Əli ƏHMƏDOV: Rüstəm
İbrahimbəyovun hərəkətverici qüvvəsi qəzəb, kin və
qisasçılıqdır
Yeni Azərbaycan Partiyasının
sədr müavini - icra katibi Əli Əhmədov yap.org.az
ın suallarını cavablandırmışdır
- Son
vaxtlar Rüstəm İbrahimbəyov "siyasi fəallığını"
artırıb. Sizcə, bu nə ilə əlaqədardır:
2013-cü ilin prezident seçkiləri ili olması ilə,
yaxud başqa səbəb var?
- Əslinə
qalsa, bu mövzuda danışmaq istəməzdim. Səbəbi
də çox sadədir. Rüstəm İbrahimbəyovun
siyasi həyata təsiri elə böyük deyil ki, ona
xüsusi diqqət yetirəsən. "Azadlıq" qəzetində,
yaxud başqa mətbuatda müsahibə verməklə ölkənin
siyasi həyatına təsir etmək
mümkünsüzdür.
Sualınızın
mahiyyətinə gəldikdə isə, onu deyə bilərəm
ki, fikir verirsinizsə, Rüstəm İbrahimbəyov
ritorikasında ciddi dəyişiklik edib. Əvvəllər
siyasətlə məşğul olmadığını
bildirirdi, indi isə açıq şəkildə siyasətlə
məşğul olduğunu etiraf edir. Əslində, əvvəllər
də onun bütün bəyanatları siyasi xarakterli idi,
yalnız siyasətlə məşğul olduğunu etiraf etmək
istəmirdi.
Yəqin
ki, prezident seçkilərinin yaxınlaşması müəyyən
mənada səbəb rolunda çıxış edir.
Bilirsiniz, seçki öncəsi sanki bir yaz
yağışıdır, torpaq nəm olur,
altındakılar üzə çıxır. Sonrası da məlumdur
- qurd-quşa yem olur. Lakin mən seçki amilini həlledici və
yeganə səbəb saymıram. Mənim müşahidələrim
onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun
davranışının hərəkətverici qüvvəsi
qəzəb, kin və qisas almaq hərisliyidir. Təəssüf
ki, o özünün hansısa problemini və ya kiminləsə
şəxsi ədavətini siyasi üsullarla həll etmək
istəyir. Ən təəccüblüsü də budur ki,
vasitə qismində prezident seçkilərini seçib. Belə
bir seçimin sırf praktik rasionallığını kənara
qoyub mənəvi məsuliyyətini qeyd etmək istəyirəm.
Atalar yaxşı deyib: Qəzəbli başda ağıl
olmaz! Siyasət insanın şüurlu seçimi
olmalıdır. Qəzəblənib "haqq-hesab
çürütmək" məqsədilə siyasətə
qoşulmaq, xüsusilə də prezident seçkiləri
kampaniyasında bu motivə istinad etmək həm təhlükəli,
həm də siyasi əxlaq baxımından qüsurludur.
Rüstəm
İbrahimbəyov 50 ildən çoxdur ki,
yaradıcılıqla məşğuldur, bu sahədə təcrübəsi
var. Siyasətçini və yaradıcı insanı fərqləndirən
əsas əlamət məsuliyyət məsələsidir.
Bütün yaradıcı insanlara hörmətimi ifadə edərək
bildirirəm ki, siyasətçi məsuliyyəti tamam
başqa kateqoriyalı anlayışdır. Hiss etdiyim budur ki,
Rüstəm İbrahimbəyov yenicə
atıldığı siyasət meydanında siyasətçi
məsuliyyətini hələ tam dərk edə bilmir.
-
Axırıncı müsahibəsində Rüstəm
İbrahimbəyov üçüncü qüvvədən bəhs
edir. Azərbaycanda üçüncü qüvvə
ehtimalı nə qədərdir və bu rola kimlər iddia edə
bilər?
-
Rüstəm İbrahimbəyov yaşlı və təcrübəli
yaradıcı ziyalı, lakin çox "gənc" siyasətçidir.
Azərbaycanın siyasi palitrasının bütün
çalarlarına bələd olduğuna inanmıram. Siyasətlə
məşğul olan və müəyyən təcrübə
toplamış hər kəs çox yaxşı bilir ki, elektorat
baxımından ölkədə xeyli sabit mənzərə
mövcuddur. Prezident İlham Əliyevi dəstəkləyənlərin
cəmiyyətdə xüsusi çəkisinin kifayət qədər
çox olduğunu keçirilən bütün sorğular təsdiq
edir. Bitərəf müşahidəçi üçün
bu, sübuta xüsusi ehtiyacı olmayan bir həqiqətdir.
