Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət

 

Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar

 

 Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələrindən 23 il ötür. Ən yeni tariximizin qan yaddaşı kimi unudulmayan 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya göstərdi, milli azadlıq hərəkatının mətin addımlarla  müstəqillik hədəfinə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ildə xalq əliyalın, fəqət sarsılmaz iradə ilə başdan-ayağa silahlanmış qəddar sovet hərb maşınına qarşı duraraq imperiyanın Azərbaycanın milli azadlıq hərəkatını susdurmağa yönələn cəhdlərini tamamilə boşa çıxardı.

Bu mənada, 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın müasir tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsi idi. 20 Yanvar özümüzü bir millət kimi tanıyan və dərk edən gündür. Həmin hadisələr günahsız insanların amansız formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan hər bir Azərbaycan vətəndaşının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən o vaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Bu qanlı tarix - 20 Yanvar faciəsi SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu.

Tarixi prizmadan yanaşdıqda aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Respublika vətəndaşları mərkəzin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etirazlarını bildirdi, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb etdi. Bu zaman ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın müqavimət əzmi artmışdı. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda bu hərəkatın qarsını müəyyən qədər alsa da, əhalinin içində olan narazılığı qətiyyən boğa bilmədi. 1989-cu ildən etibarən ümumxalq etirazları yenidən bütün respublikanı bürüdü.

1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridildi. Bu isə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən "İnsan hüquqlarının ümumi Bəyannaməsi", "Vətəndaş və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktların, habelə keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyalarının kobudcasına pozulması demək idi. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Ordu hissələrinin tərkibində Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da var idi.

SSRİ DTK-sının "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək artıq xeyli adam öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativdüzgün qiymət verən ilk vətənpərvər lider oldu. Psixolojiruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar ulu öndərin Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanın şahidi oldular. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinqə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi: "Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".

Burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması qarşıya qoyuldu. Həmin məsələ ümummilli liderin fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxladı. Ulu öndər Heydər Əliyev həmişə bu mövqedə olmuşdur ki, xalqa qarşı törədilən hər hansı cinayət cəzasız qalmamalıdır. Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi- siyasi qiymət də 1991-ci ilin noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda (1991-ci il 21 noyabr) 20 Yanvar Milli Matəm günü kimi qeyd olundu. Sənəddə ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalandı və onların birbaşa məsuliyyət daşıdıqları göstərildi. Bu, əslində, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi. Qəbul olunan sənəddə həmçinin göstərilirdi ki, respublika rəhbərliyi xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin nə qədər cəsarətli və Vətənini, xalqını sevən, bu yolda ən ağır mübarizədən belə çəkinməyən fenomen şəxsiyyət olduğunu təsdiqləyir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin qarşıya qoyulması günün tələbi oldu. Çünki bu hadisə Azərbaycan tarixində özünün dolğun mənzərəsini əks etdirməli idi. Ümummilli lider dövrün mürəkkəbliyinə və işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə ciddi məşğul oldu. Ulu öndər Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Aparılan ciddi  araşdırmalardan sonra 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclası keçirildi. Ulu öndər həmin iclasda Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu sənəddə yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində qərarın özünü doğrultmadığını nəzərə çatdırdı, onun səthi, başdansovdu hazırlandığını ciddi tənqid etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şuraüçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi, yenə də deyirəm, xəyanətdir".

20 Yanvar hadisələrinin əsl mahiyyəti də məhz böyük strateqin  təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. Ümummilli liderin 2000-ci ildə, 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.

20 Yanvar hadisələrində müəyyən qurbanlar verilsə də, həmin faciəli günlər inam və sınaq günü kimiyadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi.

Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə hər zaman diqqətlə yanaşdı. Elə bu məqsədlə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə inşa olundu. Ulu öndər bu abidənin ucaldılmasını şəhidlərin qarşısında Azərbaycan xalqının müqəddəs və mənəvi borcunun yerinə yetirilməsi kimi dəyərləndirirdi. 1998-ci ilin oktyabrında abidənin açılışında Heydər Əliyev dedi: "Mən çox məmnunam ki, ötən illərdə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün və onların qəhrəmanlıq nümunələrini Azərbaycanda təbliğ etmək üçün, gənc nəslə, yeni-yeni nəsillərə çatdırmaq üçün bütün işləri görmüşükbundan sonra da görəcəyik".

Ölkə rəhbəri tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalanmışdır. 2000-ci il 17 yanvar tarixli fərmana əsasən 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü 15 yanvar tarixli sərəncamla əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır.

Prezident İlham Əliyev də bu ənənəyə sadiq qalaraq Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, dövlət başçısı hər il Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir.

20 Yanvar tarixi xalqımızın qan yaddaşı kimi bu gün respublikada böyük ehtiramla anılır. Orta ümumtəhsil məktəblərinin şagirdlərinə, ali məktəb tələbələrinə hadisənin baş vermə səbəbləri, mahiyyəti geniş izah edilir, bütün bunlar da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir. Bütövlükdə Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canını fəda etmiş  vətəndaşları ilə fəxr edir, onların xatirəsini əziz tutur.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.6.