«20 Yanvar» Cəmiyyəti
üçün yeni qərargah istifadəyə verildi
20
Yanvar faciəsindən artıq iyirmi üç il
ötür. Xalqımızın qan yaddaşına
yazılmış bu tarixi faciə ölkəmizin hər
yerində olduğu kimi, paytaxtın Səbail rayonunun idarə
və təşkilatlarında, ali və orta təhsil müəssisələrində
də geniş qeyd olunur.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbərinin
"20 Yanvar faciəsinin iyirmi üçüncü
ildönümünün keçirilməsinə dair tədbirlər
planı haqqında" sərəncamı əsasında Səbail
Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər
hazırlanmış və faciənin
ildönümünün geniş şəkildə qeyd
olunması nəzərdə tutulmuşdur. Rayonun ali və orta
təhsil müəssisələrində silsilə tədbirlər
keçirilmişdir.
Dövlət
başçısının tapşırıqlarına əsasən
xalqımızın inanc yeri olan Şəhidlər xiyabanı
kompleksinin bir hissəsində aparılan əsaslı təmir-yenidənqurma
işləri ilə əlaqədar burada yerləşən, təbii
faktorlardan yararsız hala düşmək təhlükəsi
yaranmış "20 Yanvar"
Cəmiyyətinin və Azərbaycan Vətən Müharibəsi
Veteranları Birliyi Səbail rayon şöbəsinin qərargahlarının
yerində möhkəmləndirmə və ərazinin yeni
layihə əsasında yenidənqurulması işləri
aparıldığı üçün başqa yerə
köçürülməsi zərurəti
yaranmışdır. Bununla əlaqədar yeni layihə
hazırlanaraq ictimai təşkilatlar
və eləcə də Xiyabana xidmət göstərən
ayrı-ayrı təşkilatların işçiləri
üçün yeni inzibati bina inşa olunmuş, Səbail
Rayon İcra Hakimiyyəti tərəfindən hər cür
lazımi ləvazimat və avadanlıqlarla təchiz
olunmuşdur. İctimai təşkilatların xidməti
otaqlarında tərtibat işləri görülmüş və faciənin ildönümü ərəfəsində
Xiyaban kompleksindəki ictimai təşkilatlar üçün
nəzərdə tutulmuş bina istifadəyə
verilmişdir.
Dünən
isə Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə rayonun ictimai təşkilatlarının, Sosial
Müdafiə Fondu, "20 Yanvar" Cəmiyyəti və
Veteran Təşkilatları Şurasının nümayəndələrinin
iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri
və faciə zamanı əlil olmuş rayon sakinləri ilə
məhz bu yeni inzibati binada görüş keçirildi. Tədbirdə
çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov qeyd etdi ki, bu faciə
xalqımızın qan yaddaşında əbədi həkk
olunub. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın
çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri
müasir tariximizin qəhrəmanlarıdırlar. Ümummilli
lider Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı
şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza
diqqət və qayğısını əsirgəməyib.
Onun səyləri ilə faciə qurbanlarının ailələri
və 20 Yanvar əlilləri dövlət tərəfindən
hər cür diqqət və qayğı ilə əhatə
olunublar. Natiq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
ölkəmizin azadlığı və müstəqilliyi
uğrunda şəhid olmuş və
sağlamlığını itirmiş şəxslərə
qayğının hər zaman
diqqət mərkəzində olduğunu, onlara verilən
təqaüd və müavinətlərin artırıldığını
və bu artımın gələcəkdə də davamlı
olacağını qeyd etdi.
Səbail
Rayon İcra Hakimiyyətinin başçısı şəhid
ailələri və 20 Yanvar əlillərinin məişət
qayğıları və problemləri ilə maraqlandı. Tədbirin
sonunda RİH tərəfindən şəhid ailələri və
əlillərə maddi yardım göstərildi və ərzaq bağlamaları təqdim olundu.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 19 yanvar.- S.6.