20 Yanvar faciəsi nə
qədər vaxt keçməsindən
asılı olmayaraq, əsla unudulmayacaqdır
Qafqaz
Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin
23-cü ildönümünü ilə əlaqədar bəyanat
yaymışdır.
Bəyanatda
bildirilir ki, 20 Yanvar günü xalqımızın milli
müstəqillik, azadlıq uğrunda şəhidliyə
hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə
çevrilmişdir. Təpədən dırnağadək
silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz
qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə,
haqq səsini daha ucadan bəyan etmişdir. Azərbaycanın
taleyi, hətta dünya xəritəsindəki
varlığı belə şübhə altında olduğu
bir vaxtda bu səsi ilk dəfə Moskvadan xalqımızın
mərd oğlu, ümummilli lider Heydər Əliyev
ucaltmış, qanlı cinayətin təşkilatçılarını
qəzəblə ittiham etmiş, bu hadisəni hüquqa,
demokratiyaya, humanizmə zidd addım kimi səciyyələndirmişdir.
Bakıda
isə QMİ-nin sədri şeyxülislam
Allahşükür Paşazadə keçmiş SSRİ-nin rəhbəri
Mixail Qorbaçova göndərdiyi məktubda hadisələrə
sərt və prinsipial münasibət bildirmişdir. Siyasi
liderin və dini rəhbərin kəskin mövqeləri
xalqı ruhlandırmış və birləşdirmişdir.
Bəyanatda
qeyd edilir ki, Qafqaz Müsəlmanları İdarəsi qanlı
hadisənin ilk günlərindən 20 Yanvar faciəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, haqq işimizə dəstək
verilməsi, törədilən cinayətin bəşəriyyətə
qarşı amansız cəza tədbiri kimi qiymətləndirilməsi
üçün var qüvvəsi ilə
çalışmışdır. Təəssüf ki, indiyədək
bu faciə tam hüquqi qiymətini almamış, cinayətkarlar
məsuliyyətə cəlb olunmamışlar.
Bildirilir
ki, 20 Yanvar faciəsi nə qədər vaxt keçməsindən
asılı olmayaraq, əsla unudulmayacaqdır. Haqqı tələb
etdiklərinə görə dinc insanın gülləbaran
edilməsini yaddaşlardan silmək mümkün deyildir.
Bəyanatda
deyilir ki, azadlığın, müstəqilliyin yolu
ağırdır və bu yolu qurban vermədən keçmək
mümkün deyildir. Şəhidlərimiz olmuşdur və
torpaqlarımızın ərazi bütövlüyü bərpa
edilənədək yenə də ola bilər. Odur ki, 20 Yanvar
matəm libası geyib kədərə-qüssəyə
batmaq günü deyil, şəhidlərimizi anmaq,
xalqımızda, xüsusilə gənclərimizdə qəhrəmanlıq
və vətənpərvərlik ruhu tərbiyə etmək
günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin,
əqidə və amal uğrunda mübarizənin ən
yüksək zirvəsidir, çünki şəhidlər
Tanrının onlara göndərdiyi imtahandan mərdliklə,
fədakarlıqla çıxırlar.
Bəyanatda
deyilir: "QMİ bütün Qafqaz müsəlmanları
adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin
ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş bütün şəhidlərin ailələrinə
dərin hüznlə başsağlığı verir. Şəhidlərin
ruhuna ən böyük ehtiram Qarabağ zəfəri, Vətənimizin
qüdrəti, xalqımızın xoşbəxtliyidir. Biz
inanırıq ki, Allahın köməyi və Prezident
İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə
xalqımız öz ülvi arzularına
çatacaqdır".
AzərTAc
Azərbaycan.-2013.- 19 yanvar.- S.5.