«Rossiyskaya qazeta»: 20 Yanvar yeni Azərbaycanın milli müqəddərat şüurunun
yaranmasının mühüm mərhələsidir
Məşhur
"Rossiyskaya qazeta"nın 18 yanvar tarixli nömrəsində
Moskva Dövlət Universitetinin İnformasiya-Təhlil Mərkəzinin
baş direktorunun müavini Aleksandr Karavayevin
"Bakının qəti addımı. Bu gün yeni Azərbaycanın
milli müqəddərat şüurunun yaranmasının
mühüm mərhələsi olmuşdur" sərlövhəli
məqaləsi dərc edilmişdir.
AzərTAc
həmin məqaləni cüzi ixtisarlarla oxuculara təqdim
edir.
Məqalədə
vurğulanır ki, hər il yanvarın 20-də Azərbaycan
1990-cı ildə Bakıda sovet ordusunun dinc əhaliyə
qarşı keçirdiyi əməliyyatın
qurbanlarını yad edir. Siyasi protest və genişmiqyaslı
mitinqlərin zor gücünə yatırılması sovet vətəndaşlarının
kütləvi şəkildə qətlə yetirilməsi ilə
nəticələnmişdir: mülki əhali arasında 147 nəfər
həlak olmuş, 700-dən çox adam
yaralanmışdır. Müxtəlif siyasi düşərgələr
Azərbaycan tarixinin o dövrə aid bir neçə ilini hərc-mərclik
və anarxiya dövrü adlandırırlar. Bir tərəfdən,
Xalq Cəbhəsinin mütəşəkkil siyasi aksiyaları
fonunda sovet hakimiyyət orqanlarının mənəviyyatının
pozulması, digər tərəfdən - Qarabağ
münaqişəsinin qızışdırdığı
ekstremist qruplaşmaların hərəkətləri
çoxsaylı lokal iğtişaşlara, zorakılıq təzahürlərinə,
ölkənin bir sıra rayonlarında icra hakimiyyəti
orqanlarının ələ keçirilməsinə gətirib
çıxarmışdı. Mərkəzi hakimiyyət buna
öz münasibətini necə göstərə bilərdi?
İş-işdən keçəndən sonra sovet sisteminin
hüquq məkanında çoxlu alternativ ssenarilər
göstərmək olar. Lakin nəticə etibarilə Moskva
müttəfiq respublikada siyasi münaqişə
ocağına nizami ordu hissələri yeritməkdən
yaxşı bir üsul tapa bilmədi.
Məqalənin
müəllifi yazır ki, prinsip etibarilə bu,
imperiya-metropoliya münasibətləri sistemində
qanunauyğun haldır, axı repressiv metodlar təcrübəsi
idarəçiliyin ən səmərəli üsulu hesab
edilirdi: cəmiyyətdə vahimə hissi yayılır, nəzarət
edilə bilməyən siyasətçilər həbsə
alınır, sovet qurumları güc strukturları ilə
möhkəmlədilirdi. Azərbaycan məhz bu reaksiyanı
öz üzərində hiss etdi. Lakin o dövrdə
aldadıcı sovet birliyi naminə cəmiyyətin ümidləri
gözlənilən nəticəyə gətirib
çıxarmadı. Əksinə, yekunda respublika müstəqillik
yolunu seçdi...
İndi
Azərbaycan Prezidenti, konfessiyaların rəhbərləri,
ictimai rəy liderləri Şəhidlər xiyabanında uyuyanların
məzarları üzərinə əklillər qoyurlar.
Bakı sakinlərinin çoxu həlak olmuş
qohumlarının məzarlarını ziyarət edir. Bu tarixi
hadisənin dərinliyi onun sıravi vətəndaşlar tərəfindən
necə dərk olunmasında təzahür edir. Bakıda
qarşınıza çıxan hər kimdən soruşsanız
ki, onların nəzərində 20 Yanvar nə deməkdir,
çoxları tam səmimiyyətlə deyər ki, bu tarix
yeni Azərbaycanın milli müqəddərat şüurunun
yaranmasının mühüm mərhələsidir. Faktiki
müstəqillik zaman etibarilə bir qədər sonradan əldə
edildiyinə, sovet tolerant dünya duyumunda çat yaranması
isə daha əvvəl - Qarabağ münaqişəsi nəticəsində
baş verdiyinə baxmayaraq, azərbaycanlıların əksəriyyəti
üçün məhz 20 Yanvar hadisələrindən sonra
sovet tarixi birdəfəlik sona çatmışdır. Təsadüfi
deyildir ki, bu hadisəni "qara günlər"
adlandırırlar. Təəssüf ki, bu hadisələr
iyirminci əsrdə ümumi sovet evinin öz ruhuna görə
yetərincə parlaq və novator dövründə depressiv
minor nota kimi iz qoymuşdür...
