O GECƏ...

 

O şənbə gecəsi yel qalxdı birdən,

Közün üstündəki külü üfürdü.

Babək fərəh ilə qalxdı qəbirdən,

Hər igid gözündə özünü gördü.

O şənbə gecəsi bir şimşək təki

Gözlər parıldadı...

 

                 sinələrdəki

Gözlə görünməyən dağlar göründü.

Hünər məqamında bir qoça döndü

Ələ öyrədilən hər körpə quzu.

Babəkin varisi olduğumuzu

Göstərdi dünyaya...

 

             Eşq olsun sizə!

Siz layiq oldunuz öz irsinizə.

 

Gəldi ürəkdəki arzular dilə,

Silahı məhəbbət, son sözü Vətən.

Şəhidlər göstərdi ölümləriylə,

Ölüm aşağıdır Vətən eşqindən.

 

Dünya o dünyadır, bir həqiqəti

Çarmıxa çəksə də min böhtan, riya!

O gecə basanda zülm ədaləti

Haqqın naləsindən diksindi dünya.

 

Adımız dolaşdı bütün dünyanı,

Çox da ki ağımız qara yozuldu.

Bizim şəhidlərin tökülən qanı

Haqqın kitabında imzamız oldu.

 

Baxıb sinələrdən axan al qana

Buludlar kişnədi, göy qan ağladı.

O şənbə gecəsi Vətən başına

Elə Vətən boyda qara bağladı.

 

Dözdü böhtana da, dözdü şərə də,

Yedi şəkər kimi hər dərdi xalqım.

Azadlıq yolunda ölümlərə də

Hazır olduğunu göstərdi xalqım!

 

Azadlıq verilmir, alınır, dayan!

Onun elçisidir ölüm, qan-qada.

Ölümə, cəfaya hazır olmayan

Millət hazır deyil azadlığa da.

 

Yalın əllər ilə tanklar üstünə

Atılan cavanlar, eşq olsun sizə!

Siz təsdiq etdiniz azadlığın da

Halal olduğunu millətimizə!

 

Şəhid rütbəsinə qalxan cavanlar,

Sinəsi hər zülmə qalxan cavanlar

Böyük Nəsiminin, ulu Babəkin

Xeyir-duasını aldı o gecə.

Zamandan irəli sıçrayıb yəqin,

Tarixdə tarixtək qaldı o gecə.

 

 

Bəxtiyar VAHABZADƏ

 

Azərbaycan.-2013.- 20 yanvar.- S.1.