Gözlə məni, gələcəyəm
Şəhid
qadınının ömür hekayəti
Yaşı 50-ni haqlayan qadın Şəhidlər xiyabanında sıra ilə düzülən məzarlardan birinin önündə diz çökdü. O, taqətdən düşən barmaqları ilə sinədaşını nəvazişlə oxşadı, sığal verdi. Gözləri doldu, xatirələrin əlindən tutub keçmişə qayıtdı:
"Bu gün sənin axırıncı dəfə evdən çıxdığın gündür, əzizim! O gündən nə az, nə çox - düz 23 il keçib. Amma mənə elə gəlir ki, 90-cı ilin yanvarından cəmi bir gün ötüb. Heç nəyi unutmaq olmur! Qış soyuq olmasa da, insanlar müdhiş hadisələrin vahiməsindən üşüyürdü. Yadındadırmı, ayın 15-i təmirdən sonra ilk dəfə öz evimizə girdik. Ürəyimiz əsirdi təzə yurda köçmək üçün! Anan uşaqları soyuq olar deyə buraxmaq istəmirdi. Sən razı olmadın, birini öz qucağına aldın, birini mən götürdüm, böyüyü də öz ayağı ilə gəldi. Evdə hər şeyi yerləşdirəndən sonra atanın şəklini məndən soruşub evin yuxarı başından asdın. Özün də kövrəldin ki, ata görmədin: "Kaş uşaqlarım mənim həyatımı yaşamasın" dedin. Ancaq şəkildə sənin atanın baxışlarında qəribə bir nisgil, ümidsiz bir kədər var idi. Elə bil oğlunun da onun aqibətini yaşayacağını bilirdi! Ancaq sakitcə divardan asılıb gözləyirdi.
17-si
qızımızın ad günü idi. Həmin günü
Bakı təlatümlərlə çalxalanan dənizi
xatırladırdı. Sən də narahat idin, gecə
bacını qoymadın getsin, "sabah özüm səni
ötürərəm"
dedin. Səhərə qədər oturduq, söhbət
etdik, yata bilmədik. Artıq çoxu nəyinsə baş
verəcəyini gözləyirdi. Bircə üç
balamız yatmışdı.
Yanvarın
20-sinə keçən gecə işdən gələn kimi əynini
dəyişib bir tikə çörək yedin, yenidən
qalın geyinib çıxanda elə bil ürəyim qopub yerə
düşdü. Qarşıdan gələn faciədən xəbərsiz
olsaq da, üzüntülər içindəydim, sanki məni
daş dəyirmanından çəkib buraxırdılar. Getməyini
istəmirdim, tutub saxlamağa, yolunu kəsməyə də
heyim qalmamışdı, dilim lal olmuşdu! Sən dedin ki,
narahat olma, uşaqlar şəhərin girəcəyindəki
kazarmanın qarşısına yığışacaqlar, mən
də ora gedirəm. Termosa çay tökdürtdürüb,
özünlə götürdün. Qapıdan çıxanda
mənə baxıb:
- Vəziyyət yaxşı deyil, -
dedin, - qoşun yeridiblər, köpəkuşaqları şəhəri
tutmaq istəyir. Növbə çəkəcəyik, səhərə
yaxın qayıdacam. Qorxma, uşaqlardan muğayat ol...
Yata bilmədim,
gecədən xeyli keçəndə atışma səsinə
ayıldıq. Elə bil müharibə idi. Qızlar qorxudan mənə
sarılmışdılar. Küçədəki tankların
səsindən adamın bağrı yarılırdı. Arabir
pəncərələrə dəyib şüşələri
çilik-çilik edən güllələrin səsi gəlirdi.
Səni fikirləşirdim, sənin üçün qorxurdum,
Tanrıya yalvarırdım ki, sənə bir şey
olmasın.
Saat 3-ə
qədər divanın böyrünə qısılıb
oturduq. Bayırdan ara-sıra qışqırıq səsləri
gəlirdi. İşıq sönmüşdü, qaz kəsilmişdi.
