkəmiz tam şəkildə özünü ərzaq məhsulları
ilə təmin edir.
V.Ələsgərov
Azərbaycanın dinamik inkişafına maneə olan, eləcə
də regionun və Avropanın təhlükəsizliyinə
ciddi təhdid olan Dağlıq Qarabağ münaqişəsi
barədə qonaqlara ətraflı məlumat vermiş, Ermənistanın
işğalçılıq siyasətinin ağır nəticələrindən
danışmış, problemin həlli ilə bağlı BMT
Təhlükəsizlik Şurasının, Avropa
Şurasının, ATƏT və digər nüfuzlu beynəlxalq
təşkilatların qəbul etdiyi qərar və qətnamələri
diqqətə çatdırmışdır.
Koreya
Milli Assambleyasının üzvü Co Ho Younq Azərbaycanda
onlara göstərilən qonaqpərvərliyə görə
minnətdarlıq etmişdir. Bildirmişdir ki, hələ tələbəlik
illərində Azərbaycana aid kitablar oxumuş,
xalqımızın zəngin mədəniyyəti və milli
dəyərləri ilə tanış olmuşdur.
Ötən
il Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin
uğurla keçirildiyini xatırlayan qonaq demişdir ki, Azərbaycanın
2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsi
və digər müsbət amillər Azərbaycanın
inkişafının beynəlxalq ictimaiyyət tərəfindən
də qəbul olunduğunu və onun etibarlı tərəfdaş
olduğunu sübut edir.
Co Ho
Youq Azərbaycan ilə Koreya arasında neft-qaz, kənd təsərrüfatı,
kiçik və orta biznes sahələrində
qarşılıqlı əlaqələr qurulmasının səmərəli
nəticələr verəcəyinə əminliyini ifadə
etmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2013.- 19 yanvar.- S.3.