Binəqədidə şəhidlərin xatirəsinə həsr olunmuş «Güllə yağışı» abidə kompleksi ucaldıldı

 

Xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar tarixi faciəsi ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Binəqədi rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində də geniş qeyd olunub.

Dünən rayon ictimaiyyətinin iştirakı ilə Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış parkın və "Güllə yağışı" abidəsinın açılışı oldu. Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdi. Tədbir iştirakçıları da abidənin önünə gül dəstələri düzdü.

20 Yanvar şəhidlərinin anım mərasimi Binəqədi Rayon İcra Hakimiyyətinin binasında davam etdirildi. "20 Yanvar" cəmiyyətinin nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələrinin və faciə zamanı əlil olmuş rayon sakinlərinin iştirak etdiyi görüşdə onların problemləri, qayğıları, təklifləri dinlənildi. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, 20 Yanvar xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsidir və bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Dünyaya gələn hər bir insana şəhid olmaq nəsib olmur. Şəhidlik qazanmaq müqəddəs bir zirvəyə ucalmaq deməkdir. Rayonda yaşayan hər bir şəhid ailəsinə xüsusi diqqət və qayğı göstərilir və bu dəstək daim davam edəcəkdir.

Bildirildi ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsində şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməyib. Ulu öndərin səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davamlı olacağı qeyd etdi.

Mərasimin sonunda RİH tərəfindən 45 nəfər 20 Yanvar əlilinə və 18 şəhid ailəsinə maddi yardım göstərildi və  ərzaq bağlamaları  təqdim olundu.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 20 yanvar.- S.5.