A.Karavayev
qeyd edir ki, qəribədir, bir neçə nəslin
yaddaşında nisbətən yaxın dövr olan sovet
keçmişi bizdə indiyə qədər ağ-qara rənglərlə
təsvir edilir. Bəlkə də bu onun nəticəsidir ki,
biz dönə-dönə həmin dövrü qiymətləndirməyə
və indiki hakimiyyət sisteminin sovet sistemindən
"pis", yoxsa "yaxşı" olduğunu söyləmək
üçün meyarlar qurmağa
çalışırıq. Çoxumuzun nəzərində
parlaq, canlı, pozitiv xatirələrin zaman keçdikcə
aydınlaşması üçün vaxt lazımdır. Biz
bu mərhələdən keçmişik, onu
yaşamışıq. Bir vaxtlar bənzərsiz məişət
atmosferi və yüksək mədəniyyəti ilə
seçilən gözəl, beynəlmiləlçi və
çoxdilli Bakı həmişəlik yaddaşımızda
qalacaqdır. Çox təəssüf ki, bu kosmopolit cənnətin
son aksenti belə bir vəhşi dramın təsiri ilə
korlanmışdır. Lakin bunlar eyni bir reallıqda mövcud
olan iki faktdır. Onların biri digərinin üstündən
qələm çəkə bilməz.
Bundan
əlavə, 1990-cı ilin yanvar hadisələrindən yeni,
başqa sosial ölçülü Bakı
yaranmışdır. Şəhər sakinləri o faciənin
odundan-alovundan ibrət dərsi aldılar: onların şəhərində,
onların ölkəsində bir daha belə hallar təkrarlanmamalıdır.
Öz göydələnləri, dünya şöhrətli
şirkətlərin ofisləri, bankları, mağazaları və
küçə trafiki ilə seçilən yeni şəhər
öz inkişafında yenidən dərk edilmiş sovet irsindən
uzaqlaşmışdır. Hər kəs 20 Yanvar
gününü xatırlayarkən başa düşür
ki, hakimiyyət öz xalqına münasibətdə belə
bir təcrübənin bir daha təkrarlanmasına yol verə
bilməz. Azərbaycanda həyatın bütün təzahürləri,
insanın fərdi hüquqları ən ali dəyər kimi
qiymətləndirilir, tanklar, yaxud totalitar maşın bu dəyərləri
ayaqlaya bilməz. Müasir Rusiya üçün də
Bakıdakı "Qara Yanvar" hadisələri müəyyən
mənada ibrətamiz rol oynayır. 1990-cı il fevralın 4-də
təxminən yarım milyon nəfərdən ibarət
demokratik dəstə Krım körpüsündən indiki
Manej meydanına qədər piyada yürüş etmişdi.
Yürüş iştirakçıları Sov.İKP-nin
inhisarçılığına son qoyulmasını, yeni
ittifaq müqaviləsi bağlanmasını, mətbuat
haqqında yeni qanun qəbul olunmasını tələb
edirdilər. Bu cür tələblər Kreml
divarlarının lap qarşısında səslənsə də,
güc qurumları Moskvada qanlı qırğın törətməyə
cəsarət etmədilər. 1991-ci il 18-19 avqust hadisələrini
yada salaq: ucqarlarda imperiyanın təzyiqinin neqativ təcrübəsini
anlamış Kreml artıq paytaxtda buna oxşar reaksiya
üçün siyasi əzmə malik deyildi. Rusiya
imkanlarını özünün inkişafı
üçün cəmləşdirmişdi və bu,
sanballı nəticələr verdi. Müəllif yazır ki,
20 Yanvar sovet sosial məkanının dağılmağa
başladığı bir an kimi bizim üçün yeni
start mövqeləri müəyyən etmiş və belə
bir sual qoymuşdu: biz yeni şəraitdə birgə olmağa
hazırıqmı? Biz ərazi sərhədlərini müəyyən
etmişik, indi müxtəlif dövlətlərdə
yaşayırıq. Müxtəlif milli ritmlərə tabe
olmuşuq. Bütün bunlar ölkələrimizin tarixində
bir növ demarkasiya xəttinə çevrilmiş 20 Yanvar
tarixi-siyasi rubikonunun təkamülünün nəticələridir.
Lakin biz müxtəliflikdə eyni əlamətlər
tapdıq. Rusiya və Azərbaycan əsl
qarşılıqlı faydalı tərəfdaşlıq
münasibətləri qururlar. Bunun üçün
makroiqtisadi göstəricilərə nəzər salmaq kifayətdir.
Biz yuxarıdan məcburiyyət olmadığı halda yeni
humanitar layihələri mənimsəyir, müştərək
modernləşmə ideyalarını inkişaf etdirir, xarici
bazarlarda və öz aramızda bərabər hüquqlar əsasında
ticarət edirik. Biz əvvəlki kimi birgə
yaşayırıq: Rusiya azərbaycanlılarının
sayına və Rusiya iqtisadiyyatında onların roluna fikir
verin. Nəhayət, biz rəsmi status tətbiq edilməsinə
zərurət olmadığı halda eyni dildə
danışırıq, rus dili azərbaycanlıların sosial
kommunikasiyası və inkişafı üçün bəlkə
də əsas mexanizmdir. Bu o deməkdir ki, biz bir-birimizi daha dərindən
anlamağa və buna görə də rəsmi şərhlərə
ehtiyac duyulmayan ortaq tarixi yaddaşımızı daha aydın
və ziddiyyətsiz qiymətləndirməyə səy
göstəririk.
Azərbaycan.-2013.- 19 yanvar.- S.5.