Səndən bir xəbər gəlmədiyini görüb səhərə
yaxın uşaqları qonşunun yanında qoyaraq bayıra
çıxdım. İlahi, küçələr nə
günə düşmüşdü! Hər tərəf
tankın tırtıllarından dağılmışdı,
səkilərdə qan izi adamı vahimələndirirdi. Bir
qadın sovet əsgərinə yaxınlaşıb nəsə
soruşmaq istəyəndə onu geri itələdilər,
ayağa qalxmaq istəyəndə təpikləməyə
başladılar. Qadını döyənlərdən biri erməni
dilində söyüş söyürdü. Səni heç
yerdə görmədiyimdən çarəsiz geri qayıtdım
ki, uşaqlara baxım.
İzsiz,
soraqsız itdin, nə qədər axtarsaq da, tapa bilmədik səni!
2 gündən sonra, yanvarın 22-də iş
yoldaşların bizə gəlib səni soruşdular və
geyinib onlarla getməyimi xahiş etdilər.
Semaşko
xəstəxanasında tanınmaz hala düşən onlarca
meyit gördüm. Yaralıların
qışqırığı, ah-naləsi dünyanı
başına götürmüşdü. Onların
arasında səni görmədiyimə sevindim. Bayıra
çıxanda tibb bacısı iş yoldaşına
ağlaya-ağlaya deyirdi ki, hündürboy oğlanın bədənini
tank tanınmaz hala salıb, amma cibindən uşaq şəkli
çıxıb. Kimin şəkli olduğunu soruşanda: -
"1-2 aylıq uşaqdı", - dedi. Geri qaçdım,
göz yaşları içində boğula-boğula həkimlərdən
şəkli istədim. Oğlumun əzik qanlı şəklini
görəndə özümdən getdim. O vaxtdan bu yana
yüz dəfə ölüb-dirilmişəm, necə
yaşamağıma, sağ qalmağıma inana bilmirəm!
Sənsiz
yaşamaq olmurdu, bacarmırdım sənsiz
yaşamağı! Az qala ağlımı itirmişdim.
Yaşamaq elə çətin idi ki, onun yanında
ölüm bal kimi şirin görünürdü! Evdə dəli
kimi gəzirdim, uşaqlar da gözümə
görünmürdü. Çətin günlərimdə
anan həyan durdu, köçdü gəldi bizə. Mən də
Fərizə kimi həyatla vidalaşmağa
hazırlaşırdım. Bütün ölkə yas
içində idi, bir adamın ölümü heç
hissolunan deyildi. Anan ağbirçək kimi məni uşaqlara
bağlamaq, geri qaytarmaq istəyirdi. Bir dəfə uşaqlar
yatandan sonra məni mətbəxə çağırdı.
Ağlayırdı, sən yuxusuna gəlib onu oyaq
salmışdın ki, məndən muğayat olsun, qoymasın
özümü öldürüm...
İndi
inanıram ki, şəhidlər doğrudan da ölmür! Sən
ölümündən sonra məni xilas etdin, uşaqları
qaldırmağa güc, qüvvət verdin. Yalnız sənin
şəhid ruhunu uca tutmaq, sevindirmək üçün
qanadlarımı balalarımın üzərinə çəkdim.
Sənin işlədiyin idarəyə getdim. Məni işə
götürdülər. Böyük qız məktəbə
gedəndə bütün kollektiv gəlmişdi.
İndi
evimizdə sənin şəklini yuxarı başdan
asmışam. Hər dəfə baxışlarımız
qarşılaşanda səsini eşitmək, hərarətini
duymaq arzusu keçir ürəyimdən. Uşaqlar da şəklinə
baxmaqdan doymurlar. Şəhidliyinlə qürrələnir,
yetim saymırlar özlərini.
Həmişə
səni soruşurlar, Vətən yolunda necə şəhid
olmağından danışmağımı istəyirlər.
Sən ölümündən sonra da balalarına dayaq oldun!
Sənə
olan bir əhvalatı danışmaq istəyirəm. Onda
uşaqlar balaca idilər, soyuq bir qış gəlmişdi.
Şəhər qardan üstünə yorğan çəkmişdi.
Qızların öz aralarında
pıçıldaşdılar, qalın adyalı
büküb bağlamaq istəyəndə soruşdum ki,
neynirsiz? Balaca qızım doluxsundu ki, ana, gedək atanın qəbrini
bükək, soyuq olmasın ona!