Üçüncü
qüvvə məsələsinə gəldikdə, mən
bilmirəm Rüstəm İbrahimbəyovdan ötrü bu
anlayışın məna yükü nədən ibarətdir?
Bir "beşinci kalon" anlayışı da mövcuddur.
Zaman-zaman işə düşmək istəyir. Rüstəm
İbrahimbəyovun təqdimatında bunlar eynidir ya yox, deyə
bilmərəm.
Elektoral
mənada üçüncü qüvvənin
olmadığı mənə gün kimi aydındır. Digər
baxımdan, Azərbaycanda tam aydın siyasi ab-hava hökm
sürür, təlatümlər üçün hər
hansı səbəb və ya əsas yoxdur. Gözlənilməz
siyasi proseslər proqnozlaşdırmaq üçün həddən
ziyadə fantaziya işlətmək lazımdır. Arzu
olunanı həqiqət kimi qələmə vermək bədii
yaradıcılıqda çox asandır. Əslində bədii
yaradıcılıq sahəsində çalışanlar elə
bununla məşğuldurlar. Ancaq siyasətçi
üçün arzu olunanı həqiqət saymaq məğlubiyyətə
bərabər olur. Rüstəm İbrahimbəyov öz xəyallarında
bir üçüncü qüvvə yaradıb. Lakin Azərbaycanın
reallığında belə qüvvə mövcud deyil. Azərbaycan
cəmiyyəti normal seçki ilini yaşayır və əminəm
ki, seçkiöncəsi dövr də məhz belə
olacaqdır.
- Bəs
milli şura ideyasına necə baxırsınız? Rüstəm
İbrahimbəyovun "seçki doktrinasında" ona da
toxunulur.
- Gənc
siyasətçilərin utopistliyi yeni hadisə deyil.
Xüsusilə də gənc siyasətçinin yaşı
çox olanda utopizmi daha qabarıq görünür. Azərbaycanda
formalaşmış siyasi təsisatlar var, dəfələrlə
seçkilər keçirilib, həmin institutlar seçkilərdə
iştirak ediblər. Təklif olunan variant nəinki səmərəli
deyil, həm də təhlükəlidir. Seçkilərə
bu qədər qeyri-ciddi yanaşmaq olmaz. Biz ölkəmizdə
siyasi sistemin təkmilləşdirilməsi, siyasi
institutların rol və əhəmiyyətinin
artırılması kimi aktual problemləri müzakirə
edirik. Azərbaycanın siyasi gündəmində nə milli
şura deyilən qondarma quruma, nə müvəqqəti
seçkilərə (deyəsən Rüstəm İbrahimbəyov
müvəqqəti prezident də seçmək istəyir) yer
var. Azərbaycan 20 il öncə bu yolları keçib,
acısını yaşayıb. Müvəqqəti dövlət
başçısı da olub, milli şuralar yaratmaq istəyənlər
də. Rüstəm İbrahimbəyov siyasi
diletantlığı ucbatından dediklərini nə isə
qeyri-adi saya bilər. Lakin Azərbaycan indi təklif olunan
formada siyasi dəyişikliklər mərhələsini
çoxdan keçib, dayanıqlı siyasi sistemini
formalaşdırıb. Elektoral sistem formalaşıb və fəaliyyət
göstərir. Cəmiyyətin siyasi abı-havası və
siyasi ehtirasları tam aydındır. Azərbaycan cəmiyyətinə,
ictimai rəyə qəfil təsir effekti sıfıra bərabərdir,
xüsusilə nəzərə alsaq ki, belə bir alternativ
qüvvə və şəxs yoxdur. Qəti olaraq deyə bilərəm
ki, Rüstəm İbrahimbəyovun
"üçüncü qüvvəsi" bu rol
üçün tamamilə yararsızdır. O ki qaldı
Rüstəm İbrahimbəyovun özünə, onun ictimai -
siyasi nüfuzu və şəxsi keyfiyyətləri "millətin
atası" olmaq arzularını tamamilə puç edir. O,
kiməsə heç "xaç atalığına" da əməlli-başlı
yaramır.
Sonda
onu bildirmək istəyirəm ki, Azərbaycanda İlham Əliyev
kimi güclü, xalqın inandığı Lider var, onun
arxasında möhtəşəm partiya - Yeni Azərbaycan
Partiyası dayanıb. İlham Əliyevin, bugünkü
hakimiyyətin ən böyük siyasi resursu xalq, onun inamı
və dəstəyidir. Bu resurs nə
"üçüncü qüvvəyə", nə də
utopistlərin xəyallarına nə bu gün, nə də gələcəkdə
yer qoymur.
Azərbaycan.-2013.- 19 yanvar.- S.4.