Adlarını ziyalı qoyanların ziyanlı ambisiyaları bitmir

 

Öz içindən parçalanmış müxalifət hələ də "keçid dövrü" keçməyib

 

 Demokratik cəmiyyətdə iqtidar-müxalifət münasibətlərində sağlam rəqabət, təbii ki, ümumi inkişaf nöqteyi-nəzərdən qəbul hesab edilir. İnkişaf etmiş Avropa və dünyanın aparıcı dövlətlərinin əldə etdiyi təcrübə də bunu təsdiqləyir. Müstəqilliyini bərpa edən Azərbaycan cəmiyyətinin aparıcı siyasi arenasında münasibətlərin bu amilə əsaslanması təbii hesab oluna bilərdi, əgər  özünü müxalifət kimi ictimaiyyətə təqdim edən bir qrup dağıdıcı, təxribatçı, hakimiyyətdən pay umanların sağlam rəqabətə söykənən mübarizə üsulu olsaydı. 1992-1993-cü illərdə siyasi hakimiyyəti zorla ələ keçirsə də, idarəetmədə özünün səriştəsizliyini ortaya qoyaraq ölkədə xaosa, hərc-mərcliyə səbəb olan, başları yalnız öz hakimiyyət postunu qorumağa qarışan və buna görə də ərazilərimizin 20 faizinin işğalına şərait yaradan, şəxsi ambisiyalarını reallaşdırmağa çalışan, öz aralarında "mehriban düşmən"ə çevrilən AXC-Müsavat cütlüyünün funksionerləri bu gün bir özgə "qiyafədə" çıxış edir - vaxtilə nifrət bəslədikləri "böyük qardaş"ın çuxasını başlarına çəkərək, yenidən "keçid dövrü" ab-havası ilə yaşayır, hətta bunu geniş ictimaiyyətə sırımağa çalışırlar.

İndi isə AXC-Müsavat cütlüyünün də dəstək verdiyi "bir qrup" renaqatın "şimal küləyi"nin "qanadlarında" hakimiyyətə gəlmək istəyi cəmiyyətə və ictimaiyyətə gün kimi aydındır. Bu insanların arasında vaxtilə hazırkı iqtidarın məqsədyönlü xaricidaxili siyasətini təbliğ edənlərə, idarəetmədə, eləcə də qanunverici orqanda təmsil olunanlara rast gəlinir. Geniş ictimaiyyətdə əqidəsini belə dəyişənlərin hərəkətlərinə qarşı ikrah və nifrət hissi getdikcə güclənir. Bunu ermənilər tərəfindən doğma torpaqlarından zorla didərgin salınanların da fikirlərindən açıq-aydın hiss etmək olar.

Xırdalanda məskunlaşan Aybəniz Nəcəfova deyir ki, 1993-cü ildə Kəlbəcərdən didərgin düşmələrinin əsl səbəbkarları bu gün erməni mövqeyindən çıxış edib, Azərbaycanın illərdir qazandığı uğur və nailiyyətlərə kölgə salmağa cəhd göstərən "müxalifət"dir: "Biz Kəlbəcərdə yaşayarkən cəbhəçi və müsavatçıların nümayəndələri, indiki qaragüruhçular hakimiyyətdə idilər. İsa Qəmbər o zaman Kəlbəcərdəki Xalq Cəbhəsi sədrinin (sonra rayon icra hakimiyyətinin başçısı olduel ağsaqqallarını oradan perik saldı) bir həftəlik toyuna gəlib xalqa olan "münasibət"ini göstərəndə daş-qalaq edilərək qovulduğunu niyə unudur?! Məgər Ermənistanın 20 faiz torpaqlarımızı işğal etməsinə şəraiti onlar yaratmamışdılar?! Onun kimiləri ilə bir yerə yığışaraq "Ziyalılar Forumu" yaradıb müstəqil dövlətimizi yenidən qanlı savaş meydanına döndərmək istəyirlər?! Nə "keçid dövrü?! Biz o dəhşətli günləri yaşayıb və keçid dövrünü çoxdan keçmişik. Nə tez unutdular ki, sovet diktaturasından daha çox və qışqıra-qışqıra danışan onlar idi?! Nə oldu? Həbib Misirov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Kəlbəcərdə doğulub, o yerlərə həsrət qalan gənclərdəndir: "Vaxtilə Prezident Aparatında mühüm vəzifə daşımış Eldar Namazov, kinodramaturq Rüstəm İbrahimbəyov bir qrupu ətrafına toplayıb hakimiyyət dəyişikliyi ilə bağlı iddia irəli sürürlər. Onlar unutmasınlar ki, indi Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır. Ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə xalqımız məhz müxalifətin yarıtmaz fəaliyyətindən bezdiyi üçün müstəqilliyini bərpa edən dövlətimizi düşdüyü bəladan xilası naminə özü çağırıb! Ötən illər ərzində müxalifətin "bir addım irəli, iki addım geri" prinsipi ilə xalqı çaş-baş salmağa cəhdi göz qarşısındadır. Ona görə də xalqın və onun ziyalısının adından danışmağa "Ziyalılar Forumu" adlı qurumun təmsilçilərinin, nə də onu parçalayaraq "El"ə çevirmək istəyənlərin haqqı çata bilərmi?! Reneqatlar qruplaşmasındakı qeyri-ciddilik özünü bu "qurumun" neçə hissəyə parçalanmasında da göstərir. Kinorejissordan, çəkiliş meydanlarından daha çox siyasi arenada ambisiyaların girdabına düşən və mətbuatın yazdığına görə, vaxtilə tapşırılmış mədəniyyət sahəsində iqtisadi cinayət törətməkdə günahlandırılan, bunun üçün də hakimiyyətə qarşı kampaniya aparan Rüstəm İbrahimbəyovla Eldar Namazovun "müttəfiqliyi", əslində, AXC-Müsavat "həmrəyliyi"nə bənzəyir. Qarşıdan gələn prezident seçkilərində vahid namizəd probleminin həllinin qeyri-mümkünlüyü arxada qalan inkişaf illərində özünü daim göstərib. Ona görə də "İctimai palata"dan çıxan "xəstələr"in ilk növbədə, cəmiyyətə reabilitasiyası lazım gələcək".

Müxalifətin ildən-ilə parçalanması özünü müxtəlif formada göstərsə də, onu ört-basdır etməyə çalışırdılar. Bu dəfə isə "çatdama" və "sürüşmə"lərdə təbiilik yox, daha çox süniliklər səbəbə çevrildi. Eldar Namazovun "vahid namizəd"  qismində təbliğinə start verən kinorejissorun ssenarisinin "aktyorları" peşəkarlıqdan uzaq olduqlarına, daha çox həvəskar qismində iştiraklarına görə, "tamaşa"nın necə sönük pərdə ilə bağlanacağı indidən məlumdur.

Builki seçki marafonunda dağıdıcı müxalifətin nə qədər tamaşaçı və ya dinləyicinin "eh"inin səsi isə payızda eşidiləcək. Payıza qədərsə hələ üç fəsil qalır. Elə prezidentliyə öz namizədliyini irəli sürməyə daha çox iddialı görünən müxalifətçilərin sayı da hələ ki üçdür...

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.4.