«Freedom House»nin qərəzliliyini digər dövlətlər də sübuta yetiriblər

 

Dünyada tanınmayan separatçı bir rejimi necə qismən azad ölkə kimi səciyyələndirmək olar?

 

 Son illər sürətlə inkişaf edən Azərbaycanda həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2012-ci ili bütün makroiqtisadi göstəricilər üzrə dünyada yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Azərbaycan öz iqtisadi yüksəliş göstəricilərinə görə hazırda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül mövqedə qərar tutur. Ölkədə demokratikləşmə, insan hüquq və azadlıqlarının təsbit edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissələrindən biri, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, bu sahədə olan bütün maneələrin tamamilə aradan qaldırılmasıdır.

Lakin yenə də bəzi qüvvələr Azərbaycanın bu yüksəlişinə qısqanclıqla yanaşır, dövlətimizə qarşı çirkin kampaniyalar aparırlar. "Freedom House", "Human Rights Watsh", "Amnistey İnternational" kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar isə Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər. "Freedom House" son hesabatında Azərbaycanı yenidən "azad olmayan" ölkələr siyahısına salıb. Hesabatda Azərbaycan, İran və Rusiya "azad olmayan" ölkələr sırasında yer alarkən Ermənistan "qismən azad" ölkə olaraq göstərilib. Ən qəribəsi odur ki, "Freedom House"nin hesabatında  Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" "qismən azad" olaraq qeyd olunub.

Bu durum isə ölkəmizdə birmənalı qarşılanıb. Hesabatla bağlı öz fikir və rəylərini açıqlayan siyasətçilər adı çəkilən qurumun qərəzli olduğunu vurğulayıblar.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli ƏHMƏDOV bildirib ki, sözügedən təşkilatın tanınmamış "Dağlıq Qarabağ" rejimini öz siyahısına salmağı həm "obyektivliyinin", həm də Azərbaycana münasibətinin göstəricisi hesab oluna bilər: "Biz dəfələrlə bir sıra beynəlxalq təşkilatların hesabatlarının qərəzli olması barədə fikirlər bildirmişik. Belə təşkilatlardan biri də "Freedom House" təşkilatıdır. Təkcə Azərbaycan deyil, digər dövlətlər də tez-tez onun hazırladığı hesabatların qeyri-obyektivliyini sübuta yetiriblər. Bu təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyi çoxdan məlumdur. Səbəbləri haqqında indi danışmaq bəlkə də yerinə düşmür. Lakin fakt faktlığında qalır".

Əli Əhmədovun sözlərinə görə, separatçi bir rejimi azadlıq şkalası üzrə necə qiymətləndirməsindən asılı olmayaraq, təkcə bu faktın özü kifayətdir ki, bu təşkilatın mahiyyəti haqqında insanda bitkin fikir formalaşsın. YAP sədrinin müavini qeyd edib ki, qondarma "Dağlıq Qarabağ" rejimini dünyanın heç bir dövləti, heç bir ciddi beynəlxalq təşkilat tanımır və tanımaq istəmir. Belə olan halda, "Freedom House" təşkilatının onu "qismən azad ölkə" kimi səciyyələndirməsi təəccüb doğurmaya bilməz: "Hesab edirəm ki, belə bir yanaşma onun obyektivliyini ciddi şübhə altına almağa kifayət qədər əsaslar verir. "Freedom House"nin hesabatında "Dağlıq Qarabağ"ın ayrıca qurum kimi göstərilməsi separatizmə, etnik təmizləməyə və işğala haqq qazandırmaq cəhdi kimi də qiymətdəndirilməlidir. Bu cür cəhdlər BMT və ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə səylərinə əngəl yaradır, bölgədə gərginliyin və qarşıdurmanın daha da güclənməsinə xidmət göstərir. Azərbaycan ictimaiyyəti həmişə haqlı olaraq qərəzli beynəlxalq təşkilatların qeyri-obyektiv dəyərləndirmələrinə etirazlarını bildirib. İnanıram ki, "Freedom House"nin son hesabatı xalqımızın qəti etirazı üçün daha ciddi əsas verir. Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, bəzən müxalifətin ifrat radikal qanadı ölkəmizə qara yaxan qərəzli təşkilatların təbliğatçısı rolunu məmnuniyyətlə öz üzərinə götürür. Mən bunu siyasi mübarizənin iyrənc forması sayıram. Qondarma "Dağlıq Qarabağ" rejimini öz qərəzli qeyri-obyektiv hesabatına salmaqla əslində, onu tanıyan bir təşkilatın mövqeyini dəstəkləmək milli maraqları tapdalamaqdan başqa bir şey deyildir".

