Azərbaycan ilə Koreya arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Bakıda səfərdə olan Koreya  Respublikası Milli Assambleyasının üzvü Co Ho Younqun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 18-də Milli Məclisin Azərbaycan - Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə  görüşmüşdür. 

İşçi qrupun üzvü, Milli Məclisin deputatı Malik Həsənov  xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən söhbət açmış, bildirmişdir ki, Koreya ilə münasibətlər gündən-günə inkişaf edir və indiyədək ölkələrimiz arasında 46 sənəd imzalanmışdır. Qeyd olunmuşdur ki, hər iki ölkə zəngin təbii sərvətlərə malikdir və əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı baza vardır. Dostluq qrupları parlamentlər arasındakı münasibətlərin inkişafına müsbət təsir göstərir.

İşçi qrupun rəhbəri daha sonra Azərbaycanın ən ağrılı problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu münaqişə regionda sülhüsabitliyi ciddi təhdid altında saxlayır.

Co Ho Younq bu səfərin Azərbaycanla yaxından tanış olmalarına yaxşı imkan yaratdığını söyləmişdir. O demişdir ki, Azərbaycan təkcə daxildə deyil, həm də beynəlxalq aləmdə inkişaf edən ölkədir və bu, onları sevindirir.

Qonaq ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən məmnunluqla söz açmış, ölkələrimiz arasında gələcəkdə yeni sahələr üzrə təcrübə mübadiləsini genişləndirmək üçün yaxşı imkanlar olduğunu vurğulamışdır.

Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.3.