Aradan
neçə il keçsə də, bu səhnəni
xatırlayanda indi də göz yaşlarımı saxlaya bilmirəm.
Biz səni belə sevdik, belə əzizlədik. Aradan 23 il
ötsə də, bir an belə səni unutmadıq! Oğlun
da sənin adını daşıyır. Qızlar da onu bu
günədək elə sənin əvəzinə
"ata" deyə çağırırlar!
Yay tətillərində
çox vaxt doğulub-böyüdüyün kəndə
gedirik. İndi ata yurdunda qardaşın yaşayır. Sən
şəhid olandan sonra o da Rusiyadan qayıtdı, orduya
yazıldı, Qarabağ müharibəsində qəhrəman
kimi döyüşdü.
Anan: -
"Odu, oğlum gəlir", - deyib bu dünya ilə təbəssümlə
vidalaşdı. Gecə yuxuma gəldin! İkiniz də
çiçəklərlə haşiyəyə alınan
yaşıl bir vadidə qoşa dayanmışdınız. Sən
gülümsədikcə durduğunuz vadi sehrli xalça kimi
uçub sizi qeybə aparırdı. Dalınca kəlmə kəsib,
səsini eşitmək üçün qaçanda yuxudan
oyandım.
Yenə də
əvvəlki kimi təkliyimə söykənib
yaşayıram, yenə hər yuxuya gedəndə səni
görmək arzusu ilə gözlərimi yumuram. İllər
sel kimi axır gedir, qocalıram.
Uşaqların
üçünün də ali təhsili var. Böyük
qızın həkim, kiçiyi müəllimdir. Böyük
qızın keçən il toyunu etdik. Oğlun Mübariz
İbrahimovun qəhrəmanlığından sonra hərbiçi
olacağına qərar verdi. Sənin kimi inadkar və
qorxusuzdur! İçi qisas eşqi ilə
alışıb-yanır! Sənin və bütün şəhidlərimizin
qisasını alacağına and içib. Mən səni
getdiyin yoldan qaytara bilmədimsə, onu da qaytarmağa kimsənin
gücü çatmayacaq.
Şəhidliyə
ucaldığın gündən 23
il keçib. 23 ildir ki, ara-sıra yalnız yuxularımda
səni görürəm. Zaman kibrit çöpü kimi tez
yanıb qurtarır. Anamı itirəndən ən çox
qorxduğum qəfil ayrılıqlardı. O da məni
ömrü boyu təqib edir.
Həyatım
boyu "ayrılıq" sözündən xoşum gəlməyib.
Məndən olsa, onu dilimizdən çıxarıb
atardım. Ayrılıqların hökm sürdüyü
ürəklərdə, necə deyərlər, göy ot bitməz.
Mənimsə qəlbimdə sənin arzuların bitir, göyərir.
Neçə il keçsə də, mən sənin
ayrılığına inanmıram. Çünki sən mənim
həyatımda qəhrəman bir ər kimi yaşayırsan,
canımda, ruhumda çırpınırsan. Ürəyimdən
əziz, diləyimdən istəkli, xəyallarımdan itisən.
Şəhidliyindən 23 il ötsə də,
ölümünə inanmıram, yenə də yolunu gözləyirəm,
nə vaxtsa qayıdacağına inanıram. Ölkədə
mənim kimi yüzlərlə qadın xatirə və xəyalların
gücünə yaşayır. Həyatda ən çox
qorxduğum isə yaddan çıxmaq və unudulmaqdır!
Bircə sən məni unutmağa tələsmə, heç
olmasa, yuxularımda tənha buraxma məni! Ömür də məni
tələsdirir, sənə tərəf qovur. Bu
görüşü də mən Rəbbin hədiyyəsi
kimi gözləyirəm".
O, qəflətən
yuxudan oyanmış kimi diksindi, ətrafına baxdı. Kiridi,
toxtadı ki ürəyindəkiləri heç kim eşitmədi.
Onu da tanıyan olmadı! Burada yatan şəhidlər
doğmalarından çox yadları, qəribləri
görürlər.
Akif ƏLİYEV
Azərbaycan.-2013.- 20 yanvar.- S.5.