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz QURBANLI isə qeyd edib ki, "Freedom House" adlanan qurum hər dəfə hesabatlarında Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe nümayiş etdirir. "Freedom House" təşkilatının illik "Dünyada azadlıq" hesabatını diqqətlə təhlil edən hər bir şəxs bu qərəzi aydın şəkildə görə bilər. Onun sözlərinə görə, "Freedom House" təşkilatının işğal olunmuş Azərbaycan ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış separatçı Dağlıq Qarabağ rejimini hesabatında qismən azad ərazilər siyahısına daxil etməsi ən böyük qəbahətdir, beynəlxalq hüququn norma prinsiplərinə, qəbul edilmiş qaydalara ziddir. Deputat hesab edir ki, "Freedom House" bununla qondarma, işğalçı, birbaşa Ermənistan silahlı qüvvələrinin nəzarətində olan rejimi qismən azad ərazi kimi göstərməsi çox gülüncdür qırmızı xətti keçən bir hərəkətdir". YAP rəsmisi vurğulayıb ki, Dağlıq Qarabağ deyilən işğal altında olan bu ərazidə faktiki olaraq quldur bir rejim var: "Bu rejim Dağlıq Qarabağdakı erməni əhalini təhdid altında saxlayır. Burada insan haqlarından azadlıqlarından danışmaq olmaz. Bu ərazi faktiki olaraq Ermənistanın işğalçı rejiminin onu himayə edən dairələrin bir poliqonudur, narkotik istehsal edən, quldurluqla məşğul olan, kriminallaşmış bir ərazidir. Buradakı hərbi qüvvələr birbaşa Yerevana tabedir. Burada yaradılmış oyuncaq rejimin başında duranların da hamısı, demək olar ki, hərbi cinayətkarlar, vaxtilə azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş şəxslərdir". Deputat hesab edir ki, təşkilatlar üzrə azadlıqlar indeksini müəyyənləşdirsək, bu təşkilatın özü mənfilər sırasında dayanacaq: "Heç bir halda bu təşkilat obyektiv hesabat vermir. Bu təşkilat o qədər ermənipərəst mövqedən çıxış edir ki, Ermənistan kimi bir rejimi qismən azad ölkələr sırasına daxil edib. Ermənistanın isə hansı şəraitdə olduğu hamıya bəllidir. Hətta Türkiyəni Ermənistandan aşağı səviyyədə göstərmək istəyir. Ona görə hər bir azərbaycanlı "Freedom House" kimi təşkilatlara qarşı mövqe bildirməli, onun qərəzini ifşa etməlidir. Onlar, xüsusən, xarici KİV- ifşa olunmalıdır". Onun fikrincə, Azərbaycanı Ermənistandan aşağı səviyyədə göstərmək heç bir müqayisəyə gəlmir. Ermənistanda, ümumiyyətlə, dövlətin olduğunun özünü qəbul etmək hətta anormaldır. Ermənistan tam kriminallaşmış bir rejimdir əhali bu ölkədən qaçıb gedir: "Həmin hesabatda islamofobiya, eyni zamanda, xristian həmrəyliyi, Azərbaycana inkişaf edən islam ölkələrinə qarşı təzyiq təhdid özünü açıq şəkildə göstərir. Ona görə "Freedom House" kimi təşkilatların özünü azad təşkilat hesab etmirik bu cür informasiyaları qətiyyətlə pisləyir bunları Azərbaycana qarşı "qara piar" kampaniyasının tərkib hissəsi hesab edirik". Mübariz .Qurbanlı onu da əlavə edib ki, Azərbaycan belə hesabatlardan narahat deyil onlar Azərbaycanın inkişafını ləngidəcək, buna hansısa maneələr törədəcək.

Milli Məclisin Təhlükəsizlik müdafiə komitəsinin sədri Aydın MİRZƏZADƏ isə hesab edir ki, "Freedom House"nin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini "qismən azad" ərazi kimi ayrıca qeyd etməsi beynəlxalq hüquq normalarını ələ salmaq cəhdidir. Deputat bu təşkilatın sonuncu hesabatında Azərbaycanı yenidən "azad olmayan" ölkə kimi qələmə verməsinin qeyri-obyektiv olduğunu bəyan edib: "Freedom House"nin yerləşdiyi ABŞ dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin həmin təşkilat işğal olunmuş zonanı ayrıca ərazi kimi göstərir. İldən-ilə "Freedom House" təşkilatı dünya ictimaiyyətinə özünü beynəlxalq hüququ tanımayan, dövlətlər haqqında mənfi rəy yaratmağa çalışan bir struktur kimi göstərir. Tək Azərbaycanla bağlı deyil, digər ölkələrə münasibətdə ifrata varmış, həqiqətə uyğun olmayan informasiyalar bu təşkilatın artıq vizit kartına çevrilib".

Onun sözlərinə görə, Azərbaycanda demokratiya, insan hüquqları ilə bağlı çoxsaylı işlərin görüldüyü halda, onu ən aşağı kateqoriyaya salmaq "Freedom House"nin hesabat təsisçilərinin ümumiyyətlə hüquqdan demokratiyadan anlayışının olmadığını göstərir. Sanki bu təşkilat beynəlxalq ictimaiyyətlə üz-üzə durmaq məqsədini daşıyır: "Bu qurumun məqsədi hansısa bir dövləti, orada gedən proseslərdən asılı olmayaraq qaralamaq dünya ictimaiyyətində mənfi rəy yaratmaqdan ibarətdir. O cümlədən, bunu islam dünyası haqqında verdiyi rəylər göstərir".

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.4.